Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3851/2025 18.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zuar Taleh oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7745.8 manat məbləğində əsas borcun, 674.1 manat məbləğində faiz borcunun, 177.13 manat məbləğində cərimə borcunun, cəmi 8597.03 manat borcun və 107 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 14.9% olmaqla 8300 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bununla belə, iddiaçının nümayəndəsi X2 ərizə ilə elektron qaydada məhkəməyə müraciət edərək onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İstehlak kreditinin alınması üçün Ərizə-Anketdən görünür ki, Cavabdeh ona 36 ay müddətinə nağd kreditin alınması üçün 8300 manat məbləğində kredit ayrılmasını İddiaçı Açıq Səhmdar Cəmiyyətindən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli CP/25076/A1/23 saylı Kredit Sazişindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC kredit müqaviləsinə əsasən illik 14.90% olmaqla 36 ay müddətinə 8300 manat məbləğində kredit verməyi, müştəriyə 3801000CP2507623AA1C saylı cari hesab açmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə kreditin verilməsi, əsas, faiz və digər borcların ödənilməsi həmin hesab üzərindən aparılır. Bu Sazişi imzalamaqla Tərəflər təsdiq edir ki, kredit ödənişinin avtomatik qaydada həyata keçirilməsi üçün Müştərinin müraciəti əsasında Müştəriyə məxsus ödəniş kartının Bank tərəfindən təqdim edilən avtomatik ödəniş sisteminə qoşulması həyata keçirilə bilər. Bu formada təqdim edilən Xidmət Müştərini heç bir halda “Kredit müqaviləsi” üzrə ödənişlərin vaxtlı-vaxtında icra edilməsi və həmin ödənişlərin həyata keçirilməsinə nəzarət etməsi öhdəliyindən azad etmir. Müqavilənin qüvvədə olduğu müddət ərzində, istənilən vaxt hər hansı bir səbəbdən avtomatik ödəniş sistemi ilə ödəniş həyata keçirilməzsə və ya ödəniş qismən həyata keçirilərsə, bu zaman Müştəri tərəfindən “Kredit müqaviləsi”nin şərtlərinə müvafiq olaraq kredit üzrə ödənişlər adi qaydada həyata keçirilməlidir. Tərəflər bu Sazişi imzalamaqla təsdiq edirlər ki, bütövlükdə müqavilə, xüsusən də şərtlərlə tanışdırlar və onların şərtləri ilə razıdırlar. İş materiallarında olan Ödəniş cədvəlindən (Əlavə №1) görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ayrılan kreditin məbləği 8300 AZN, illik faiz dərəcəsi 14.9%, kreditin müddəti 36 ay, kreditin verilmə tarixi xx.xx.2024-cü il tarixidir. Kredtin verilməsi üçün Cavabdeh 3801000CP2507623AA1C saylı cari hesab açılmışdır və o, hər ay üçün banka ödəməli olduğu 287.32 AZN (yalnız sonuncu ay 289.34 AZN) məbləği həmin hesab üzərindən ödəməlidir. Kreditin bitmə tarixi xx.xx.2027-ci ildir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, CP2507623AA1C-6 saylı və AU5892423AA0-7 saylı Ödəniş tapşırıqlarından görünür ki, 8300 manat məbləğində pul vəsaitinin X1 qeyd etdiyi hesaba köçürülməsi barədə bank tərəfindən göstəriş verilmişdir. İş materiallarında olan Hesabdan çıxarış məlumatlarından görünür ki, xx.xx.2024-cü il tarixində Cavabdeh açılmış cari hesaba 8300 AZN pul köçürülmüşdür. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixli Bildiriş ünvanlanaraq, 7745.8 manat əsas, 674.1 manat faiz və 177.13 manat məbləğində cərimə borcunun dərhal qaytarılması tələb edilmiş, həmin bildiriş xx.xx.2025-ci il tarixində Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 7745.8 manat əsas, 674.1 manat faiz və 177.13 manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 107 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında 36 ay müddətinə, illik faiz dərəcəsi 14.9 faiz olmaqla, 8300 manat məbləğində kredit verilməsini nəzərdə tutan kredit sazişi bağlanmışdır, cavabdeh müqavilədə nəzərdə tutulan məbləği iddiaçıdan qəbul edərək götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri lazımınca yerinə yetirməmiş və hazırda banka ödənilməmiş 7745.8 manat məbləğində əsas, 674.1 manat məbləğində faiz və 177.13 manat məbəğində cərimə borcu qalmışdır. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2024-cü il tarixli CP/25076/A1/23 saylı Kredit Sazişi üzrə 7745.8 manat məbləğində əsas borc, 674.1 manat məbləğində faiz borcu, 177.13 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8597.03 manat məbləğində borc alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, məhkəmə xərcləri cavabdehə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 107 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2024-cü il tarixli CP/25076/A1/23 saylı Kredit Sazişi üzrə 7745.8 manat məbləğində əsas borc, 674.1 manat məbləğində faiz borcu, 177.13 manat cərimə borcu olmaqla, cəmi 8597 (səkkiz min beş yüz doxsan yeddi) manat 3 (üç) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 107 manat (yüz yeddi) məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3851/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3851/2025
18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver