Məhkəmə qərarları › İş №e-2(011)-385/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-385/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-385/2023 09.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ipoteka predmetinə yönəldilməsi və digər” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə X1 (Bundan sonra – Əsas borclu) arasında xx.xx.2015-ci il tarixdə 146450-CNS-17100 saylı girovlu istehlak krediti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Əsas borcluya illik faiz dərəcəsi 25% olmaqla 40 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan xx.xx.2016-cı il tarixdə iddiaçı ilə Əsas borclu arasında kredit müqaviləsinə dəyişiklik barədə 1 saylı Razılaşma bağlanmış, Razılaşmaya əsasən müqavilə üzrə əsas borc kapitallaşdırılaraq 60 ay müddətinə, illik 15% olmaqla, 35 060,21 ABŞ dolları məbləğində müəyyən edilmişdir.

2. Eyni zamanda, iddiaçı, Əsas borclu və cavabdeh arasında xx.xx.2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən mənzil (Bundan sonra – Mənzil) müqavilə üzrə nəzərdə tutulan kreditin təminatı olaraq, qiyməti 150000 manat olmaqla, ipoteka ilə yüklü edilmişdir. Mənzil iddiaçının adına ipoteka ilə yüklülü edilmiş və bu barədə xx.xx.2016-cı il tarixdə Arayış verilmişdir.

3. Həmçinin, xx.xx.2016-cı il tarixdə iddiaçı, cavabdeh və Əsas borclu arasında ipoteka müqaviləsinə dəyişiklik barədə 1 saylı Razılaşma bağlanmış, Razılaşmaya əsasən ipoteka predmetinin bazar dəyərinin 150000 manat olması müəyyən edilmişdir.

4. Əsas borclu xx.xx.2018-ci il tarixdə ölmüşdür. Əsas borclunun adına vərəsəlik işi açılmamış və onun adına qeydiyyatdan keçmiş heç bir daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Öldüyü tarixə onun əsas borcu 25499,94 ABŞ dolları, 181,64 ABŞ dolları faiz, 3,78 manat cərimə olmaqla, cəmi 25685,36 ABŞ dolları olmuşdur.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

5. İddiaçı Əsas borclu ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli, 146450- CNS-17100/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 25.499.94 ABŞ dolları məbləğində əsas borc, 8.730.17 ABŞ dolları məbləğində faiz borcu, 153.54 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 34.383.65 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 265.36 manat dövlət rüsumunun cavabdehin Mənzilinə yönəldilməsi, Mənzilin ilkin satış qiymətinin 140 000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsi, Mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra cavabdehin və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onunla ilə Əsas borclu arasında bağlanmış xx.xx.2016-cı il tarixli krediti müqaviləsi”nə əsasən əsas borcluya istehlak məqsədilə illik 15 faiz hesablanması şərti ilə 60 ay müddətinə 35060.21 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdehə məxsus olan Mənzil “Daşınmaz əmlakın ipoteka müqaviləsi” əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin Əsas borclunun banka ümumilikdə isə 34.383.65 ABŞ dolları məbləğində borcu qalmışdır. Əsas borclu xx.xx.2018-ci il tarixində vəfat etmiş və onun adına respublikanın notariat ofislərində vərəsəlik işi açılması aşkar olunmayıb. Bank ilə Əsas borclu arasında bağlanmış xx.xx.2016-cı il tarixli **********4-05101-093010 saylı ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə yazılı etirazda qeyd etmişdir ki, borclu xx.xx.2018-ci il tarixdə vəfat edib. İddiaçı həmin tarixdən 4 ildən artıq vaxt keçdirkdən sonra, xx.xx.2022-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək artıq öz borcunu deyil, borcun ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini tələb edib. Halbuki, Mülki Məcəllənin 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Digər tərəfdən iddiaçı tərəfin təqdim etdiyi ödəniş cədvəlindən görünür ki, borclu öldüyü xx.xx.2018-ci il tarixdən sonra da əsas borca faizlər hesablanıb.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdehə məhkəmənin sonucu iclaslarının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

9. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

10. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

16. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu (istinad edilən maddələr xx.xx.2018-ci il tarixədək qüvvədə olan məzmundadır)

18. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

19. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi.

20. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

21. Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.

22. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

23. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

İşə baxan məhkəmənin mövqeyi:

24. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

25. Bankla Əsas borclu arasında kredit müqaviləsinin bağlanması, kreditin təminatı olaraq iddiaçı ilə cavabdeh arasında ipoteka müqaviləsinin bağlanması və Mənzilin Əsas borclunun aldığı kredtin təminatı olaraq ipoteka ilə yüklü edilməsi işin mübahisəsiz hallarıdır. İşin məhkəmə araşdırması zamanı ipoteka müqaviləsinin qanuniliyini təkzib edəcək hallar aşkar olunmamışdır.

26. Cavabdehin nümayəndəsi etirazında Əsas borclunun öldüyünü və vərəsəlik işinin açılmadığını, habelə iddia müddəti keçdikdən sonra iddia ilə məhkəməyə müraciət edildiyi üçün iddianın rədd edilməsini tələb edir.

27. Məhkəmə cavabdehin nümayəndəsinin Əsas borclunun öldüyü və vərəsəlik işi açılmadığı üçün iddianın təmin olumaması barədə dəlili ilə bağlı bildirir ki, qanunvericlikdə ipoteka müqaviləsinə xitam verilməsinin əsasları nəzərədə tutulmuşdur. “İpoteka haqqında” Qanunun 48-ci maddəsinə görə ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda, “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Qeyd edilənlərdən də göründüyü kimi əsas borclunun ölümü ipoteka müqaviləsinin xitamına səbəb olmur. Bu ondan irəli gəlir ki, ipoteka əsas öhdəliyin icrasının təminatı üsüllarından biridir. İpoteka əsas öhdəliyin icra edilməməsi nəticəsində düşə biləcəyi zərərlərdən kreditoru qorumaq üçün tətbiq edilən qanuni bir vasitədir. Əgər asas borclu öldükdən sonra ipoteka müqaviləsinə də xitam verilməli olsaydı, bu halda kredit öhdəliyinin təminatlılıq meyarı öz əhəmiyyətini itirmiş olardı. Kredit müqaviləsi üzrə öhdəliklərinin vaxtında icra edilməsi bankların maliyyə-kredit vəziyyətinin stabilliyinə və inkişafına yönəlsə də, əsasən ölkənin iqtisadi təhlükəsizliyinin qorunmasına xidmət edir.

28. Odur ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstituasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli Plenum Qərarında qeyd etmişdir ki, borclunun ölümü halında onun vərəsələrinə qarşı tələb irəli sürülmədən birbaşa ipoteka qoyana qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qeyd edilməlidir ki, mirası qəbul etmiş vərəsələr miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Lakin vərəsələr icra vaxtı çatmış əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikləri təqdirdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun ipoteka qoyana qarşı tələb irəli sürmək hüququ yaranır. Konstituasiya Məhkəməsinin qeyd edilən qərarda gəldiyi nəticə ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.

29. Konstitusiya Məhkməsinin qeyd edilən Plenum Qərarında gəldiyi nəticədən də görünür ki, vərəsələrin mirası qəbul edib-etməməsindən asılı olmayaraq, hər bir halda əsas borclunun öldüyü hallarda əsas öhdəlik icra edilmədikdə kreditorun ipoteka predmetinə tutma yönəltmək hüququ vardır.

30. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını da müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş Mənzilin açıq hərracdan satış yolu ilə realizə edilməlidir.

31. Məhkəmə Mənzilin ilkin satış qiymətinin 140 000 manat məbləğində müəyyən edilməsi barədə iddia tələbinə münasibətdə qeyd edir ki, xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 1 saylı Razılaşmadan görünür ki, ipoteka predmetinin dəyəri 150 000 manat olaraq müəyyən edilmişdir. İddiaçının özü tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli Ekspert rəyində Mənzilin bazar dəyərinin 140000 manat, məhkəmə tərəfindən alınmış "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəsis rəyinə əsasən Mənzilin likvid dəyəri 200 000 manat, bazar qiyməti isə 220 000 manat təşkil edir.

32. Məhkəmə qeyd edilən sübutlara müqayisəli şəkildə qiymət verərkən hesab edir ki, ipoteka predmetinin likvid dəyərinin məhkəmə ekspertizasının rəyində göstərilən 200 000 manat qiymətləndirilməsini ipoteka müqaviləsi bağlanan zaman müəyyən edilən qiyməti ilə müqayisədə ötən zaman ərzində qiymət artımı nəzərə alınmaqla ağlabatandır. Belə ki, ipoteka müqaviləsində Mənzilin bazar dəyəri 7 il əvvəl 150 000 manat məbləğində müəyyən edilmişdir. Daşınmaz əmlak bazarında isə qiymətlər bu müddət ərzində xeyli artması isə şübhə doğurmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Mənzilin likvid dəyəri 200 000 manat müəyyən edilməlidir.

33. Digər bir tərəfdən, iddiaçı Mənzilin satış qiymətinin 140 000 manat məbləğində müəyyən edilməsini tələb edərkən, bu dəlilini təsdiq edən Girovların qiymətləndirilməsi və monitorinqi şöbəsinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə istinad etsə də, birincisi, rəydən müəyyən olunur ki, Mənzilin bazar qiyməti müəyyənləşdirilərkən əmlaka baxış keçirilmədən, yalnız xx.xx.2015-ci il tarixdə çəkilmiş fotomateriallar əsasında rəy verilmişdir. Məhkəmə qeyd edir ki, Mənzilə baxış keçirilmədən, onun yalnız 7 il əvvəlki vəziyyətinə uyğun olaraq bazar qiymətinin müəyyənləşdirilməsi əsaslı hesab edilə bilməz. İkincisi, ekspert Mənzilin bazar qiymətinin 140 000 manat məbləğində müəyyən edərkən bunun əsaslarını, hesablama metodunu göstərməmişdir.

34. Məhkəmə iddia tələbinin Mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra cavabdehin və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.

35. Belə ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinin hüquqi əsasları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3, 59.3.1 və 59.3.2-ci maddələrində göstərilmişdir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki,Əsas borclunun iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən, Əsas borclu öldüyünə və onun varisləri müəyyən olunmadığına görə öhdəlik icra edilmədiyindən, iddiaçı ipoteka predmeti hərracda satıldıqdan 1 ay ərzində cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri Mənzili tərk etmədikləri və çıxmadıqları halda onların mənzildən məcburi çıxarılmaları və Mənzilin boşaldılmasını tələb etməkdə də haqlıdır və iddia həmin hissədə təmin edilməlidir. Belə ki, qeyd edilən tələblər ipoteka predmetinə tutmanın yönəldilməsi qaydasının ayrılmaz tərkib hissəsi olmaqla, ipoteka predmetinin hərracda realizə olunmasını asanlaşdırmaqdadır.

36. Həmçinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə AR Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının 02/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadında qeyd edilir ki, əgər tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək, yəni “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə bu Qərardadın 16-cı bəndində göstərilən düzəliş edilənədək bağlanmışdırsa, ipoteka predmeti olan yaşayış evlərindən və mənzillərdən cavabdehlərin məcburi qaydada çıxarılmasına dair tələblərə mahiyyəti üzrə hüquqi qiymət verilməlidir.

37. Bundan başqa, ipoteka predmetinə yönəlməli olan borcu iddiaçı xx.xx.2022-ci il tarixədək hesablasa da, məhkəmə hesab edir ki, yaranmış borc Əsas borclunun öldüyü vaxta qədər, yəni xx.xx.2018-ci ilədək yaranmış borcla məhdudlaşmalıdır. Çünki, borcun ödənilməməsi və buna görə faizin sonuncunun ölülümündən sonra da hesablanması cavabdehin təqsirindən deyil, obyektiv səbəblə bağlı (əsas borclunun ölməsi) bağlıdır. Odur ki, Mənzilə yönəlməli olan əsas borc 25499,94 ABŞ dolları, 181,64 ABŞ dolları faiz, 3,78 manat cərimə olmaqla, cəmi 25685,36 ABŞ dolları məbləğində vəsait əsas götürülməldir.

38. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin olunması nisbətində (iddia təxminən 75% nibətində təmin edilmişdir)

39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. İddiaçı ASC ilə X1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 146450-CNS-17100/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.202018-ci il tarixə Banka borclu olduğu 25.499.94 ABŞ dolları məbləğində əsas, 181.64 ABŞ dolları məbləğində faiz borcu, 3.78 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə isə 25.686.36 ABŞ dolları məbləğində pul (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 176.52 manat dövlət rüsumu Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 6 saylı evin, 27 saylı mənzilinə yönəldilsin. Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 6 saylı evin, 27 saylı mənzilinin likvid dəyəri 200.000 manat olmaqla açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı ASC-yə olan, cəmi 25.686.36 ABŞ dolları məbləğində pul (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və ödənilmiş 176.52 manat ödənilsin. Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 6 saylı evin, 27 saylı mənzil satıldıqdan sonra Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri sözügedən mənzili ən gec bir ay ərzində tərk etmədikdə və mənzildən çıxmadıqda onlar mənzildən məcburi çıxarılsınlar və mənzil boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 88,84 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar