Məhkəmə qərarları › İş №e-2(011)-3626/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3626/2024

25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3626/2024 25.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı – alimentin artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı X5 Cavabdeh qarşı- Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(010)-429/2023 saylı qətnaməsi ilə sabit pul şəklində müəyyən edilmiş alimentin məbləğinin artırılaraq Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər birinə ayrı-ayrılıqda 235 manat olmaqla,cəmi 470 manat miqdarda alimentin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia onunla əsaslandırılmışdır ki, 31 avqust 2004-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayon VVADQ şöbəsində iddiaçı ilə- İddiaçı ilə Cavabdeh arasında nikah qeydə alınmışdır. Cavabdeh ilə birgə nikahdan xx.xx.2004-cu il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X6 anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-429/2023 saylı qətnaməsi ilə nikah pozulmuş və 07 oktyabr 2008-ci il təvəllüdlü X3 və 13 noyabr 2011-ci il təvəllüdlü X6 iddiaçının yanında saxlanılması, azyaşlı övladlarının yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər birinə ayrı-ayrılıqda 193 manat olmaqla, cəmi 386 manat sabit məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qərara alınmışdır. Cavabdehlə faktiki olaraq ayrıldıqdan sonra cavabdeh övladları ilə ünsiyyət saxlamır, onların tərbiyəsində, psixi, fiziki, mənəvi inkiaşafında iştirak etmir, bir ata kimi valideynlik borcunu yerinə yetirmir. Hazırda övladlarını iddiaçı tərbiyə edir, onları həm maddi, həm mənəvi cəhətdən təkbaşına təmin etməyə çalışır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-429/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, X5 ilə Cavabdeh arasında 31 avqust 2004-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsində 638 nömrə ilə qeydə alınmış nikah pozulması, X5 ilə Cavabdeh birgə nikahlarından doğulmuş 07 oktyabr 2008-ci il təvəllüdlü X3 və 13 noyabr 2011-ci il təvəllüdlü X7 boşanmadan sonra anaları Cavabdeh yanında qalması, Cavabdeh 07 oktyabr 2008-ci il təvəllüdlü X3 və 13 noyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi, alimentin tutulması müddəti 14 noyabr 2022-ci il tarixdən müəyyən edilməsi qət olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2011ci il tarixində anadan olmuşdur, atası Cavabdeh, anası X5 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2008ci il tarixində anadan olmuşdur, atası Cavabdeh, anası X5 qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Əhalinin əsas sosialdemoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkili izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-429/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehdən hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat məbləğində aliment tutulması müəyyənləşdirərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşağın tələbatları artmışdır, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minimumu 2024-cü il üçün 235 manat nəzərdə tutulmuşdur. Ona görə də, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşaqlarını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də cavabdehin yüksək olmayan aliment öhdəliyi daşımış olmasını məhkəmə əsas götürərək hesab edir ki, təyin edilmiş alimentin məbləği artırılmalıdır. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Cavabdehin maddi qazancının az olması dəlilinə münasibətdə isə nəzərə alınmalıdır ki, bu hal onu iddiaçı ilə nikahından olan uşağının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin artırılan hissəsi 504 manat (42 x 12=504) təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 30 manat təşkil edir. Odur ki, iddiaçı aliment ilə bağlı hissədə dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-429/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh X1 xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hazırki qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay, hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində sabit pul şəklində aliment tutularaq X1 xeyrinə ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar