Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-355/2023 12.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh2, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə X3 arasında xx.xx.2015-ci il tarixdə MK/14064/53 saylı kredit sazişi bağlanmışdır. Sazişə görə iddiaçı Bəxtiyar Həsənova illik faiz dərəcəsi 22% olmaqla, 24 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 25 000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür.
2. Bəxtiyar Həsənov xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölmüşdür. 2 saylı Bakı “Asan xidmət” Mərkəzində notariat ofisi tərəfindən xx.xx.2016-cı il tarixdə V-373/2016 saylı vərəsəlik işi açılmış, cavabdehlərdən - Cavabdeh2 (ölən şəxsin arvadı), Cavabdeh1 və Cavabdeh4 (ölən şəxsin övladları) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, Bəxtiyar Həsənovdan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, 13 saylı evin, 11 saylı mənzilinə dair, hər birinə 1/3 hissədə olmaqla, vərəsələrin payları müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixli Miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh4 öz miras paylarını anaları Cavabdeh2 bağışlamışlar.
3. Həmçinin, xx.xx.2015-ci il tarixli Kredit sazişinin təminatı olaraq iddiaçı ilə Cavabdeh3 arasında eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır.
4. Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının Cavabdeh3 qarşı zamin olduğu xx.xx.2015-ci il tarixli Kredit sazişi üzrə 21565,38 manat əsas, 879,42 manat faiz olmaqla, cəmi 22444,8 manat pul tələbi barədə iddiası təmin edilmiş, həmin qətnamədən sonuncu tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-2920/2019 saylı qətnaməsinə əsasən təmin edilmiş, Qaradağ rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və Bankın iddiası vaxtında müraciət etmədiyində görə zaminlik müqaviləsinə xitam verilməsi əsası ilə rədd edilmişdir. Sonuncu qətnamədən verilmiş kassasiya şikayəti isə Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir.
5. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-355/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, AR MPM-nin 261.0.2-ci maddəsinə əsasən Cavabdeh3 münasibətdə mülki iş üzrə icraata xitam verilmişdir.
6. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
7. İddiaçı cavabdehlərdən xx.xx.2015-ci il tarixli, MK/14064/53 saylı müqaviləyə əsasən 20462,51 manat əsas, 480,05 manat faiz, cəmi 20942,56 manat borcun və 153 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizə ilə məhkəməyə müraciət etmişdir.
8. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2015-ci il tarixli, MK/14064/53 saylı müqaviləyə əsasən 20462.51 manat əsas, 480.05 manat faiz, BAL07469/12 saylı digər müqavilə üzrə isə 374,93 manat əsas borcun, cəmi 21317,49 manat borcun və 153 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bəxtiyar Həsənovla iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MK/14064/53 saylı müqaviləyə əsasən bank ona 25000 manat məbləğində kredit vermişdir. Hazırda mərhum X4 20942.56 manat borcu vardır. Bəxtiyar Həsənov xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. cavabdehlər Bəxtiyar Həsənovun qanuni vərəsələridirlər. Bəxtiyar Həsənov tərəfindən vərəsələrinə qalan miras əmlak Bakı şəhəri İH Tİ və MHQİ tərəfindən xx.xx.1997 tarixdə Bəxtiyar Həsənova verilmiş 30/20053 qeydəalma nömrəsi ilə 28 nömrəli kitabın 4161-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92.6 kv/m olan daşınmaz əmlakdan ibarətdir. Digər Cavabdeh3 Bəxtiyar Həsənovla iddiaçı arasında bağlanmış müqavilə üzrə zamin olmuşdur.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
10. Cavabdehlər, Cavabdeh2 vəkili və nümayəndəsi, Cavabdeh4 və Cavabdeh1 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək ərizədə qeyd etmişlər ki, Bəxtiyar Həsənov xx.xx.2016-cı il tarixində vəfat etmiş və xx.xx.2016-cı il tarixində Bakı şəhəri 2 saylı “Asan Xidmət” mərkəzində notariat kontoru tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən onlar mərhumun qanun üzrə vərəsəsi kimi tanınmışdır. İddiaçı tərəfindən cavabdehlərə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə 3 il müddətində məhkəməyə müraciət oluna bilərdi və buna görə də iddiaçının cavabdehlərə qarşı pul tələbinə dair tələb irəli sürməsi iddia müddəti bitdiyindən əsassızdır.
11. Digər cavabdeh, Cavabdeh3 məhkəmə baxışında bildirdi ki, iddiaçı tərəfindən ona qarşı Qaradağ Rayon Məhkəməsində iddia qaldırılmış, iddia təmin edilsə də, onun şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsi tərəfindən Bankın iddiası rədd edilmiş, Ali Məhkəmə tərəfindən isə iddiaçının kassasiya şikayəti təmin edilməmişdir. Ona görə də, ona qarşı iddiaya xitam verilməlidir.
12. Məhkəmə iclasında verilən izahatlar:
13. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, borclunun vərəsələrinin müəyyən olunması üçün notariusa müraciətlə olunub, lakin həmin ərizələri tapmadığından məhkəməyə təqdim edə bilmir.
14. Cavabdehlər, Cavabdeh2 vəkili və nümayəndəsi, Cavabdeh4 və Cavabdeh1 iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etdilər.
15. Cavabdeh3 məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçı ona qarşı bir neçə il əvvəl iddia qaldırıb, Qaradağ Rayon Məhkəməsi iddia tələbini təmin etsə də, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə qətnamə ləğv edilərək, iddia tələbi rədd edilmişdir. Ali Məhkəmə tərəfindən isə iddiaçının kassasiya şikayəti təmin edilməmişdir. Ona görə də, ona qarşı iddiaya xitam verilməlidir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 372.1 Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
18. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
19. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
20. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
21. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
22. Maddə 378. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
26. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.
27. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
28. İddiaçı hazırda X5 arasında bağlanılmış kredit sazişi əsasında cavabdehlərdən borclunun vərəsələri kimi, Cavabdeh3 isə kredit sazişi üzrə zamin olduğu üçün kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb edir.
29. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə Bəxtiyar Həsənov arasında xx.xx.2015ci il tarixdə MK/14064/53 saylı kredit sazişi bağlanmış, ona illik faiz dərəcəsi 22% olmaqla, 24 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 25 000 manat məbləğində kredit verilmişdir. Həmçinin, o da işin mübahisəsiz halıdır ki, borc alan Bəxtiyar Həsənov xx.xx.2016-cı il tarixdə ölmüş, ondan qalmış miras əmlak qanun üzrə vərəsəlik yolu ilə cavabdehlər - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 keçmiş, daha sonra isə Cavabdeh1 və Cavabdeh4 öz miras paylarını anaları Cavabdeh2 bağışlamışlar. Bu halda, Cavabdeh2 ərinin – Bəxtiyar Həsənovun miras passivi üzrə öhdəliklərinə görə də cavabdehlik daşımışdır. Çünki, Mülki Məcəllənin 1294-cü maddəsində qeyd olunur ki, payın özgəninkiləşdirildiyi halda kreditorun tələbini təmin etmək vəzifəsi payı əldə edənə həmin payın miqdarına uyğun olaraq keçir.
30. Lakin, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin verdiyi anlayışa əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyən edilən müddətdir. Hüququ pozulmuş tərəf həmin müddət çərçivəsində hüququnu müdafiə etmək üçün iddia qaldırmırsa, iddia tələbi əsaslı olsa da belə, qarşı tərəfin bu barədə verdiyi ərizə əsasında, onun iddiasının təmin edilmə imkanı aradan qalxmış olur və bu hal məhkəmə tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi ilə nəticələncəkdir (§ 17).
31. İş materiallarında olan hesabdan çıxarışa əsasən Bəxtiyar Həsənov müqavilə üzrə ödənişi sonuncu dəfə xx.xx.2016-cı il tarixdə etmiş, onun ölümündən (xx.xx.2016-cı il) sonra heç bir ödəniş edilməmişdir. 2 saylı Bakı “Asan xidmət” Mərkəzində notariat ofisi tərəfindən xx.xx.2016-cı il tarixdə V-373/2016 saylı vərəsəlik işi açılmış, cavabdehlər - Cavabdeh1, Cavabdeh2 və Nəzrin X1 üzrə vərəsələri hesab edilərək, onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı ilə mərhum Bəxtiyar Həsənov arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit sazişinin müddəti isə 24 ay, yəni xx.xx.2017-ci il tarixdək müəyyən edilmişdir. Bu halda, iddiaçı müqavilənin icra müddəti başa çatdıqdan sonra 3 il müddətinə, yəni xx.xx.2020-ci il tarixədək iddia ərizəsi ilə məhhəməyə müraciət etməli olduğu halda, xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.
32. İddiaçının nümayəndəsi məhkəmə iclasında vərəsələrinin müəyyən olunubolunmaması barədə bir neçə dəfə notariusa müraciət edildiyini, lakin onlara məlumat verilmədiyini, yalnız xx.xx.2022-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” Mərkəzində notariat ofisinin məkutubu ilə Bəxtiyar Həsənovun ölməsi barədə məlumatlarının olduğunu, başqa sözlə hüquqlarının pozulduğunu həmin vaxt bildiyini bildirsə də, məhkəmə bu dəlillə razılaşmır. Belə ki, əvvəla, iddiaçı əvvəllər notariat orqanlarına müraciət etmələrini və məlumat ala bilmədiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. 2 saylı Bakı “Asan xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli məkutubunda isə Bankın xx.xx.2021-ci il tarixli məktubuna cavab olaraq vərəsə cavabdehlər barədə məlumatın verildiyi qeyd edilmişdir.
33. Digər bir tərəfdən, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 2018-ci il tarixdə digər cavabdeh (zamin) Cavabdeh3 qarşı iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş (həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin olunsa da, apelyasiya məhkəməsi tərəfindən ləğv edilmiş və iddia rədd edilmişdir) və həmin iddia ərizəsində də Bəxtiyar Həsənovun öldüyünü göstərmişdir. Güründüyü kimi, Bəxtiyar Həsənovun ölümündən hələ 2018-ci ildən iddiaçının məlumatlı olmasına baxmayaraq, bundan sonra onun vərəsələrinin olub-olmamasının müəyyən edilməsi ilə bağlı heç bir hərəkət etməmiş, Bəxtiyar Həsənovun vərəsələri olan cavabdehlərə hələ xx.xx.2016-cı il tarixdə vərəsəlik şəhadətnaməsi verilməsinə baxmayaraq, 2018-ci ildə zamin olmuş Cavabdeh3 qarşı iddia qaldırdığı halda, digər cavabdehlərə, yəni vərəsələrə qarşı heç bir iddia qaldırmamışdır.
34. Fərz etsək ki, Bəxtiyar Həsənovun ölümündən, yaxud onun vərəsələrinin mövcudluğundan iddiaçının 2018-ci ildə xəbəri olmuşdur, bu halda da iddiaçı 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında deyilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
36. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı iddia müddətini ötürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən iddia Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 aid hissədə təmin edilə bilməz.
37. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddia müddətinin hazırkı mübahisəyə tətbiq edilməsi üçün də hüquqi əsas mövcuddur. Belə ki, qanunvericilikdə iddia müddətinin tətbiqinin, bu barədə yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında mümkün olduğu göstərilmişdir (§ 19 ).
38. Cavabdeh2 vəkili və nümayəndəsi xx.xx.2023-cü il tarixdə, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh4 isə xx.xx.2023-cü il tarixində iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər .
39. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.
40. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər iddia müddətinin tətbiqinə dair ayrıca yazılı ərizə təqdim etdiyindən və iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etmədiyindən iddia müddətinin ötürülməsi əsasına görə iddia rədd edilməlidir.
41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı