Məhkəmə qərarları › İş №e-2(011)-3707/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3707/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3707/2023 20.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X3” Bakı filialı cavabdehlər Cavabdeh3 Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı xx.xx.2023-cü il tarixə olan 4696,73 manat məbləğində kredit borcu, 386,61 manat məbləğində faiz borcu olmaqla, cəmi 5083,34 manat pulun və ödənilmiş 70,83 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixdə 770 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə illik 19% faiz olmaq şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında eyni tarixli 869 və 868 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlər xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borclunun (Cavabdeh3) öhdəliklərini tam icra etməsi öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh Qanil Kərimov tərəfindən müqavilə üzrə borc qismən ödənilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsi üzrə ona 5000 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən Borcalan xx.xx.2023-cü il tarixədək Banka kredit borcu üzrə 1466,24 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2023-cü il tarixə kimi Borcalan tərəfindən Banka yalnız 539 manat ödəniş edlmişdir. Cavabdeh3 ilə bağlanmış xx.xx.2022-ci il tarixli 770 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 və Cavabdeh2 ilə həmin tarixdə 868 və 869 saylı zaminlik müqavilələri bağlanmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə etdiyini, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat vermədiklərindən məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, işin mübahisəsiz halıdır ki, iddaçı ilə Cavabdeh3 arasında yuxarıda qeyd edilən şərtlərlə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə razılaşdırılmış pul vəsaiti ona verilmişdir. Tərəflər arasında müqavilənin bağlanmasını təkzib edən sübutlar iş materiallarında mövcud deyil. Eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışında Cavabdeh3 770 saylı kredit razılaşması üzrə həmin tarixə əsas borcunun 4696,73 manat, faiz borcunun isə 386,61 manat olması göstərilmişdir. Göründüyü kimi, cavabdehin kredit razılaşması üzrə borcunu tam ödəməməsi, bununla da öhdəliyini tam yerinə yetirməməsi iş materialları ilə sübuta yetirilir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehlərdən borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi təmin edilməlidir Məhkəmə eyni zamanda, iddia tələbinin digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid hissədə araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə Cavabdeh3 aldığı pul məbləğinin iddiaçıya qaytarmasına dair öhdəliyinin tam icra olunmasına görə zamin olduğundan, borcun ödənilməməsi üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən müddəalara əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, pul öhdəliyi isə icra edilmədiyindən, onlar iş üzrə Cavabdeh3 ilə bərabər iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin iddianın 70,83 manat məbləğində dövlət rüsumunun, cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, 770 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 4696,73 manat əsas borc, 386,61 manat faiz borcu, cəmi 5083,34 manat pul vəsaiti və ödənilmiş 70,83 manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “X3” Bakı filialına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlikedən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar