Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3634/2025 23.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 təqsirli, hüquqazidd əməli nəticəsində əmlakına dəymiş maddi ziyana görə 2588 manatın əldən çıxmış fayda formasında 4000 manatın cəmi olan 6588 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixində İddiaçı1 iddia ərizəsinin dəqiqıəşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh3 birgə və ya ayrılıqda məsuliyyət daşımasının hüquqi qiymətləndirilməsi; 2780 AZN avtomobilə dəymiş zərər, 21 ay üzrə əldən çıxmış 5250 AZN faydanın, 200 AZN məhkəməyə gedib-gəlmək üçün taksi xərclərinin cəmi olan 9500 AZN maddi ziyanın və 3000 AZN məbləğində mənəvi zərərin, ümumilikdə 11230 AZN məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək öz izahatında bildirmişdir ki, o, birinci dərəcəli əlil olmaqla bərabər,AR Xocalı rayonundan məcburi köçkün düşmüş və hal-hazırda Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Gilavar sanatoriyasında məskunlaşmışdır. Etibarnamə əsasında 1997-ci il buraxılışlı “VOLKSWAGEN PASSAT” markalı minik avtomobili almışdır, aldığı maşının texniki vəziyyəti ilk baxışda onu narahat etdiyindən, maşının mühərrik hissəsində olan nasazlığın aradan qaldırılması üçün avtomobili Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində yerləşən “VOLKSWAGEN-Servis” maşınlarının təmiri ilə məşğul olan emalatxanaya gətirmişdir, həmin emalatxananın rəhbəri kimi özünü təqdim edən Cavabdeh1 mühərrikə orada çalışan usta ilə birlikdə baxış keçirərək, mühərrikin işlək vəziyyətə gətirilməsi üçün bir sıra hissələrinin dəyişdirilməsinin vacib olduğunu və əvəzində xidmət haqqı olaraq 1600 manat ödəməli olduğunu bildirmişdir. Ümumi razılıq əldə edildikdən sonra iddiaçı cavabdehə 1200 manat ödəmiş və razılaşmalarına əsasən qalan 400 manatı təmir bitdikdən sonra ödəyəcəyini bildirmişdir, lakin az sonra ondan yenidən pul istənmiş və cavabdehin bank kartına 210 manat göndərmişdir. Bundan sonra cavabdeh müayinənin nəticəsi olaraq mühərrikin bir sıra hissələrinin yenidən alınmasının (dəyişdirilməsinin) vacib olduğunu ona bildirmişdir. İddiaçı isə seçimi ustaya buraxdığını demişdir. Yenidən usta mühərriki yenidən yığdığını və “saat” kimi işləyəcəyini əminliklə ona bildirmişdir, bununla da iddiaçı 340 manat da ödəniş edərək maşını təhvil almışdır. Avtomobil təxminən 1 həftə-10 gün sonra yenidən nasaz vəziyyətə düşdü, bundan sonra iddiaçı maşını evakuatorla cavabdehin emalatxanasına gətirmişdir, onlar mühərrikə yenidən baxış keçirərək yenə bəzi hissələrinin təzələnməsinin mütləq olduğunu bildirdilər və öz bildiyi kimi ehtiyat hissələrini dəyişərək mühərriki yenidən yığdı. Sonra həmin mühərrikdən təkrar səs gəlməyə başladı, bu barədə zəng edərək cavabdehə məlumat vermişdir, o da əvəzində yağ nasosunda problem olduğunu bildirdi, yenə maşını emalatxanaya gətirdi və bu vəziyyət eyni şəkildə 16-17 dəfə təkrar olunmuşdur ki, hər dəfə avtomobil 10-12 gün cavabdehin emalatxanasında qalırdı. Nəhayət, iddiaçı bu barədə ustaya iradını bildirmişdir ki, ya mühərriki lazımı qaydada təmir etməyi, yaxud da onun gördüyü işə səhlənkar münasibəti nəticəsində dəymiş ziyanın ödənməsini xahiş etdikdə müxtəlif bəhanələrə onları etməkdən yayındı və bu proses uzun müddətdir ki, belə davam edir. Məsələ danışıq yolu ilə həll olunmadığı üçün iddiaçı AR DİN Bakı şəhəri Xətai rayon Polis İdarəsinə müraciət etmişdir. Bütün bu deyilənlərə əsasən, ustanın işinə səhlənkarlığına görə iddiaçıya maddi-mənəvi zərər dəymişdir. İddiaçı1 sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, “mənim Aslan adında ustam var idi. xx.xx.2023-cü ildə iddiaçı maşını düzəltmək üçün mənə zəng elədi. Maşını gətirəndə müəyyən olundu ki, onun motoru dağılıb. Maşında motor təmiz sıradan çıxmışdı. İddiaçı dedi ki, təmir edin təhvil verin. Təmir elədik, təhvil verdik sürdü getdi. Sonra bizə zəng etdi ki, maşında tüstülənmə var. Dedim ki gətir maşını baxaq təzə yığılan motorda olur belə şeylər. Gətirdi başqa defektlər aşkarlandı, öz cibimdən aldım ona detalları verdim. Onlar qoyuldu maşının üstünə. Sonra tüstü kəsildi. Sonra bir də başqa problemlə bağlı yığdı. O ərəfədə də Aslan usta mənim yanımdan çıxmışdı. Aslan elə motoru yığan usta idi. İddiaçıya dedim, istəyirsən get Aslan yığsın. Aslan özü də dedi ki, Dəyanət mənim yanıma gəlməlidir, onun motorunu mən yığmışam. 2-3 saatlıq iş idi. Sonra maşını Aslana verdi. Daha sonra mənə zəng etdi ki, Aslan maşını yığmır. Dedim gətir maşını gətir mən problemi aradan qaldıracam. Öz hesabıma. Nə qədər gözlədim gəlmədi maşın. Amma Aslan demişdi ki, göndərəcək. Dedilər ki, buna detal lazımdı, özümüz yığacayıq. Məndən detalları götürdülər Aslana pul atdılar ki iş görsün. Sonra Dəyanət dedi ki Aslan məni aldadıb. Aslan mənim özümü də xərcə salıb. İndi o maşını mühərrikinin qiyməti ***-**** manatdır. Aslan ilə işləyən usta indi mənim yanıma gəlib o da bildirdi ki, Aslan satıb hissələri. Bizim sexdən çıxan formada qayıtsın maşın mən onun problemini düzəldəcəm. Lap birinci maşını mənə verdi mən də Aslana verdim ki təmir etsin. Mən ikinci dəfə dedim apar Aslan baxsın. Orada da problemlər yaranıb. Aslan özü 10 gün maşını sürdü. Mənim borcumdu ona kömək eləmək indi də deyirəm maşını və detalları gətirsin öz hesabıma düzəltdirirəm. Maşından 300-400 manatlıq detal oğurlanıb. Maşını detalları ilə gətirsə mən yığıb verirəm maşını. Maşın bu gün mənə gəldə 2 günə yığıb verərəm”. Cavabdehlər, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, dövlət qeydiyyat nişanı **-SK-***, istehsal tarixi 1997-ci il olan “VOLKSWAGEN PASSAT” markalı minik avtomobilinin sahibi X1r. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Etibarnamənin surətindən görünür ki, X2 tərəfindən bu etibarnamə üzrə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri İddiaçı1 verilmişdir. İş materiallarında olan AA seriyalı, 387040 nömrəli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 1992-ci ildə daimi yaşayış yeri olan Şuşa şəhərini tərk etmişdir və hazırda Sabunçuda müvəqqəti məskunlaşıb. Vəsiqə xx.xx.2017-ci il tarixində Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmişdir. İş materiallarında olan FAME PRO Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 01/25-376 saylı Rəydən görünür ki, avtomobilin ehtiyat hissələrinin bərpa olunması üzrə xərc 2125 AZN, rəngsaz işi-kapot, baqaj qapısı və çilingər işi üçün xərc 655 AZN, olmaqla, ümumilikdə “VOLKSWAGEN PASSAT” markalı minik avtomobilinə xx.xx.2025-ci il tarixinə olan dəymiş zərəin həcmi 2780 (iki min yeddi yüz səksən) manat təşkil edir. İş materiallarından görünür ki, ekspertizanın aparılması üçün FAME PRO Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 400 (dörd yüz) manat xidmət haqqı təyin edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, dövlət qeydiyyat nişanı **-SK-***, istehsal tarixi 1997-ci il olan “VOLKSWAGEN PASSAT” markalı minik avtomobilinin mülkiyyətində olmaqla, onun tərəfindən etibarnamə əsasında (sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri ilə) İddiaçı1 verilmişdir, nəqliyyat vasitəsində yaranmış nasazlıqla bağlı maşın Cavabdeh1 məxsus avtomobil təmiri obyektinə təhvil verilmiş, nəqliyyat vasitəsi həmin obyektdə usta kimi işləyən Cavabdeh3 tərəfindən təmir edilmiş, daha sonra nəqliyyat vasitəsində yenidən nasazlıq yarandığı üçün iddiaçı nəqliyyat vasitəsini Cavabdeh3 məxsus digər təmir müəssisəsinə aparmış, lakin sonuncu tərəfindən avtomobil təmir edilməyərək, qismən yararsız hala salınmışdır, avtomobilin yenidən yararlı vəziyyətinə qaytarılması maddi vəsait hesabına mümkündür. İddiaçı hazırda avtomobilə dəymiş zərər kimi 2780 manat, 21 ay üzrə əldən çıxmış fayda kimi 5250 manat, məhkəməyə gedib-gəlmək üçün taksi xərcləri kimi 200 manat və mənəvi zərər kimi 3000 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsini tələb edir. Bununla belə, avtomobilin təmir edilməsi ilə bağlı Cavabdeh1 məsuliyyətinə əsas olan hallar, həmçinin vurulmuş zərər ilə bağlı Cavabdeh3 məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, iddia tələbinin vurulmuş maddi ziyan ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, avtomobil Cavabdeh3 tərəfindən təmir olunmadan yararsız hala salındığından, onun məsuliyyətini istisna edən hallar müəyyən edilmədiyindən, həmçinin vurulmuş zərər ilə bağlı Cavabdeh1 məsuliyyətinə əsas olan hallar müəyyən edilmədiyindən, iddia tələbi Cavabdeh1 münasibətdə əsaslıdır. Məhkəmə, dəymiş maddi ziyanın məbləğini müəyyən edərkən FAME PRO Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 01/25-376 saylı Rəyi iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, vurulmuş maddi ziyanın məbləği ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq dövlət qeydiyyat nişanı **-SK-***, istehsal tarixi 1997-ci il olan “VOLKSWAGEN PASSAT” markalı minik avtomobilinə xx.xx.2025-ci il tarixinə dəymiş zərərin həcmi 2780 manat müəyyənləşdirilməlidir. Məhkəmə, iddia tələbinin “əldən çıxmış fayda və məhkəməyə gedib-gəlmək üçün taksi xərcləri” hissəsinə münasibətdə qeyd edir ki, bu sübutetmə yükü ilə bağlıdır. Belə ki, iddiaçı, cavabdehin əməli nəticəsində əldə edəcəyi gəlirdən məhrum olması və məhkəməyə gedib-gəlməsi ilə bağlı çəkdiyi xərclər dair sübutetmə vəzifəsi daşıyır, lakin o buna dair sübutları təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı deyil. Məhkəmə, iddia tələbinin “mənəvi zərər” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin hüquqazidd əməli, İddiaçı1 məxsus olan əmlaka vurulmuş ziyanın aradan qaldırılmasına və iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, onun məhkəmə proseslərində iştirak etməsinə, o cümlədən mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməlidir Məhkəmə, mənəvi zərərə görə tutulmalı olmalı kompensasiya məbləğinə münasibətdə isə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmasını, onun məhkəmə proseslərində iştirak etməsini, mənəvi sarsıntıya və iztirablara dözüm həddini və digər diqqətəlayiq halları nəzərə alaraq, həmin məbləğin 200 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1128.1-ci maddəsinə əsasən, malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun Həmin Məcəllənin 1128.3-cü maddəsinə əsasən, əgər məhsul bütün hallar nəzərə alınmaqla ondan gözlənilən etibarlığı təmin etmirsə, keyfiyyətsiz məhsul sayılır. Həmin Məcəllənin 1129.2-ci maddəsinə əsasən, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. Həmin Məcəllənin 1130.1-ci maddəsinə əsasən, malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulan zərərin əvəzi, əgər zərər malın (işin, xidmətin) müəyyənləşdirilmiş yararlıq müddəti ərzində əmələ gəlmişdirsə, ödənilməli, yararlıq müddətinin müəyyənləşdirilmədiyi halda isə malın (işin, xidmətin) istehsal edildiyi gündən on il ərzində əmələ gəlmişdirsə, ödənilməlidir. Həmin Məcəllənin 1132-ci maddəsinə əsasən, malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında formalaşdırdığı presedentə görə, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh3 vurulmuş maddi ziyanın əvəzi qismində 2780 manat, mənəvi zərərin əvəzi qismində 200 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı1 ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin kimdən və hansı məbləğdə tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının dövlət rüsumu ödəməkdən azad olması halı məhkəmə tərəfindən müəyyən olunduğundan dövlət rüsumu cavabdehə aid edilməli, Cavabdeh3 ödənilmiş dövlət rüsumunun əvəzi qismində 49.80 manat alınaraq İddiaçı1, işə baxılması ilə əlaqədar keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat isə tutularaq FAME PRO Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 vurulmuş maddi ziyanın əvəzi qismində 2780 manat, mənəvi zərərin əvəzi qismində 200 manat olmaqla, ümumilikdə 2980 (iki min doqquz yüz səksən) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı1 ödənilsin. Dövlət rüsumu olaraq ödənilməli 49 (qırx doqquz) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti Cavabdeh3 tutularaq Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat Cavabdeh3 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3634/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3634/2025
23.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver