Məhkəmə qərarları › İş №e-2(011)-3895/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3895/2022

27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3895/2022 27.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək TuranBank ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 01/f-21 saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv edilməsi; TuranBank ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 01/f-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 1 721.71 AZN (bir min yeddi yüz iyirmi bir manat 71 qəp.) əsas, 365.25AZN (üç yüz altmış beş manat 25 qəp.) faiz, 500.78 AZN (beş yüz manat 78 qəp.) cərimə borcu olmaqla, cəmi borcu 2 588 AZN (iki min beş yüz səksən səkkiz manat 00 qəp.) məbləğində borcun və ödənilmiş 45.88 AZN məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı elektron qaydada iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 01/f-21 saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv edilməsi; TuranBank ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 01/f-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 1721.71 AZN əsas, 397.66 AZN faiz, 500.78 AZN cərimə borcu olmaqla, cəmi borcu 2620,15 AZN məbləğində borcun və ödənilmiş 45.88 AZN məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Turan Bank ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 01/f-21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 21 % olmaqla, 24 ay müddətinə 2 000 AZN (iki min manat) məbləğində kredit verilmişdir, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur, cavabdehin xx.xx.2022-ci il tarixinə TuranBank ASC-yə 1 721.71 AZN əsas, 365.25 AZN faiz, 500.78 AZN cərimə borcu olmaqla, cəmi borcu 2 588 AZN təşkil edir, bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır, odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borclarıcavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 01/f-21 saylıkredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir, borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 21 % olmaqla cərimə faizi ödəyir, 3.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyətiəhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcala digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var, 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən Borcalan zaminliklə təmin edilmiş öhtəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu Bank qarşısında birgə məsuliyyət daşıyırlar, 2.4-cü bəndə əsasən borcalanın Bank qarşısında öhtəliklərini icra etməməsi və ya lazımınca icta etməməsi nəticəsində banka dəyən bütün zərərlərin ödənilməsində borclu ilə bərabər eyni həcmdə məsuliyyət daşıyırlar. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 01/f-21 saylı kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı QSC və borcalan Cavabdeh arasında illik 21% olmaqla, 24 ay müddətinə, 2000 manat məbləğində kredit verilməsi barədə müvqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, İK № 01/f-21 saylı kredit müqaviləsinə 1 №-li Əlavədən görünür ki, kreditin məbləği 2000 AZN, kreditin müddəti 24 ay, kreditin illik faizi 21%, aylıq ödəniş 102,77 manat, cəmi ödəniləsi faiz 466,54 manatdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Kassa məxaric orderindən görünür ki, Cavabdeh 2000 manat məbləğində pulu təhvil almışdır. İş materiallarında olan 13 iyun 2022-ci il tarixli Maliyyə arayışından görünür ki, verilmiş kredit üzrə 13 iyun 2022-ci il tarixə əsas borc üzrə 1721,71 manat, faiz borcu üzrə 297,66 manat, cərimə borcu üzrə 500,78 manat təşkil edir. İş materiallaından görünür ki, xx.xx.2021-ci il və xx.xx.2022-ci ildə İddiaçı QSC tərəfindən Cavabdeh bildiriş (pretenziya) göndərilməklə ondan kredit müqaviləsinə əsasən olan borcun 5 gün ərzində ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 46,45 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 01/f-21 saylı kredit müqaviləsinə əsasən tərəflər bank tərəfindən sonuncuya illik 21% olmaqla, 24 ay müddətinə 2000 anat kredit verilməsi barədə razılığa gəlmişdirlər, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirmiş, cavabdeh müqavilədə göstərilən məbləği bankdan təhvil almışdır, lakin cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və hazırda banka ödənilməmiş əsas, faiz və cərimə borcu qalmışdır, bu barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq (pretenziya) məktubları göndərilmişdir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Məhkəmə, kreditorun əmlak mənafelərini nəzərə almaqla, yuxarıda adı çəkilən müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 105 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməli, cavabdehdən 1721,71 manat məbləğində əsas borc, 397,66 manat məbləğində faiz borcu, 105 manat cərimə borcu olmaqla ümumilikdə 2224,37 manat borc İddiaçı QSCnin xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş məbləğin əvəzi olaraq 42,24 manat Cavabdeh alınaraq İddiaçı QSC-yə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 01/f-21 saylı kredit müqaviləsi ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 01/f-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh 1721.71 AZN əsas, 397.66 AZN faiz, 105 AZN cərimə borcu olmaqla, cəmi 2224 (iki min iki yüz iyirmi dörd) manat 37 (otuz yeddi) qəpik məbləğində borc və dövlət rüsumu qismində ödənilmiş 42 (qırx iki) manat 24 (iyirmi dörd) qəpik tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar