Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3792/2025 20.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1790,1 manat əsas borc, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 537,03 manat cərimə borcu, ümumilikdə 2350,73 manat borcun və 43,51 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə bağlanmış müqavilələrin şərtlərini pozmuş və nəticədə onun İddiaçı MMC-yə qeyd olunan məbləğdə borcu yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh iddiaya etiraz edərək, aldığı telefonda qüsur olduğu üçün telefonu mağazanın servis xidmətinə təhvil verdiyini bildirmişdir. Baxış iclası zamanı isə Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin hər hansı üzürlü səbəb qeyd etməmiş və bununla bağlı sübut təqdim etməmişdir. Məhkəmə baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan Əlavədən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 205 manat ilkin ödənişlə, 18 ay müddətinə hər ay 99,45 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 1995,07 manat təşkil edən “Samsung Galaxy S21FE” markalı telefonun alqı-satqısına dair müqavilə bağlanılmış və alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır. Müqavilənin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh öhdəliyini icra etməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehə satılmış “Samsung Galaxy S21FE” markalı telefonun açılıb-bağlanılması xidmətinə görə İddiaçı MMC tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23,6 manat rüsum ödənilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehin 1790,1 manat ödənilməmiş əsas borcu, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu və 537,03 manat cərimə borcu olmaqla, cəmi 2350,73 manat borcu yaranmışdır. X4 Xidmət Mərkəzinin aktından görünür ki, texniki baxış zamanı “Samsung Galaxy S21FE” markalı telefonda mexaniki zədə aşkar edilmişdir. Akta qeyd edilmişdir ki, texniki baxış zamanı cihazda mexaniki zədə aşkar edildi. Korpusda zədələr var və bu səbəbdən ekranda qüsur yaranıb. Samsung servisdə texniki baxış keçirildi. İstehlakçı tərəfindən istismar qaydaları pozulduğu üçün istehsal zəmanəti ləğv edilir. Müştəri ekranın qızıl zəmanət əsasında dəyidirilməsindən imtina etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmənin mövqeyi: Məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan məhsulu cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, öhdəliyin icrasından yayınmışdır. Məhkəmə cavabdehin telefonda qüsur olduğu üçün servisə qaytarması ilə bağlı etirazının dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Servis Xidmətinin aktı ilə müəyyən olunmuşdur ki, telefonda yaranmış qüsur mexaniki zədə və istismar qaydalarının pozulması ilə bağlı olmuşdur. Odur ki, hazırda müqavilənin predmeti olan telefonun servis xidmətində olması iddianın rədd edilməsi üçün əsas deyil. Məhkəmə hazırda cavabdehin alqı-satqı müqaviləsi üzrə 1790,1 manat ödənilməmiş əsas borcunun qaldığını və İddiaçı MMC tərəfindən 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumunun ödənilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissələrdə təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, 537,03 manat cərimə borcu tənasübsüz surətdə yüksək olduğu üçün azaldılmalıdır. Cavabdehdən 50 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh 1790,1 manat əsas borc, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 50 manat cərimə borcu, ümumilikdə 1863,7 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1790,1 manat əsas borc, 50 manat cərimə borcu, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu olmaqla, ümumilikdə 1863,7 manat və 38,64 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli