Məhkəmə qərarları › İş №e-2(011)-38/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-38/2023

18.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-38/2023 18.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 15 yanvar 2022-ci il tarixdə iddiaçının yaşadığı binanın dam örtüyünün bir hissəsi iddiaçıya məxsus “Kia Cerato” markalı ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə düşərək avtomobili yararsız vəziyyətə salmışdır. İcra Hakimiyyətinin yerli nümayəndəliyi və 37-ci Polis şöbəsi tərəfindən hadisə yerinə baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir.Hadisə ilə əlaqədar 37-ci Polis Bölməsi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli 105-847A saylı Arayış verilmişdir. Arayışda göstərilir ki, “Kia Cerato” markalı ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə 7 saylı binanın dam örtüyü düşərək yararsız vəziyyətə salmışdır. Dam örtüyünün avtomobilin üzərinə düşərək yararsız vəziyyətə salınması ilə əlaqədar, iddiaçı “Kia Motors” servisə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə “Kia Motors” tərəfindən verilmiş Qüsur Aktına əsasən, iddiaçıya məxsus “Kia Corento” markalı ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilə 9531 manat məbləğində zərər dəymişdir. Bakı şəhəri, Xətai rayonu, D.Səfərov küçəsində yerləşən 7 saylı bina Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin balansındadır və binanın daş örtüyü İcra Hakimiyyəti tərəfindən bir neçə il əvvəl təmir edilmişdir. Dam örtüyü lazımı qaydada binanın damına bərkidilmədiyi üçün qoparaq binanın həyətinə düşmüş və iddiaçıya məxsus avtomobili yararsız hala salmışdır. Bakı şəhəri, Xətai rayonu, D.Səfərov küçəsində yerləşən 7 saylı bina Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin balansında olduğundan iddiaçı, Bakı şəhəri İcra Hakimiyyətini cavabdeh qismində məhkəməyə vermişdir. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə 24 yanvar 2022-ci il tarixdə Pretenziya (Xəbərdarlıq) göndərmişdir. Pretenziyada Bakı şəhəri, Xətai rayonu, D.Səfərov küçəsində yerləşən 7 saylı binanın dam örtüyünün iddiaçıya məxsus “Kia Cerato” markalı ** FG *** ddövlət qeydiyyat nişanlı avtomobilin üzərinə düşərək yararsız hala salması nəticəsində avtomobilə dəymiş 9531 manat zərərin 10 gün müddəgində iddiaçıya ödənilməsinin təmin edilməsini Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə təklif edilmişdir. İddiaçı bildirmişdir ki, təklifdən imtina edilərsə və ya təklifə 10 gün ərzində cavab verilməzsə, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edəcək. Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, pretenziya xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Cavabdeh1nə təhvil verilmişdir. Lakin üzərindən 20 gün vaxt keçməsinə baxmayaraq, iddiaçının təklifinə cavab verilməmişdir. İddiaçı cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədildiyini bildirmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin balansında olan Bakı şəhəri, Xətai rayonu, D.Səfərov küçəsində yerləşən 7 saylı binanın dam örtüyünün mənə məxsus “Kia Cerato” markalı ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə düşərək yararsız hala düşməsi nəticəsində avtomobilə dəymiş 9531 manat zərərin və ödənilmiş 116 manat dövlət rüsumunun Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək, mülki iş üzrə cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin əsl cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti ilə əvəz edilməsini xahiş etmiş, 05 may 2022-ci il tarixli məhkəmə iclasında cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti əsl cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti ilə əvəz edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2189/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək, mülki iş üzrə cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin əsl cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil- Kommunal Təsərrüfat Birliyi ilə əvəz edilməsini xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsində 19 iyul 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti əsl cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi ilə əvəz edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1334/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə hər biri ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi eyni zamanda məhkəməyə etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin “Mənzil fondunun əsaslı təmiri ilə bağlı xərclərin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində olan mənzil-kommunal təsərrüfatı birliklərinin yerli xərclərində nəzərdə tutulması barədə xx.xx.2015-ci il tarixli 399 saylı Sərəncamına əsasən dövlət büdcəsinin Bakı şəhəri üzrə yerli xərclərinin “Mənzil və kommunal təsərrüfatı” bölməsinin “Mənzil təsərrüfatı” köməkçi bölməsi üzrə “Mənzil fondunun əsaslı təmiri” maddəsinə ayrılan vəsait növbəti büdcə ilindən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin strukturunda olan mənzil-kommunal təsərrüfatı birliklərinin yerli xərclərində nəzərdə tutulmuşdur. Ona görə də, qeyd edilən sərəncama uyğun olaraq, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə mənzil fondunun əsaslı təmiri xərc maddəsi üzrə vəsait ayrılmadığından Departament tərəfindən (və ya sifarişi əsasında) paytaxt ərazisində yerləşən dövlət mənzil fonduna aid yaşayış binalarında, o cümlədən ünvan 3 ünvanında heç bir təmir işləri həyata keçirilməmişdir. ünvan 3 ünvanında yerləşən yaşayış binasının dam örtüyünün təbii fəlakət olan güclü külək nəticəsində uçmuşdur. Avtonəqliyyat vasitəsinə ziyanın dəyməsi təbiət hadisəsi nəticəsində baş verdiyindən, qeyd edilən binanın balanssaxlayan təşkilatı daxil olmaqla hər hansı bir dövlət qurumu zərərin əvəzinin ödənilməsi ilə bağlı mülki hüquqi məsuliyyət daşımır. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai Rayon Polis İdarəsi 37-ci Polis şöbəsi tərəfindən verilmiş 105-847A nömrəli xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-yə müraciət edərək ona məxsus “Kia Cerato” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə 7 saylı binanın dam örtüyü düşərək yarasız vəziyyətə salınmışdır. İş materiallarında olan “Kia Motors” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Qüsur aktının sürətindən görünür ki, “Kia Cerato” markalı ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 9531 manat ziyan vurulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 yanvar 2023-cü il tarixli, 10/6450-9/7074 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, nəzəri hesablama yolu ilə, “Kia Motors” şirkətinin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən “Kia Cerato” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9531 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh1 tərəfindən təqdim olunan 379 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, mübahisələndirilən Xətai rayonu, D.Səfərov küçəsində yerləşən 7 saylı binanın 7 və 8 mənzillərinin dam örtüyündə 2017-ci ildə uçqun baş verdiyindən həmin il qeyd edilən mənzillərin dam örtüyündə Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən təmir işləri aparılmışdır. xx.xx.2022-ci il tarixdə saat 8:30 radələrində Bakı şəhərində hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində paytaxtın bəzi yaşayış və qeyri-yaşayış ərazilərində dam örtüyü, pəncərə, fasad və hasarlarında bir sıra fəsadlar yaranmış, ağacların aşması, budaqların qırılması və xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunmaqla yanaşı Xətai rayonu, D.Səfərov küçəsi 7 saylı binanın dam örtüyü dərhal dəyişdirilərək bərpa olunmuş, həmçinin İddiaçı təbii fəlakət zamanı dam örtüyünün ona məxsus avtomobillərinin üzərinə düşərək yararsız hala salması nəticəsində dəymiş ziyanımn ödənilməsi ilə əlaqədar Sığorta şirkətinə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Xətai Rayon Mənzil-Kommunal İstismar sahəsi tərəfindən Cavabdeh1nə ünvanlanmış məktubdan görünür ki, Daşqın Səfərov küçəsi 7 saylı binanın 7 və 8-ci mənzillərinin dam örtüyündə 2017-ci ildə uçqun baş verdiyindən elə həmin il yuxarıda göstərilən mənzillərin dam örtüyündə Bakı şəhər Mənzil Təsərrüfat Departamenti tərəfindən təmir işləri aparılmışdır. 15 yanvar 2022-ci il tarixdə saat 08:30 radələrində hava çox güclü küləkli olduğundan təmir olunmuş mənzillərin dəmir şiferdən ibarət olan dam örtüyü yerindən qoparaq binanın həyətinə düşmüşdür. Dam örtüyü qopub düşdüyü zaman həyətdə olan bir neçə maşına ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü tə`sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına əsasən əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, 15 yanvar 2022-ci il tarixdə iddiaçının yaşadığı Bakı şəhəri, Xətai rayonu, D.Səfərov küçəsində yerləşən 7 saylı binanın dam örtüyünün bir hissəsi iddiaçıya məxsus “Kia Cerato” markalı ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə düşmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 yanvar 2023-cü il tarixli, 10/6450-9/7074 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, nəzəri hesablama yolu ilə, “Kia Motors” şirkətinin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən “Kia Cerato” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9531 manat müəyyən edilmişdir. Həmçinin işdə olan Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh1 tərəfindən təqdim olunan 379 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla təsdiq edilir ki, mübahisələndirilən Xətai rayonu, D.Səfərov küçəsində yerləşən 7 saylı binanın 7 və 8 mənzillərinin dam örtüyündə 2017-ci ildə uçqun baş verdiyindən həmin il qeyd edilən mənzillərin dam örtüyündə Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən təmir işləri aparılmışdır. xx.xx.2022-ci il tarixdə saat 8:30 radələrində Bakı şəhərində hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində paytaxtın bəzi yaşayış və qeyri-yaşayış ərazilərində dam örtüyü, pəncərə, fasad və hasarlarında bir sıra fəsadlar yaranmış, ağacların aşması, budaqların qırılması və xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunmaqla yanaşı Xətai rayonu, D.Səfərov küçəsi 7 saylı binanın dam örtüyü dərhal dəyişdirilərək bərpa olunmuşdur. Məhkəmə hesab edir ki, “Kia Cerato” markalı ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilə 9531 manat məbləğində ziyan dəyməsi faktı iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, eləcə də, zərərin vurulmasına görə Bakı şəhəri Xətai rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi məsuliyyət daşıdığından, iddiaçının xeyrinə cavabdehdən 9531 manat pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən 9531 (doqquz min beş yüz otuz bir) manat pul vəsaiti və məhkəmə xərci qismində 116 (bir yüz on altı) manat tutularaq İddiaçı ödənilsin. Eyni zamanda iddia təmin edildiyindən, 50 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar