Məhkəmə qərarları › İş №e-2(011)-360/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-360/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-360/2025 14.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 8.715,64 manat əsas borcun və 107.16 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 dekabr 2023-cü il tarixli Kredit müqaviləsinə əsasən ona illik 18 faiz dərəcəsi ilə 72 ay müddətinə 8.754,86 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi isə İddiaçı ASC Cavabdeh2 ilə 11 dekabr 2023-cü il tarixli Zaminlik müqaviləsi bağlamışdır. Bu müqavilənin 1-ci bəndinə əsasən zamin şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər öz üzərilərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmirlər. Cavabdeh1 02 avqust 2024-cü il tarixə İddiaçı ASC-yə 11 dekabr 2023-cü il tarixli Kredit müqaviləsinə əsasən 8.715,64 manat əsas borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdehlər tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı cavabdehlər ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini qismən qəbul etdiklərini bildirmiş və qeyd etmişlər ki, Cavabdeh2a məxsus plastik kartdan müxtəlif vaxtlarda tutulmalar olmuş, bu barədə iddia ərizəsində heç bir məlumat qeyd edilməmişdir. İşin faktiki halları: Cavabdeh1 banka ərizə ilə müraciət edərək ona kredit verilməsini xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında 11 dekabr 2023-cü il tarixdə RGTK5305339B226 saylı kredit müqaviləsi imzalanmış, müqaviləyə əsasən sonuncuya illik 18 faiz dərəcəsi ilə 72 ay müddətinə 8.754,86 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında Z-RGTK5305339B226 saylı 11 dekabr 2023-cü il tarixli zaminlik müqaviləsi imzalanmışdır. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, 8.754,86 manat məbləğ Cavabdeh1 verilmişdir. Cavabdehlər borcun ödənilməsinə dair öhdəliklərini lazımınca icra etməmişlər. Bank tərəfindən borcalana dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən müqavilə üzrə cavabdehin 02 avqust 2024-cü il tarixində banka olan əsas borcu 8.715,64 manat təşkil edir. Cavabdehlərin vəsatəti əsasında iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 05 dekabr 2024-cü il tarixli 9/9125 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 11 dekabr 2023-cü il tarixli RGTK5305339B226 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə ekspertiza qarşısında qoyulmuş sual üzrə 09 avqust 2024-cü il tarixə olan əsas borcu 8.731,06 manat, faiz borcu 39.33 manat təşkil edir. Qeyd edilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən cavabdeh tərəfindən 02 avqust 2024-cü il tarixdən son ödəniş tarixinə, yəni 30 avqust 2024-cü il tarixinədək cəmi 532.80 manat məbləğində ödənişlər edilmişdir. Məhkəmənin ekspertiza təyini qərardadında Cavabdeh1 iddiaçı banka olan borcunun 02 avqust 2024-cü il tarixinə soruşulduğundan 09 avqust 2024-cü il tarixdən sonrakı edilən 532.80 manat məbləğində ödənişlər hazırki tədqiqatla nəzərə alınmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə görə borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 740.1-ci maddəsinə əsasən, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə tutulmalı olan əsas borcun məbləğinə münasibətdə qeyd edir ki, iş materiallarında olan ekspert rəyi ilə müəyyən olunmuş məbləğ iddiaçının tələb etdiyi əsas borcun məbləğindən yüksək olduğundan və məhkəmə Azərbaycan Respublikası MPM-in 218-ci maddəsinə əsasən verilmiş tələbə qiymət verməli olduğundan hesab edir ki, əsas borca görə iddia ərizəsində tələb edilən məbləğ tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, ekspert rəyində qeyd edilmişdir ki, ekspertiza təyini qərardadda Cavabdeh1 iddiaçı banka olan borcunun 02 avqust 2024-cü il tarixinə soruşulduğundan 09 avqust 2024-cü il tarixdən sonrakı edilən 532.80 manat məbləğində ödənişlər hazırki tədqiqatla nəzərə alınmamışdır. Odur ki, cavabdeh tərəfindən ödənilmiş 532.80 manat pul vəsaiti iddiada tələb edilən 8.715,64 manat pul vəsaitindən çıxılaraq qalan 8.182,84 manat vəsait iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə digər Cavabdeh2 (zamin) mülki məsuliyyəti ilə bağlı qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iddia tələbini araşdıraraq belə qənaətə gəlir ki, iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyində faiz borcu qeyd edilsə də iddiaçı yalnız əsas borc tələb etdiyindən məhkəmə də iddiaya əsas borca münasibətdə qiymət verərək qətnamə qəbul edilməsini qanuni hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8.182,84 manat əsas borc tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 112.16 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin iddiaçı 107.16 manat dövlət rüsumunu tələb edir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş 107.16 manat dövlət rüsumunun 99.65 manatı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, qalan 12.51 manatı iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8.182,84 (səkkiz min yüz səksən iki manat səksən dörd qəpik) manat əsas borc və 99.65 (doxsan doqquz manat altmış beş qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Dövlət rüsumunun 12.51 (on iki manat əlli bir qəpik) manatı İddiaçı ASC-nin özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar