Məhkəmə qərarları › İş №e-2(011)-3877/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3877/2022

10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3877/2022 10.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “ABC-Telecom“ MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “ABC-Telecom“ MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********03371 olan XİAOMİ REDMİ NOTE 9 Pro markalı telefon üçün 609.8 (altı yüz doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə, ümumilikdə 669,8 (altı yüz altmış doquz manat səksən qəpik) manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “ABC-Telecom“ MMC ilə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********03371 olan XİAOMİ REDMİ NOTE 9 Pro markalı telefon almış və nəticədə 669,8 (altı yüz altmış doquz manat səksən qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 1031 (min otuz bir) manat (yəni 18 ay x 54,5 manat +50 manat ilkin ödəniş), İMEİ kodu **********03371 olan XİAOMİ REDMİ NOTE 9 Pro markalı telefon üçün ümumilikdə 669,8 (altı yüz altmış doquz manat səksən qəpik) manat olmaqla ondan 609,8 (altı yüz doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 60 (altmış) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 421,2 (dörd yüz iyirmi bir manat, iyirmi qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, “ABC-Telecom“ MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 21232267 saylı müqaviləyə əsasən borcluya 18 ay müddətinə, aylıq 54,5 manat ödəmək şərti ilə 1031 manat məbləğində İMEİ kodu **********03371 olan XİAOMİ REDMİ NOTE 9 Pro markalı telefon verilmiş, ilkin ödəniş kimi cavabdeh 50 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ilə xx.xx.2022-ci il tarixli, 21232267 saylı müqavilə bağladıqdan sonrakı müddət ərzində 421,2 manat məbləğində ödəniş etmiş, lakin qalan 609,8 manat məbləğində borcu ödəməmişdir. Cavabdehə ödəniş etmədiyi üçün müəyyən olunan 60 manat məbləğində cərimə ilə birlikdə, ümumilikdə 669,8 manat məbləğində borc müəyyən olunmuşdur. İş materiallarında olan iddiaçı “ABC-Telecom“ MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehdən əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməyi tələb etmiş, əks təqdirdə iddiaçı tərəfindən aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında həmin malın dəyərini razılaşdırılmış şərtlərlə və müddətə iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal almasına dair hüququndan istifadə etmiş, malın dəyərini razılaşdırılmış şərtlərlə və müddətə ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından, tələb edilən cərimə məbləği azaldılaraq 42,63 manat məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu tutulur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-cİ maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “ABC-Telecom“ MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 21232267 saylı müqavilə üzrə əsas borca görə 609,8 (altı yüz doqquz manat səksən qəpik) manat, cərimə borcuna görə 42,63 (qırx iki manat, altmış üç qəpik) manat, ümumilikdə 652,43 (altı yüz əlli iki manat qırx üç qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “ABC-Telecom“ MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar