Məhkəmə qərarları › İş №e-2(011)-3501/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3501/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3501/2025 25.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4938.62 AZN əsas, 882.19 AZN faiz, ümumilikdə 5820.81 AZN məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 78.21 AZN pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli, GTKR2465675B113 saylı Kredit müqaviləsinə əsasən, ona 48 ay müddətinə, illik 27% faiz dərəcəsi ilə 7280 AZN məbləğində kredit verilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq, filialdan nağd qaydada əldə edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən, cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır, bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixinə İddiaçı ASC-yə 4938.62 AZN əsas, 882.19 AZN faiz, ümumilikdə 5820.81 AZN borcu qalmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin (pretenziya qaydasında həll olunma) göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Ərizədən görünür ki, Cavabdeh ona gündəlik tələbat məqsədləri üçün 7280 AZN məbləğində, 48 ay müddətinə kredit verilməsini İddiaçı ASC-dən xahiş etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GTKR2465675B113 saylı Kredit müqaviləsindən görünür ki, bank gündəlik tələbat, istehlak məqsədilə, 48 ay müddətinə, illik 27% dəərəcəsi ilə, bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəniş qrafikinə əsasən krediti ödəmək şərti ilə, borcalana kredit verməyi, müvafiq hesab açmağı öhdəsinə götürmüşdür (Müqavilənin 1-ci maddəsi). Bank kreditdən istifadə edilməsi üçün müştərinin adına 410100F**********113 saylı cari hesab və kreditin uçotunun aparılması üçün isə kredit hesabı açmağı öhdəsinə götürmüşdür (Müqaviləninj 2.1-ci maddəsi). Kredit müştərinin cari hesabına köçürmə yolu ilə verilir (Müqavilənin 2.2-ci bəndi). Bu müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri müştəri banka ödəməlidir (Müqavilənin 3.2.2-cü maddəsi). İş materiallarında olan xx.xx.2023-cü il tarixli, GTKR2465675B113 saylı Kredit müqaviləsinə Əlavə Ödəniş qrafikindən görünür ki, Cavabdeh verilən kreditin məbləği 7280 AZN, illik faiz dərəcəsi 27%, müddəti 48 ay, aylıq ödənişi hər ay üçün 249.58 AZN (yalnız xx.xx.2027-ci il tarixli sonuncu ödəniş 255.75 AZN) təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Kassa məxaric orderindən görünür ki, Cavabdeh İddiaçı ASC-nin Nizami filialı tərəfindən onun cari hesabına köçürmə yolu ilə gündəlik tələbat məqsədilə 7280 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 15/01637 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli, GTKR2465675B113 saylı Kredit müqaviləsi üzrə borcu, 4938.62 AZN əsas, 882.19 AZN faiz, ümumilikdə 5820.81 AZN təşkil edir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixli, 6-68-16/MH2016 saylı bildiriş göndərilməklə, ondan xx.xx.2023-cü il tarixli, GTKR2465675B113 saylı müqavilə üzrə kredit borcunu tam ödəməsi tələb edilmiş, əks təqdirdə barəsində qanunamüvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında Mədaxil Qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 78.21 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GTKR2465675B113 saylı Kredit müqaviləsinə əsasən, bank 48 ay müddətinə, illik 27% faiz dərəcəsi ilə 7280 manat məbləğində gündəlik tələbat məqsədilə müştəriyə kredit verməyi, müştəri isə müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəniş qrafikinə əsasən borcunu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin İddiaçı ASC-yə olan borcu, 4938.62 AZN əsas, 882.19 AZN faiz, ümumilikdə 5820.81 AZN təşkil edir. Bank tərəfindən rəsmi bildirişin (pretenziya qaydasında həll olunma) göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Bununla belə, cavabdehin müqavilə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilələri üzrə öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Beləliklə, yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər: - tərəflər, onu şəxsən imzalamaqla; - mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən); - elektron imzadan istifadə etməklə; - şəxsi imzanın başqa analoqundan istifadə etməklə. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, GTKR2465675B113 saylı Kredit müqaviləsi üzrə 4938.62 AZN əsas, 882.19 AZN faiz, ümumilikdə 5820.81 AZN məbləğində borc pul alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə isə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 78.21 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, GTKR2465675B113 saylı Kredit müqaviləsinə əsasən, 4938.62 AZN əsas, 882.19 AZN faiz, ümumilikdə 5820 (beş min səkkiz yüz iyirmi) manat 81 (səksən bir) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 78 (yetmiş səkkiz) manat 21 (iyirmi bir) qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədan, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar