Məhkəmə qərarları › İş №e-2(011)-3488/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3488/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3488/2024 17.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqavilə üzrə “Asus Vivobook” markalı kompüter və “Windows 11 home” adlı tətbiq üçün 1.900,49 (bir min doqquz yüz manat qırx doqquz qəpik) manat ödənilməmiş hissə, 190,51 (yüz doxsan manat əlli bir qəpik) cərimə, ümumilikdə 2.091 manat borcun və 40,91 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən “Asus Vivobook” markalı kompüter və “Windows 11 home” adlı tətbiq almışdır və nəticədə 2.091 (iki min doxsan bir) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuşdur və nəticədə alqı-satqı qiyməti 2.360,48 (iki min üç yüz altmış manat qırx səkkiz qəpik) manat (18 ay x 123,36 manat + 140 manat ilkin ödəniş) olan “Asus Vivobook” markalı kompüter, “Windows 11 home” üçün ümumilikdə 2.091 (iki min doxsan bir) manat olmaqla, ondan, 1.900,49 (bir min doqquz yüz manat qırx doqquz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 190,51 (yüz doxsan manat əlli bir qəp) cərimə hesablanmışdır. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən “Windows 11 home” adlı tətbiqdən xx.xx.2023-cü il tarixində imtina etmişdir və məhsul 319,99 manat qiymətləndirilərək borcdan silinmişdir. Cavabdehin xx.xx.2023-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 140 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 319,99 manat, ümumilikdə, 459,99 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödənilir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 3488/2024 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə əlaqədar icraat kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. O əlavə olaraq bildirmişdir ki, hazırda borc “Asus Vivobook” markalı kompüterə görə tələb edilir. “Windows 11 home” adlı tətbiqi cavabdeh geri qaytarmışdır və buna görə də həmin tətbiqin dəyəri tələb edilmir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 02074006 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. “Asus Vivobook” markalı kompüter və “Windows 11 home” adlı tətbiq həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında birinci qrafada göstərilmişdir. xx.xx.2023-cü il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, “Asus Vivobook” markalı kompüter və “Windows 11 home” adlı tətbiq Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli 02074006 saylı müqaviləyə xx.xx.2023-cü il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2023-xx.xx.2024-cü il tarixlərində hər ay 123,36 manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. Həmin Əlavənin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1.900,49 manat ödənilməmiş hissə, 190,51 manat cərimə borcu vardır. Həmin arayışın qeyd hissəsində göstərilmişdir ki, cavabdeh ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə müqavilənin ödəniş cədvəli üzrə 2-ci bəndinə uyğun olaraq 1% həcmində cərimə 221,4 manat (1,23 manat x 180 gün) hesablanmalı olmasına baxmayaraq müştəriyə güzəşt olaraq 190,51 manat cərimə hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC xx.xx.2023-cü il tarixli müqavilə üzrə öhdəliklərin icrası ilə əlaqədar Cavabdeh xəbərdarlıq ünvanlamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən alınmış “Asus Vivobook” markalı kompüter və “Windows 11 home” adlı tətbiq adlı məhsullardan “Windows 11 home” adlı tətbiq geri qaytarıldığından və sonunu mala görə ödənilmiş məbləğ iddia tələbləri ilə ehtiva edilmədiyindən (maliyyə arayışından görünür ki, tətbiqin dəyəri ümumi ödənilmiş məbləğə hesablanmışdır), iddia tələbləri təmin edilərək, “Asus Vivobook” markalı kompüter üçün cavabdehin ödəmədiyi borcun qalığı olan 1.900,49 manat ödənilməmiş hissə cavabdehdən tutulmalıdır. Göstərilən Məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən cərimənin 02074006 saylı müqavilə üzrə 190,51 manat məbləğində deyil, 100 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 40,91 (qırx manat doxsan bir qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli 02074006 saylı müqavilə üzrə “Asus Vivobook” markalı kompüterə görə 1.900,49 (bir min doqquz yüz manat qırx doqquz qəpik) manat əsas borc, 100 (bir yuz) manat cərimə olmaqla, cəmi 2.000,49 (iki min manat doxsan doqquz qəpik) manat pul vəsaiti və 40,91 (qırx manat doxsan bir qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar