Məhkəmə qərarları › İş №e-2(011)-3521/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-3521/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3521/2024 12.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh X5 qarşı “pul” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 5550 (beş min beş yüz əlli) manat əsas borc məbləğinin, borcun gecikdirilməsinə görə illik (2 il 1 ay ) 5% hesablanmaqla 578 (beş yüz yetmiş səkkiz) manat, cəmi 6128 (altı min yüz iyirmi səkkiz) manat məbləğində pulun, dövlət rüsumunun ödənilməsinə görə 81,28 manat pulun, hüquqi xidmətə görə ödənilən 120 (yüz iyirmi) manat pulun tutularaq ona ödənilməsi barədəqətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh X6 ilə əvvəlki yaxın münasibətinə, tanışlığına etibar edərək qarşılıqlı razılaşmaya uğun olaraq 13 yanvar 2022-ci il tarixdə borc verilməsi üzrə şifahi razılaşma əldə olunmuş və cavabdeh X6 ondan 13 yanvar 2022-ci il tarixdə 2000 manat borc pul almışdır. Sonra, yəni 17 yanvar 2022-ci il tarixdə Zeynalabdin Allahyarov ona müraciət edərək əlavə olaraq ondan 4000 manat məbləğində pulu borc istəmiş, lakin həmin vaxt nəğd şəkildə pulu olmamış, lakin adına olan “Bir kart” kredit kartında pul, yəni vəsait olmuşdur. Həmin pulu, yəni 4000 manatı kartdan çıxaraq nəğdləşdirərkən komissiya haqqı və əlavə olaraq pulu karta qaytaracağı (mədaxil edəcəyi) hər günə görə faiz hesablanmalı idi. Bunu o, Zeynalabdin Allahyarova bildirmiş, Zeynalabdin Allahyarov ona demişdir ki, həmin komissiya haqqını və əlavə hesablanmış faiz pulu da ona geri qaytaracaq. Beləliklə, onlar razılığa gəlmişlər ki, iddiaçı cavabdehə adına olan “Kapital Bank”a məxsus “Birkart” kartından 4000 manat pulu nəğdləşdirərək həmin gün, yəni 17 yanvar 2022-ci il tarixdə verəcək, cavabdeh də iddiaçıya ondan daha əvvəl, yəni 13 yanvar 2022-ci il tarixdə borc aldığı 2000 manat pulu, həmçinin 4000 manat və əlavə bank tərəfindən hesablanan 100 manat pulu, yəni ümumilikdə 6100 (altı min yüz) manat pulu 14 fevral 2022-ci il tarixdə geri qaytaracaq. Yəni iddiaçının borclu ilə aralarında sadə yazılı borc müqaviləsi bağlanmış, iddiaçı borclu Zeynalabdin Allahyarova 13 yanvar 2022-ci il tarixdə 2000 manat, əlavə olaraq 17 yanvar 2022-ci il tarixdə 4000 manat pul borc vermişdir, buna dair cavabdeh, iddiaçıya yazılı qəbz təqdim etmişdir. Zeynalabdin Allahyarov iddiaçıdan pulu borc alması və 14 fevral 2022-ci il tarixdə geri qaytaracağı barədə aşağıdakı mətndə qəbzi imzalayaraq iddiaçıya təqdim etmişdir: “Mən X1 Elşən Əliibrəhim oğlundan 17 yanvar 2022-ci il tarixdə 4000 (dörd min) manat borc aldım. Əvvəldən olan 2000 (iki min) manat borcumla birlikdə fevral ayının 14-ü 6100 ( altı min yüz) manat geri verəcəyimə söz verirəm.” (Qəbz borclunun əlyazması ilə 17yanvar 2022-ci il tarixdə tərtib edilib, imzalanmışdır). Borclunun iddiaçıdan aldığı borc pulu qeyd edilən tarixdə geri qaytaracağına dair yazılı qəbzi əlyazma ilə tərtib edib imzalayaraq açıq aşkar göstərmiş olur ki, 6100 (altı min yüz) manat borc pul verməyi borclunun 14 fevral 2022-ci ildə geri ödəyəcəyi şərtilə razılaşmışdır. Əvvəldə də qeyd etdiyi kimi 6100 manat olan borc pulun 100 manatı 4000 manat pulu Allahyarov Zeynalabdinə borc kimi vermək üçün 17 yanvar 2022-ci il tarixdə "Bir kart" kredit kartından nəğdləşdirərkən bank tərəfindən hesablanan komissiya haqqı və əlavə olaraq pulu karta qaytaracağı (mədaxil edəcəyi) hər günə görə hesablanan faizdir. Baxmayaraq ki, borclu ilə arasında bağlanan sadə yazılı müqavilədə (qəbzdə) ümumi borc 6100 manat qeyd edilmiş, nəğdləşdirmə prosesində bank tərəfindən hesablanan 100 manat pulu ümumi borca daxil etməyərək, borclunun öhdəliyi üzrə iddiaçıya ödəməli olduğu 6000 (altı min) manat borc pulu tələb edir, lakin bu günə kimi cavabdeh tərəfindən ona borc verdiyi 6000 manat məbləğində olan puldan ona (iddiaçıya) yalnız 450 ( dörd yüz əlli) manat ödəniş edilmişdir. Əlavə olaraq, tərəfindən 27 yanvar 2024-cü il tarixdə cavabdeh X5 bildiriş (xəbərdarlıq məktubu) göndərilmiş, həmin məktubda müqavilə öhdəliyi üzrə 5550 manat məbləğində borcu 7 gün ərzində iddiaçıya ödəməsini xahiş etmişdir, borcu ödəmədiyi halda məhkəməyə müraciət edəcəyini, məhkəməyə müraciəti ilə bağlı çəkilən xərcləri (dövlət rüsumu, işlə əlaqədar yazışmaların poçt göndərişlərinin ödənişləri), ödənişin gecikməsinə görə hər gecikdirilmiş gün üçün illik ümumi borclu olduğu məbləğin 5 faiz məbləği, hüquqi xidmətlərə görə ödənilən məbləği cavabdehdən tələb edəcəyini bildirmişdir. Lakin borclu tərəfindən xəbərdarlıq məktubunda qeyd edilən müddət ərzində iddiaçıya heç bir ödəniş edilməmişdir. Borclu tərəfindən borc müqaviləsi üzrə öhdəliyi yerinə yetirməməsi nəticəsində iddiaçıya əlavə olaraq zərər dəymişdir. Borclu tərəfindən müqavilədə nəzərdə tutulmuş müddət ərzində 5550 manat borc puldan yalnız 450 (dörd yüz əlli) manat, eləcə də xəbərdarlıq məktubunda nəzərdə tutulmuş müddət ərzində borclu olduğu məbləğdən iddiaçıya bir manat belə ödənilməmişdir. X2 ilə iddiaçı arasında bağlanan 17 yanvar 2022-ci il tarixli sadə yazılı müqaviləydə (qəbzdə), eyni zamanda 27 yanvar 2024-cü il tarixdə cavabdehə ünvanlanan xəbərdarlıq məktubunda qeyd edilən müddət ərzində iddiaçıya dəymiş zərər ödənilmədiyindən hüquqlarının təmin edilməsi üçün məhkəməyə müraciət etməyi məqsədə uyğun hesab etmişdir. Sonda Vəkil iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılması və qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “əlyazma sənəddən” görünür ki, X6, İddiaçı Əliibrahim oğlundan xx.xx.2022-ci il tarixdə 4000 manat borc aldığını, əvvəldən olan 2000 manat borcla birlikdə fevral ayının 14-ü 6100 manatı geri verəcəyinə söz vermişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il taixdə X5 xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə vermiş olduğu cəmi 6000 manat borcdan ödənilməmiş 5550 maantın qısa müddət ərzində ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə pretenziya məktubu göndərilmişdir. İş materiallarından görünür ki, İddiaçı Əliibrahim oğlu hüquqi yardıma görə 120 manat ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********29 saylı qəbzdən görünür ki, İddiaçı Əliibrahim oğlu tərəfindən 82 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı Əliibrahim oğlu ilə X6 arasındakı xx.xx.2022-ci il tarixdə razılaşma imzalanmışdır, həmin razılaşmaya əsasən cavabdeh iddiaçıdan 6000 manat borc almış və xx.xx.2024-cü il tarixə qədər 6100 manat ödəyəcəyini göstərmişdir, həmin puldan 450 manat qaytarılmış, qalan borcu qaytarmamışdır, 5550 manat vəsait qalmışdır. 5550 manat qalıq borc 2 il 1 ay müddətinə gecikdirilmişdir. İddiaçı 5550 manat əsas borc məbləğini, borcun gecikdirilməsinə görə illik (2 il 1 ay ) 5% hesablanmaqla 578 manat olmaqla, cəmi 6128 manat vəsaiti tələb edir. Bununla belə, cavabdehin öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdehin iddiaçıdan aldığı borc məbləğindən 5550 manat borc qalması, həmin məbləği nəzərdə tutulmuş müddətdə borc verənə qaytarmağı öhdəsinə götürməsi, lakin həmin öhdəliklərini lazımi qaydada yerinə yetirməməklə iddiaçıya olan borcunu qaytarmaması, sonuncunun hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün hüquqi əsas yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.2-ci maddəsinə əsasən, əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Beləliklə məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 5550 manat məbləğində əsas borc, borcun gecikdirilməsinə görə illik (2 il 1 ay) 5% hesablanmaqla 578 manat olmaqla, cəmi 6128 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, dövlət rüsumuna görə ödənilmiş 82 manat, həmçinin iddiaçı tərəfindən hüquqi xidmətə görə ödənilmiş 120 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. X3 5550 manat əsas borc məbləği, borcun gecikdirilməsinə görə (illik 5% hesablanmaqla) 578 manat olmaqla, cəmi 6128 (altı min yüz iyirmi səkkiz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82 (səksən iki) manat və hüquqi xidmətə görə ödənilmiş 120 (yüz iyirmi) manat alınaraq İddiaçı verilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar