Məhkəmə qərarları › İş №e-2(011)-3551/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3551/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3551/2024 05.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdeh1, X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: MÜƏYYƏNETDİ: İşin faktiki halları:

1. İddiaçı ilə X4 arasında xx.xx.2019-cu il tarixdə 106892-PC********** saylı “Smile kredit xətt müqaviləsi” bağlanmış və müqavilə şərtlərinə görə iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə 1500 manat məbləğində kredit xətti açmdır.

2. X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür. 6 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X2 İmranovnanın qanun üzrə vərəsələri – Cavabdeh1 ½ hissə, X7 ¼ hissə və Cavabdeh2 ¼ hissə müəyyən edilmişdir. Miras əmlak buraxılış ili 2005-ci il olan “Peuceot 206” minik markalı ** OX *** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur.

İddia ərizəsinin və etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı 1423,05 manat əsas borcun və ödənilmiş 34,23 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı yuxarıda qeyd edilmiş iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə X4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 30% ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. Sorğuyla bağlı Gəncə şəhəri «ASAN Xidmət» mərkəzində notariat ofisinin 17 iyul 2019-cu il tarixli şəhadətnaməsinə əsasən cavabdehlərə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Gəncə şəhəri «ASAN Xidmət» mərkəzində notariat ofisi borcalanın hüquqi varisinin miiəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qe qaldırdıqları işlə bağlı cavabdehlər miras qalmış əmlakına vərəsəlik hüququ əsasında sahib olub.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir. Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Cavabdeh məhkəmə baxışı zamanı bildirdi ki, digər Cavabdeh2 hələ yetkinlik yaşına çatmayıb. 2022-ci ildə qızı öləndə ölüm haqqında şəahdətnaməni banka təqdim etmişlər, bank isə onlara başqa heçnəyin lazım olmadığını bildirmişdir. Ancaq, ona bildirmədilər ki, qızının borcunu o ödəməlidir. Hər ay 20-30 manat məbləğində ödəniş etməyə maddi imkanı çatır.

8. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

12. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.

13. Maddə 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

14. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

15. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

16. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sırasına daxildir.

17. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

22. Məhkəmə cavabdehin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

23. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə X4 arasında xx.xx.2019-cu il tarixdə BPM**********24 saylı kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən 36 ay müddətinə, illik 34% ödəmək şərti ilə ona 13000 manat məbləğində kredit verilmişdir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, borc alan X4 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Cavabdehlərə Gəncə şəhəri «ASAN Xidmət» mərkəzində Notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

24. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, X4 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Onun ölməsi nəticəsində övladları olan cavabdehlər Mülki Məcəllənin yuxarıda qeyd edilən müddəalarına əsasən iddiaçı qarşısında müqavilə tərəfinə çevrilməklə, ölmüş atalarının vərəsəsi kimi krediti iddiaçıya qaytarmaq öhdəliyinə malik olmuşdur. Lakin, işin hallarından da görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır.

25. Lakin məhkəmə digər Cavabdeh2 münasibətdə hesab edir ki, iddia tələbi ondan borcun tutulması hissəsində təmin edilməməlidir.

26. Belə ki, Cavabdeh2 şəxsiyyət vəsiqəsi məlumatları barədə elektron çıxarışdan müəyyən olunur ki, o, xx.xx.2006-cı il tarixdə doğulmuşdur. Göründüyü kimi, cavabdeh yetkinlik yaşına çatmadığından iddiaçı ona qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia qaldıra bilməz.

27. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.

28. Məhkəmə həmçinin, borcun yalnız Cavabdeh1 tutulması ilə bağlı qeyd edir ki, AR MM-nin 1306.1-ci maddəsinə əsasən vərəsələr kreditor qarşısında birgə borclu kimi çıxış edirlər.

29. Məhkəmə həmçinin iddianın 34,23 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi).

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 1423,05 manat borc və 34,23 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi digər cavabdehə aid hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar