Məhkəmə qərarları › İş №e-2(011)-386/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-386/2023

27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-386/2023 27.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 01 may 2014-cü il tarixli 1xx/xx/112510/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 175.41 (bir yüz yetmiş beş manat, 41 qəpik) manat məbləğində əsas borc, 115.82 (bir yüz on beş manat, 82 qəpik) manat məbləğində faiz borcu, 198.29 (bir yüz doxsan səkkiz manat, 29 qəpik) manat məbləğində cərimə borcu, 46.56 (qırx altı manat, 56 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 536.08 (beş yüz otuz altı manat, 08 qəpik) manat məbləğində pulun, 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.F.Zeynalova iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tərəflər arasında 01 may 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/112510/14 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 944 manat məbləğində kredit verilmişdir, lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 175.41 manat məbləğində əsas borc, 115.82 manat məbləğində faiz borcu, 198.29 manat məbləğində cərimə borcu, 46.56 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 536.08 manat məbləğində borcu qalmışdır, cavabdehin kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-5342/2019 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar geri qaytarılmışdır, lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər tərəfimizdən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Sonda iddiaçının nümayəndəsi A.F.Zeynalova iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 2014-cü ildə paltaryuyan maşın almaq məqsədilə kredit götürmüşdür, həmin müqavilə üzrə borcu yoxdur, borcunu ödəmişdir, müqavilənin tarixi 2016-cı ildə bitmişdir, müqavilənin bitməsindən artıq 10 ilə yaxın müddət keçmişdir, bu səbəbdən ödənişlə bağlı qəbzlərini saxlamamışdır, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu da itirmişdir. Həmçinin Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında məhkəməyə yazılı ərizə təqdim edərək, mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh arasında 01 may 2014-cü il tarixli 1xx/xx/112510/14 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, kreditin məbləği 944 manat, illik faiz dərəcəsi 25%, kredit müddəti 24 aydır, kreditin qaytarılmalı olduğu son tarix 01 may 2016-cı ildir. İş materiallarında olan xx.xx.2013-xx.xx.2022-ci il tarixi üzrə Cavabdeh Hesabdan çıxarış məlumatlarından görünür ki, hesaba xx.xx.2014-cü il tarixdə “kreditin verilməsi” təyinatı ilə 944 manat köçürülmüşdür. İş materiallarında olan 21 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə əsas borc 175,41 manat, müqavilənin müddəti 01 may 2014-cü il – 1 may 2016-cı ildir, müqavilə müddəti üzrə tələb olunan faizlər 115,82 manat, cərimə 198,29 manat, gecikdirilmiş vaxt üzrə faiz borcu 46,56 manat, ümumi borc 536,08 manatdır. İş materiallarından görünür ki, ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı xx.xx.2019-cu il tarixdə Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-5342/2019 saylı xx.xx.2019-cu il tarixli Qərardadından görünür ki, iddiaçı ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, QSC "xxxx" Kommersiya Bankı və Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən sonuncuya illik 25% dərəcəsi ilə 24 ay müddətinə 944 manat kredit verilmişdir, müqaviləyə əsasən, kreditin qaytarılmalı olduğu son tarix 01 may 2016-cı il müəyyən edilmişdir, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, iddiaçı kredit müqaviləsi üzrə borcun qaytarılması məqsədilə xx.xx.2019-cu il tarixdə Xətai rayon Məhkəməsinə müraciət etmişdir, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)- 5342/2019 saylı xx.xx.2019-cu il tarixli Qərardadı ilə iddiaçının Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsi, mübahisənin məhkəmədənkənar həlli qaydası Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı ilə müəyyən edilməsi və işdə həmin qaydalara riayət etmək imkanlarının itirilməməsi, habelə tərəflərin məhkəmə iclasında iştirak etməməsi (AR MPM-in 259.0.1 və 259.0.6-cı maddələri) əsasları ilə baxılmamış saxlanmışdır, Azərbaycan Respublikası Prezidentinin qeyd edilən Fərmanı üzrə müraciətlərin qəbulu xx.xx.2019-cu il tarixdə başa çatmışdır, cavabdehin hazırda iddiaçıya olan borcu 175.41 manat məbləğində əsas borc, 115.82 manat məbləğində faiz borcu, 198.29 manat məbləğində cərimə borcu, 46.56 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 536.08 manat təşkil edir, həmin iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün son tarix xx.xx.2020-ci il olmuş, iddiaçı xx.xx.2022-ci il tarixdə həmin müqavilə üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir, qeyd edilənlər işin mübahisəsiz hallarıdır. Bununla belə, iddia müddətinin ötürülməsinin üzrlü səbəblərinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 01 may 2014-cü il tarixli kredit müqaviləsinin icra müddəti xx.xx.2016-cı il tarixə qədər müəyyən olunmuş, üç illik müddətin axımı xx.xx.2016-cı il tarixdə başlanmış, “Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı nəzərə alınmaqla, xx.xx.2020-ci il tarixdə başa çatmışdır, Bank tərəfindən iddia ərizəsi iddia müddəti başa çatandan sonra, elektron formada xx.xx.2022-ci il tarixdə verilmişdir, iddiaçı, iddia ərizəsinin yuxarıda qeyd edilən Fərman üzrə müraciətlərin qəbulunun başa çatdığı 31 dekabr 2019-cu il tarixdən 2 il 2 aydan çox müddət keçdikdən sonra məhkəməyə müraciət etməsinin üzürlü səbəblərinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından tələb üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməklə tələb rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının 3.1-ci və 7.3-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfidən 27 mart 2019-cu il tarixdə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.16-cı maddəsinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı ilə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanması qərara alınmışdır. Həmin Qərara əsasən, mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilir ki, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında formalaşdırdığı presedentə görə, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı hazırki iddia tələbi rədd edilməlidir. Məhkəmə məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edldiyindən və iddiaçıdan dövlət rüsumundan azad olunması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı “QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 01 may 2014-cü il tarixli 1xx/xx/112510/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 175.41 (bir yüz yetmiş beş manat, 41 qəpik) manat məbləğində əsas borc, 115.82 (bir yüz on beş manat, 82 qəpik) manat məbləğində faiz borcu, 198.29 (bir yüz doxsan səkkiz manat, 29 qəpik) manat məbləğində cərimə borcu, 46.56 (qırx altı manat, 56 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 536.08 (beş yüz otuz altı manat, 08 qəpik) manat məbləğində pulun, 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar