Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3487/2022 01.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin tutulması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-2726/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanədək saxlanması üçün cavabdehdən unun xeyrinə 193 manat və uşağın əlavə xərcləri üçün 100 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahları Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2726/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, xx.xx.2019-cu il təvəllüdlü X7 onun yanında qalması və yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən onun xeyrinə 175 manat, uşağın əlavə xərcləri kimi 50 manat alimentin ödənilməsi qət edilmişdir. Heç yerdə işləmir və bu gün üçün 175 manat aliment məbləği uşağın normal saxlanması üçün kifayət etmir. Oğlu körpədir, tez-tez xəstələnir və onun müəyyən müalicələrə və günü-gündən müəyyən artıq xərclərinin çıxmasını sübut etməyə ehtiyac yoxdur. Uşağın kiçik yaşda olmağını nəzərə alaraq onu tək qoya bilmədiyi üçün özü də heç bir yerdə işləyə bilmir. Lakin cavabdeh uşağının səhhəti ilə maraqlanmır, nəinki əlavə ödənişlər, hətta aliment ödənişlərini belə etmək niyyəti yoxdur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə bunu mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, izahatında oğlu olan cavabdehin 2-ci dəfə ailə qurmasını və 2 uşağının olmasını, bu səbəbdən də tələb olunan alimenti ödəməyə imkanının olmadığını göstərdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsi izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-2726/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah pozulmuş, xx.xx.2019-cu il təvəllüdlü X7 anasının yanında qalması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat, uşaq 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh X4 doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X5 və X2 atası hesab olunmuşdur. xx.xx.2022-ci il tarixli MBŞ/3-00737 saylı ilkin mediasiya sessiyasinda iştirak edilməməsi barədə arayış iddia ərizəsinə əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Məhkəmə hesab edir ki, iddiaçı alimentin məbləğinin dəyişdirilməsinə dair tələb irəli sürməkdə haqlıdır. Bununla yanaşı, iddiaçı aliment təyin edildikdən sonra cavabdehin maddi vəziyyətində tələb olunan məbləğdə aliment ödənilməsi üçün dəyişikliyin baş verməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Ona görə də uşağın mənafeyi, cavabdehin digər nikahdan iki uşağının olması nəzərə alınaraq iddia tələbi alimentin artırılması hissəsində qismən təmin edilməli, cavabdehdən uşağın saxlanması üçün hər ay 185 manat sabit pul məbləğində alimentin tutulması qət edilməlidir. Bu məbləğ tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına əsas verir. Qeyd etmək lazımdır ki, alimentin məbləği artırıldığı halda, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırıldığına, həmçinin iddiaçı tərəfindən cavabdehin əlavə xərclərdə iştiraka cəlb edilməsi əsaslandırılmadığından iddia tələbi əlavə xərclərinin ödənilməsində iştirak hissəsində təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. İddiaçı iddia ərizəsində uşağın tez-tez xəstələnməsini, onun müalicələrinə artıq xərclərinin çıxmasını göstərsə də, bu barədə ərizəsinə heç bir sübut əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-2726/2021 saylı qətnaməsi xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin məbləği hissəsində dəyişdirilsin. Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 185 (bir yüz səksən beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinəına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3487/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3487/2022
01.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver