Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3898/2022 29.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı xx.xx.2022-ci il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 448,40 manat əsas borc, 67,20 manat cərimə olmaqla, cəmi 515,60 manat pulu və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə tərəflər arasında xx.xx.2021-ci il tarixdə 1 ədəd “Apple” markalı naqilsiz qulaqcığın satılması barədə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə əşyanın ümumi 598,40 manat olmaqla, ödəniş müddəti 12 ay, aylıq ödənişi isə 50 (sonuncu ay üçün 48,40 manat) manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Apple” markalı naqilsiz qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 50 manat olmaqla cəmi 598,40 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2022ci il tarixində 5,30 manat və qalıq qalmış 448,40 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqısatqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 672 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 67,20 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 16.1 manat iddiaçıya ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2022-ci il tarixədək iddiaçıya olan borcu 448,40 manat əsas, 67,20 manat cərimə, cəmi 515,60 manat təşkil etmişdir.Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında yuxarıda qeyd edilən elektron avadanlığın nisyə alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirərək razılaşdırılmış əşyanı cavabdehə vermiş, lakin cavabdeh aldığı əşyanın dəyərini müqavilədə nəzərdə tutulmuş müddət ərzində iddiaçıya tam qaytarmamışdır. İddiaçının verdiyi maliyyə arayışına görə cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 448,40 manat və cərimə borcu 672 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 576-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Qeyd edilən müddəalara və şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin icrasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə qeyd edir ki, adı çəkilən müddəada göstərildiyi kimi, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin müqavilə üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin müqavilə üzrə 10 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 448,40 manat əsas borc, 10 manat cərimə olmaqla, cəmi 458,40 manat pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-3898/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3898/2022
29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver