Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3868/2022 01.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Kreditor "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh kreditorun xeyrinə xx.xx.2015-ci il tarixli 21-Y-2-0-175-15 saylı kredit müqaviləsi üzrə 999,72 ABŞ dolları əsas borc, 480,84 ABŞ dolları faiz borcu, 74,18 ABŞ dolları cərimə olmaqla, cəmi 1554,74 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İKB ilə X3 arasında bağlanan xx.xx.2015ci il tarixli 21-Y-2-0-175-15 saylı kredit müqaviləsinə əsasən borc alana 1000 ABŞ dolları məbləğində illik 28 % olmaqla 12 ay müddətinə kredit verilmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafiki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-7176/2018 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh məhkəmə əmrindən verdiyi etiraz əsasında Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin məhkəmə əmrinin ləğv olunması və iddia icraatına keçilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, göstərmişdir ki, cavabdehdən Bankın xeyrinə kredit borcunun tutulması ilə bağlı ərizə ilə xx.xx.2018-ci i! tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilmiş, iş üzrə məhkəmə əmri qəbul edilmiş, lakin uzun müddət keçdikdən sonra Cavabdeh ərizəsinə əsasən məhkəmə əmri ləğv edilmişdir. Həmin müddət ərzində cavabdeh tərəfindən heç bir ödəniş olunmamıdır və bu səbəbdən borc məbləğinin dəqiqləşdirilməsi zəruridir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçının xeyrinə 999,72 ABŞ dolları əsas borc, 480,84 ABŞ dolları faiz borcu, 74,18 ABŞ dolları cərimə, müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 312,90 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 1867,64 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinin restrukturizasiya olunması üçün banka müraciət etsə də, heç bir cavab almamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı İKB ilə Cavabdeh arasında bağlanan xx.xx.2015-ci il tarixli 21-Y-2-0-175-15 saylı kredit müqaviləsinin surətindən görünür ki, borc verən tərəfindən borc alana 1000 ABŞ dolları məbləğində illik 28 % olmaqla 12 ay müddətinə kredit pul vəsaiti verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə banka 999,72 ABŞ dolları əsas borc, 480,84 ABŞ dolları faiz borcu, 74,18 ABŞ dolları cərimə, müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 312,90 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 1867,64 ABŞ dolları borcu qalmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı İKB ASC-nin adı "xxxx" ASC adına dəyişdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə əlavə hüququ yaranır”. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 21-Y-2-0-175-15 saylı kredit müqaviləsi əsasında "xxxx" ASC-dən borc alması və onu vaxtında ödəməməsi, nəticə də 999,72 ABŞ dolları əsas borc, 480,84 ABŞ dolları faiz borcu, 74,18 ABŞ dolları cərimə, müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 312,90 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 1867,64 ABŞ dolları borcunun qalması təsdiq olunduğundan və cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğundan həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli 21-Y-2-0-175-15 saylı kredit müqaviləsi üzrə 999,72 ABŞ dolları əsas borc, 480,84 ABŞ dolları faiz borcu, 74,18 ABŞ dolları cərimə, müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 312,90 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 1867,64 (min səkkiz yüz altmış yeddi dollar, 64 sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borc və 20 (iyirmi) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3868/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3868/2022
01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver