Məhkəmə qərarları › İş №e-2(011)-3517/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3517/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3517/2024 11.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı2 Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı cavabdeh aralarında mübahisə yaranmamışdan bir müddət əvvəl tanış olmuşlar. Cavabdeh iddiaçıdan 16 000 ABŞ dolları məbləğində borc almışdır. Tərəflər arasında pulun verilməsi ilə bağlı hər hansı müqavilə bağlanmamışdır.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8669 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçının bank hesabına 1120 manat və 15 100 ABŞ dolları məbləğində pul vəsaitinin köçürülməsi müəyyən edilir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı cavabdehdən 3100 ABŞ dollar ödənilən günə Azərbaycan manatına olan məzənnəsi məbləğində pul vəsaitinin, 73 manat dövlət rüsumunun və 150 manat vəkil xidmət haqqının cavabdehdən alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, cavabdehlə aralarında şifahi borc sazişi bağlanmış və 16000 ABŞ dollar məbləğində pul vəsaiti iddiaçı tərəfindən cavabdehə verilmişdir. Həmin puldan 12900 ABŞ dollar pul vəsaiti cavabdeh tərəfindən müxtəlif vaxtlarda hissə-hissə olaraq qaytarılmış və 3100 ABŞ dollar məbləğində pul vəsaiti qalıq borc olaraq qalmışdır. Cavabdeh 16000 ABŞ dollar pul vəsaitini iddiaçıdan götürdüyünü etiraf edərək pulu qaytaracağına dair öhdəlik götürmüşdür. 12900 ABŞ dollar məbləğində pul vəsaitinin müxtəlif vaxtlarda cavabdeh tərəfindən hissə-hissə ödənilməsinə dair "xxxx" ASC Zaqatala filialının bank sənədi vardır və həmin bank sənədindən görünür ki, Cavabdeh sonuncu dəfə 2022-ci ildə ödəniş etmişdir. Cavabdehin iddiaçıya 3100 ABŞ dollar məbləğində pul borcu qalmışdır. Bununla bağlı məhkəməyə müraciət olunmuşdur. Məhkəmə müvafiq araşdırmalar aparmış, ekspertiza təyin etmişdir. Kifayət qədər araşdırma aparılmasına baxmayaraq axırıncı məhkəmə iclasına cavabdeh gəlmədiyinə görə o, məhkəmə işçilərinin təklifi və təkidi ilə işin dayandırılması barədə məhkəməyə teleqram vurmalı oldmuşdur. Ona görə də iş baxılmamışsaxlanmışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir. Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmişdir.

7. Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb edərək, məhkəmə iclası zamanı izahatında bildirdi ki, 16 000 ABŞ dolları məbləğind pul vəsaitini borc alıb, ancaq ekspert rəyi ilə təsdiq olunduğu kimi borcun bir qismini ödəyib. İddia tələbini qismən, 250 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi hissəsində qəbul edir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

8. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

10. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

11. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

12. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

13. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

14. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İşə baxan məhkəmənin mövqeyi:

15. Məhkəmə cavabdehin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

16. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında borcun alınması barədə yazılı formada müqavilə bağlanmamışdır. Borc müqaviləsinin anlayışını verən MM-nin 739.1-ci maddəsinin mənasından da görünür ki, borc verən tərəfindən pulu və ya digər əvəz edilən əşyaları borcluya verməklə, həmin əşyalara mülkiyyət hüququnu borc alana keçirməsi borc müqaviləsinin bağlanmasının əsas şərtlərindən biridir. İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı tələb etdiyi pul vəsaitini (pula dair mülkiyyət hüququnu) cavabdehə vermiş, cavabdeh həmin pulu qəbul etmiş, onun qaytarılması müddəti və qaydası barədə öhdəlik də götürmüş, lakin öhdəliyini yerinə yetirməmiş və pulu qaytarmamışdır.

17. Mülki Məcəllənin 740-cı maddəsində borc müqaviləsinin formasına aid tələblər göstərilmişdir. Həmin müddəada borc müqaviləsinin yazılı və ya şifahi formada bağlanmasının imperativliyi borcun məbləği və onun subyektlərin tərkibi ilə şərtləndirilmişdir. Belə ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

18. Məhkəmə qeyd edir ki, tərəflər arasında qanunla nəzərdə tutulmuş formada yazılı müqavilə bağlanmasa da, cavabdeh iddiaçıdan 16 000 ABŞ dolları məbləğində borc aldığını, həmin pulu müəyyən müddət ərzində qaytaracağlı barədə cavabdeh qarşısında öhdəlik götürdüyünü etiraf etmişdir. Tərəflər arasında iddiaçı tərəfindən borc məqsədilə cavabdehə 16 000 ABŞ dolları məbləğində pul vəsaitinin verilməsi ilə bağlı mübahisə yoxdur. Məhkəmə qeyd edir ki, bu halın cavabdeh tərəfindən etiraf edilməsi artıq iddiaçını 16 000 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehə borc verilməsi ilə bağlı faktı sübutetmək vəzifəsindən azad edir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

19. Tərəflər arasında hazırki mübahisə cavabdeh tərəfindən iddiaçıya qaytarılmış pul vəsaitinin məbləği ilə bağlıdır. Belə ki, iddiaçı cavabdeh tərəfindən borcdan 12 900 ABŞ dolları pul vəsaitinin qaytarıldığını, qalıq borcun 3100 ABŞ dolları təşkil etdiyini bildirir. Cavabdeh isə iddiaçının bu tələbi ilə razı olmayaraq iddiaçı yalnız 250 ABŞ dolları məbləğində borcunun qaldığını bildirir. Qeyd edilən halın aydınlaşdırılması məqsədilə tərəflər arasında olan əvvəlki 2(011)-144/2024 saylı iş üzrə (iddia tələbi baxılmamış saxlanılmışdır) məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8669 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçının bank hesabına 1120 manat və 15 100 ABŞ dolları məbləğində pul vəsaitinin köçürülməsi müəyyən edilir. 1120 manat məbləğində pul vəsaiti 2024-cü ilin məzənnəsinə uyğun olaraq 629 ABŞ dolları təşkil edir.

20. Məhkəmə qeyd edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, cavabdeh məhkəmə iclası zamanı ekspert rəyi ilə razı olduğunu bildirmiş, iddiaçı isə ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.

21. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, 271 (16 000 – 15 100 – 629 = 9900) ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyinə tutulmalıdır.

22. Məhkəmə həmçinin iddianın 73 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.

23. İddiaçı vəkilə ödənilən 150 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etsə də, bu dəlilini təsdiq eədəcək məhkəməyə heç bir sübut təqdim etməmişdir.

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 271 ABŞ dolları məbləğində pul vəsaiti və 73 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar