Məhkəmə qərarları › İş №e-2(011)-349/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-349/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-349/2025 16.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSCnin xeyrinə 05E**********70 saylı kart krediti və girov barədə qarışıq müqavilə üzrə 4424.71 manat məbləğində kredit bоrcu, 338.83 manat məbləğində faiz bоrcu və 489.09 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5252.63 manat məbləğində bоrcun və ödənilmiş 72.53 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli, 05E**********70 saylı kart krediti və girov barədə qarışıq müqavilə əsasında aylıq faiz dərəcəsi 2% оlmaqla, 24 ay müddətinə müqavilə ilə müəyyən olunmuş 5000 (beş min) manat məbləğində kredit limiti açılmış və VİSA X2 Cartı verilmişdir. xx.xx.2023-cü il tarixli, 05E**********70 saylı kart krediti və girov barədə qarışıq müqavilənin 1.3-cü bəndinə əsasən, Kredit alan kredit limitindən istifadə etdiyi təqdirdə, kredit borcunu və faizləri, olduğu halda cərimələri bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində Banka ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən, faizlər hər bir kredit borcu yarandığı tarixdən başlayaraq müvafiq kredit borcunun Banka tam qaytarılması tarixinədək onun qalığı üçün hesablanır. Cavabdeh kart kredit müqaviləsinin 1.3-cü bəndini pozaraq, dəfələrlə ödənişləri yubatmış və kredit müqaviləsi üzrə hazırkı vaxtadək ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməkdən qəsdən yayınır. Cavabdeh götürdüyü kart kreditini qaytarmadığından 4424.71 manat əsas kredit borcu qalmışdır. O, kart krediti və girov barədə qarışıq müqavilənin 2.3cü bəndinə görə kreditdən istifadə üçün ödəməli olduğu faiz borcunu kreditora ödəməmiş və xx.xx.2024-cü il tarixə 116 gün üçün onun 338.83 manat məbləğində faiz borcu qalmışdır. Həmin müqavilənin 3.7-ci bəndinə görə kreditin gecikdirilməsi halında nəzərdə tutulmuş cərimə banka ödənilməlidir. xx.xx.2024-cü il tarixə 116 gün üçün hesablanmış 489.09 manat cərimə təşkil edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin tərəflər, məhkəmə iclasında iştirak etməmişdilər. Bununla belə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 05E**********70 saylı kart krediti və girov barədə qarışıq müqavilədən görünür ki, Bank Kredit alana Fərdi mikro kredit məqsədilə aylıq faiz dərəcəsi 2% olmaqla, 24 ay müddətinə 5000 manat məbləğində kredit limiti açır. Kredit alan kredit limitindın istifadə etdiyi təqdirdə, kredit borcunu, faizləri və olduğu halda cərimələri bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində Banka ödəməyi öhdəsinə götürür. Kredit alan girov qoyan qismində bu Müqavilənin 4.1.1-ci bəndində göstərilən Kart hesabında mövcud olan və gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaitlərini bu müqavilə üzrə öhdəliklərinin təminatı qismində Bank qarşısında girov qoyur. İş materiallarında olan Kartın açılması üçün sifariş ərizəsindən görünür ki, Cavabdeh İddiaçı QSC plastik kartının ona təqdim olunması və kart üzrə hesablaşmalar aparmaq üçün adına kart hesabı açılmasını İddiaçı QSC-dən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayış”ından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 05E**********70 saylı kart krediti və girov barədə qarışıq müqavilə üzrə xx.xx.2024-cü il tarixinə olan borcu 4424.71 manat əsas məbləğ üzrə borc, 338.83 manat faiz üzrə borc, 489.09 manat cərimə borcu, gecikdirilən günlərin sayı 116 gün, cəmi borc 5252.63 manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilməklə, xx.xx.2024-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka geri ödənilməsi, əks təqdirdə bu məqsədlə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 72.53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/8728 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumataları və xx.xx.2023-cü il tarixli, 05E**********70 saylı kart krediti və girov barədə qarışıq müqavilənin şərtlərinə əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixinə İddiaçı QSC-ya olan borcu ümumiklikdə 4809.42 AZN, o cümlədən: əsas borc üzrə 4404.23 AZN, faiz borcu üzrə 405.19 AZN məbləğində müəyyən edilir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 05E**********70 saylı kart krediti və girov barədə qarışıq müqavilə bağlanmışdır, həmin müqaviləyə əsasən, Cavabdeh bank tərəfindən Fərdi mikro kredit məqsədilə aylıq faiz dərəcəsi 2% olmaqla, 24 ay müddətinə 5000 manat məbləğində kredit limiti açılmışdır, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli, 05E**********70 saylı kart krediti və girov barədə qarışıq müqavilənin 1.3-cü bəndinin tələbini pozaraq ödənişləri gecikdirmişdir, həmçinin həmin müqavilənin 2.3-cü bəndinə görə kreditdən istifadə üçün ödəməli olduğu faiz borcunu kreditora ödəməmişdir, bank tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Bununla belə, qalıq borcun cavabdeh tərəfindən ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə xx.xx.2023-cü il tarixli, 05E**********70 saylı kart krediti və girov barədə qarışıq müqavilə üzrə əsas borc məbləğini müəyyən edərkən xx.xx.2025-ci il tarixli, 9/8728 saylı ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək, əsas borc məbləğini ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq (4404,23 manat) müəyyən edir. Məhkəmə xx.xx.2023-cü il tarixli, 05E**********70 saylı kart krediti və girov barədə qarışıq müqavilə üzrə faiz borc məbləğini ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğə uyğun (338,83 manat) olaraq müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən faiz məbləği iddia tələbində göstərilən məbləğdən çox olmaqla iddia tələbindən kənara çıxır, iddiaçı isə iddia tələbini həmin həddə müdafiə edir. Belə olan halda məhkəmə hesab edir ki, əsas borc üzrə 4404.23 manat, faiz borcu üzrə 338.83 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, xx.xx.2023-cü il tarixli, 05E**********70 saylı kart krediti və girov barədə qarışıq müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin isə azaldılaraq 250 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 4404.23 manat məbləğində əsas borc, 338.83 manat məbləğində faiz borcu və 250 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4993.06 manat alınaraq İddiaçı QSC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddia tələbinin qismən təmin edilməsi nisbətinə müvafiq olaraq, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia tələbinin həcmi alınmaqla, dövlət rüsumu qismində ödənilmiş 69.94 manat cavabdehdən alınaraq iddiaçıya verilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 05E**********70 saylı kart krediti və girov barədə qarışıq müqavilə üzrə 4404.23 manat məbləğində əsas borc, 338.83 manat məbləğində faiz borcu və 250 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4993 (dörd min doqquz yüz doxsan üç) manat 06 (altı) qəpik və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 69 (altmış doqquz) manat 94 (doxsan dörd) qəpik alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 100 (yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar