Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3773/2023 16.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı – “alimentin miqdarının dəyişdirilərək artırılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilərək artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinli yaşına çatanadək saxlanması üçün təyin edilmiş (hər uşaq üçün) 193 manat, cəmi 386 manat məbləğində alimentin artırılaraq hər uşaq üçün yetkinlik yaşına çatanadək 220 manat, cəmi 440 maat məbləğində alimetin və mediasiya sessiyası üçün ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3586/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamasi ilə nikah pozulmuş, birgə nikah dövründə doğulan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 iddiaçının yanında saxlanması və yetkinlik yaşına çatanadək hər bir uşağa sabit pul məbləğində 175 manat alimentin ödənilməsi qət edilmişdir. Daha sonra 2022-ci ildə iddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək alimentin hər uşaq üçün 193 manata çatdırılaraq artırılmasını xahiş etmiş, həmin iddia tələbi təmin edilmişdir. Hazırda uşaqların tələbatlarının artması, həyat şəraitinin dəyişməsi, qida məhsullarının qiymətinin qalxaması və 2023-cü il üçün hər uşağın saxlanması üçün mimumun 220 manat olmasını nəzərə alaraq alimentin artırılmasına ehtiyac vardır. Hazırda özü heç bir yerdə işləmir. Uşaqlarına təyin olunan alimentlə uşaqların tələbatlarını tam ödəyə bilmir. Ona görə də alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh öz izahatında bildirmişdir ki, alimentin artırılmasına etiraz edir. Belə ki, onun hal-hazırda 440 manat aliment ödəməyə imkanı yoxdur. Bu səbəbdən də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 2(011)-1857/2022 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 “valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “İddiaçı” göstərilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X1 “valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “İddiaçı” göstərilmişdir. İş materiallarında olan MŞB/2-02568/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli Bakı 2 saylı mediasiya təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında mövcud olmuş nikah münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 anadan olmuşlar. Tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq Hüquqları Haqqında Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 58.2.-ci maddəsinə əsasən valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarədəri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Azərbaycan Respublikası AM-nin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən dəyişdirilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi icraya yönəldikdən sonra, tərəflərin birgə nikahlarından olan uşaqları böyümüş, ölkədə iqtisadi vəziyyət dəyişmiş, o cümlədən uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu artmışdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, yaşayış minimumu özündə insanın sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri ehtiyacları müəyyənləşdirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarında həmçinin göstərilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. İş materiallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı yenidən aliment məbləğinin müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və buna görə də iddia tələbləri təmin edilməlidir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşağa görə 220 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessial Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində artırılmış ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində həmin ödəmənin məcmusu 648 manat təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya xərci qismində ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci də cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1857/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hazırki qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat məbləğində sabit pul şəkilində aliment tutularaq, İddiaçı ödənilsin. Mediasiya xərcinə ödənilmiş 50 (əlli) manat məbləği Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-3773/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3773/2023
16.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver