Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3769/2025 14.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə məişət avadanlığın nisyə alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehdən aldığı ümumi dəyəri 708 manat məbləğində olan məişət avadanlığını, hər ay hissə-hissə 59 manat olmaqla, 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür.
2. Alınan əşya cavabdehə xx.xx.2019-cu il tarixdə təhvil verilmişdir.
3. İddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə cavabdehin müqavilə üzrə əsas borcu 152 manat təşkil edir.
İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı cavabdehdən xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən 152 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 182 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə müddəti 12 ay olmaqla xx.xx.2019-cu il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 708 manat olan məişət avadanlığı əldə edib. Cavabdehdən xx.xx.2019-cu il tarixli borc müqaviləsinə əsasən 152 manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 182 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması zəruridir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
7. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
8. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
9. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
11. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
12. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
17. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
18. Məhkəmə əvvəlcə qeyd etməyi zərur hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi, başqa sözlə tərəflər arasındakı hüquq münasibətinə uyğun gələn maddi hüquq normasının dügün tapılması və tətbiq edilməsi mübahisənin qanuni həlli deməkdir. Odur ki, iddia ərizəsinin məzmunundan asılı olmayaraq, məhkəmənin başlıca işi tərəflər arasında yaranmış real hüquq münasibətlərinin müəyyən edilməsi və həmin hüquq münasibətinə uyğun gələn düzgün maddi hüquq normasının tətbiq edilməsindən ibarətdir.
19. İddiaçının məhkəməyə təqdim etdiyi müqavilə “borc müqaviləsi” adlandırılsa da, tərəflər arasında yaranmış hüquq münasibəti nisyə alqı-satqı müqaviləsindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 576-cı maddəsində alqı-satqı müqaviləsinə verilən anlayışdan isə görnür ki, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilədən də görünür ki, cavabdeh iddiaçıdan 708 manat dəyərində məişət avadanlığı almış, qalıq dəyərini 12 ay müddətinə, 59 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni, tərəflər arşında nisyə-nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Ona görə də, hazırkı mübahisəyə nisyə alqı-satqı müqaviləsi ilə bağlı müddəalar tətbiq edilməlidir.
21. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandlğı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
22. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr əsasında cavabdeh iddiaçıdan müqavilələrdə göstərilən əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilələr əsasında əşyaları almasına dair hüququndan istifadə etmiş, lakin onların dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.
23. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsində nəzərdə tutulur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli borc müqavilələrinə əsasən 152 manat əsas borc və 30 manat məbləğində ödənilmiş ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış elektron kabinetdə yerləşdirriyi) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı