Məhkəmə qərarları › İş №e-2(011)-391/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-391/2025

02.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-391/2025 02.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və "xxxx" MMC cəlb edilməklə) “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı –əldə etdiyi avtomobildə aşkarlanan qüsurların aradan qaldırılması üçün çəkdiyi 7.650 manat xərcin və 97 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixində “Volkswagen Jetta” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “VW Baku” şirkətindən 26.000 manat dəyərində əldə etmişdir. Avtomobilin alqı-satqı məsələləri, zəmanət şərtləri, qiyməti “VW Baku” şirkətinin rəhbəri Cavabdeh ilə müzakirə olunmuşdur. Cavabdehlə bağlanmış şifahi əqdə əsasən avtomobilin dəyəri 26.000 manat məbləğində müəyyən edilmiş, zəmanət müddəti isə 2 il müddətinə təyin edilmişdir. Zəmanət şərtləri özündə avtomobilin mühərrik və sürətlər qutusu, həmçinin digər yarana biləcək hər hansı nasazlıqların aradan qaldırılmasını əhatə etmişdir. Nəqliyyat vasitəsinin əldə edilməsi ilə bağlı mənim tərəfindən cavabdehin şərikinin kart hesabına 200 manat məbləğində beh ödənilmiş, qalan hissə, yəni 25.800 manat isə onun tərəfindən Cavabdeh verilmişdir. Nəqliyyat vasitəsi əldə olunandan sonra avtomobildə ön təhlükəsizlik sensorunun (distronik) olmaması müəyyən edilmişdir. Satıcıya bu barədə məlumat verildikdə, o məsələnin qısa müddət ərzində həll edəcəyini vəd etmiş, lakin dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh həmin avadanlığın təqdim edilməsi və quraşdırılmasından yayınmış, bununla da zəmanət şərtlərini pozmuşdur. Onu da qeyd edir ki, həmin sensor təhlükəsizlik baxımından zəruri bir avadanlıq olduğundan nəqliyyat vasitəsinin bu formada özgəninkiləşdirilməsini təşkil etmək ən azından məsuliyyətsizlikdir. Daha sonra nəqliyyat vasitəsinin istismarı zamanı məlum olmuşdur ki, avtomobilin sürətlər qutusunun ehtiyat hissəsi olan “hidroblok” mütləq qaydada dəyişdirilməlidir. Səbəb isə sürətlər qutusunda yerləşən “hidroblok”un nasaz olması və bu da öz növbəsində sürətlər qutusunun düzgün işləməməsi ilə nəticələnməsidir. Bu nasazlıq cavabdeh tərəfindən qəbul edilmiş və cavabdeh bəlli olmayan müddət ərzində məsələni həll edəcəyini vəd etmişdir. Lakin dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh bu nasazlığı aradan qaldırmamışdır. Onu da qeyd edir ki, nəqliyyat vasitəsində sözügedən nasazlığı aradan qaldıran zaman su radiatorlarının da nasaz olması müəyyən edilmişdir. Bundan əlavə nəqliyyat vasitəsində təhlükəsizlik hava yastıqlarının da olmaması ilə bağlı əsaslı şübhələri yaranmışdır. Halbuki nəqliyyat vasitəsini əldə edən zaman artıq mövcud olan nasazlıqlar barədə ona hər hansı bir məlumat verilməmişdir. Cavabdeh qüsurlu mal satmış, bununla da hüquqlarını pozmuşdur. Bildirir ki, nəqliyyat vasitəsində qeyd edilən qüsurların aradan qaldırılması üçün ehtiyat hissələrinin dəyəri və həmin ehtiyat hissələrinin dəyişdirilməsi üçün xidmət haqqının öyrənilməsi barədə xx.xx.2024-cü il tarixində “X5”-ə müraciət olunmuş, “X5”in əməkdaşları tərəfindən nəqliyyat vasitəsinə texniki baxış keçirilmiş və nəqliyyat vasitəsi ilə bağlı ilkin qüsur aktı tərtib edilmişdir. Həmin qüsur aktında yenisi ilə əvəz olunmalı olan ehtiyyat hissələri və onların qiyməti göstərilmişdir. Nəqliyyat vasitəsində yenisi ilə əvəz olunmalı olan ehtiyyat hissələri və onların qiyməti: su radiatoru 520 manat, kondisioner radiatoru 780 manat, distronik 1.650 manat, travesin alt-üst paduşkalarının 1 ədədinin qiyməti 120 manat olmaqla 2 ədədi cəmi 240 manat, ön sol fara 1900 manat, benzin çəninin qapağının açarı 320 manat, sürətlər qutusu (ikinci əl) 1200-1500 manat olmaqla cəmi 6610-6910 manat təşkil edir. Qeyd edilən ehtiyyat hissələrinin dəyişdirilməsi üçün xidmət haqqı: radiotarların dəyişilməsi 130 manat, travesin paduşkalarının dəyişilməsi 80 manat, çən xəttinin dəyişilməsi 200 manat, ön sol faranın dəyişilməsi 40 manat, benzin çəninin qapağının açarının dəyişilməsi 90 manat, sürətlər qutusunun dəyişilməsi 200 manat olmaqla cəmi 740 manat müəyyənləşdirilmişdir. Beləliklə, nəqliyyat vasitəsində qüsurlu ehtiyyat hissələrinin yenisinin alınması üçün 6610-6910 AZN məbləğində, həmin ehtiyyat hissələrinin dəyişdirilməsi üçün isə 740 AZN məbləğində, ümumilikdə 7.350-7.650 AZN məbləğində vəsait tələb olunmuşdur. Bu isə nəqliyyat vasitəsinin dəyərinin 1/3 hissəsi deməkdir. Qeyd edilən məsələ ilə bağlı xx.xx.2024-cü il tarixində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə onun tərəfindən müraciət olunmuş, hadisə ilə bağlı Cavabdeh izahatı alınmışdır. O izahatında nəqliyyat vasitəsinin ona 26.000 manata satdığını, ikinci əl avtomobillərə isə zəmanət verilmədiyini bildirmişdir. Ərizə ilə bağlı Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş, ona görə də dəymiş ümumilikdə 7350-7650 AZN məbləğində zərərin cavabdehdən məcburi qaydada tutularaq ona ödənilməsi üçün məhkəməyə müraciət etməyinə zərurət yaranmışdır. O, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili “VW Baku” şirkətinin “İnstaqram” sosial şəbəkəsindəki hesabında (hesabın linki: https://www.instagram.com/vwbaku/) qoyulmuş elanda (Elanın linki: https://www.instagram.com/p/Cut8CoBNctP/? img_index=1) görmüşdür. Bundan sonra cavabdehlə görüşüb avtomobillə bağlı müzakirələr aparılmış və avtomobil üçün tərəfindən 200 manat məbləğində beh ödənilmişdir. “VW Baku” şirkəti satış üçün elanı qoyulmuş avtomobillərin hər biri üçün öz “İnstaqram” sosial şəbəkəsindəki hesabında 2 il müddətində zəmanət verildiyini qeyd edir (həmin elanlardan birinin linki: https://www.instagram.com/p/CxyHASfNErj/). Əlavə olaraq qeyd edir ki, cavabdehlə arasında yazışmalar və səs yazıları mövcuddur, bu yazılar hazırlıq iclasında əyani olaraq məhkəməyə təqdim ediləcəkdir. İddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Daha əvvəl məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddianı qəbul etmir. O bildirmişdir ki, həqiqətən də “Volkswagen Jetta” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən iddiaçıya satılmışdır. Həmin dövrdə "xxxx" Şirkəti hələ yaradılmamışdır. Avtomobilin alıcıya verilməsindən sonra uzun müddət keçdiyindən iddia tələbləri təmin edilməməlidir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “X5” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Volkswagen Jetta” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərclərinin dəyəri 7.350-7.650 manat təşkil edir. İş materiallarında olan 22 iyul 2023-cü il tarixli “nəqliyyat vasitənin alqı-satqı” müqaviləsindən görünür ki, “Volkswagen Jetta markalı”, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “satıcı” X2 tərəfindən “alıcı” İddiaçı 26.000 manata satılmışdır. İş materiallarında olan 10 iyun 2024-cü il tarixli “cinayət işinin başlanmasını rədd edilməsi barədə” qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi ev 9, mənzil 161-də yaşayan İddiaçı, Xətai RPİ-nin 35-ci PBnə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixində Volkswagen Jetta markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “VW Baku” şirkətindən 26.000 manat dəyərində əldə etmiş və avtomobilin alqı-satqı məsələləri, zəmanət şərtləri, qiyməti VW Baku şirkətinin rəhbəri Cavabdehla və onun şəriki Ənvər adlı şəxslə müzakirə olunmuşdur. Onlarla bağlanmış şifahi əqdə əsasən avtomobilin dəyəri 26000 manat məbləğində müəyyən edilmiş, zəmanət müddəti isə 2 il müddətinə təyin edilmişdir. Zəmanət şərtləri avtomobilin mühərrik və sürətlər qutusu, həmçinin digər yarana biləcək hər hansı nasazlıqların aradan qaldırılmasını əhatə etmişdir. Nəqliyyat vasitəsinin əldə edilməsi ilə bağlı avans olaraq Ənvər adlı şəxsin kart hesabına 200 manat məbləğində beh ödənilmiş, qalan hissə, yəni 25.800 manat isə Cavabdeh verilmişdir. Nəqliyyat vasitəsi əldə olunandan sonra avtomobildə ön təhlükəsizlik sensorunun (distronik) olmaması müəyyən edilmişdir. Musaya və Ənvərə bu barədə məlumat verildikdə, sonuncular məsələnin qısa müddət ərzində həll edəcəyini vəd etmiş, lakin dəfələrlə müraciət etməsinə baxmayaraq satıcı həmin avadanlığın təqdim edilməsi və quraşdırılmasından yayınmış, bununla da zəmanət şərtlərini pozmuşdur. Daha sonra nəliyyat vasitəsinin istismarı zamanı məlum olmuşdur ki, avtomobilin surətlər qutusunun ehtiyyat hissəsi olan “hidroblok”un nasaz olması və bu da öz növbəsində surətlər qutusunun düzgün işləməməsi ilə nəticələnməsidir. Bu nasazlıq Musa və Ənvər tərəfindən qəbul edilmiş və onlar bəlli olmayan müddət ərzində məsələni həll edəcəyinə söz vermişdirlər . Lakin dəfələrlə müraciət etməsinə baxmayaraq onlar bu nasazlığı aradan qaldırmamışlar. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, nəqliyyat vasitəsində sözü gedən nasazlığı aradan qaldıran zaman su radiatorlarının da nasaz olması müəyyən edilmişdir. Bundan əlavə nəqliyyat vasitəsində təhlükəsizlik hava yastıqlarında olması ilə bağlı əsaslı şübhələri yaranmışdır. Halbuki nəqliyyat vasitəsini əldə edən zaman artıq mövcud nasazlıqlar barədə ona hər hansı bir məlumat verilməmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, bir neçə vaxtdır ki, xarici ölkələrdən Respublikaya avtomobil gətirərək satışı ilə məşğul olur. 2003-cü ilin iyul ayının əvvəllərində “Volkswagen Jetta№ markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satılması barədə internet sosial şəbəkəsində olan “Tap.az” saitinə yerləşdirilmiş və bir nəçə gündən sonra İddiaçı Çinciz oğlu avto-salona yaxınlaşaraq avtomobili almaq istədiyini bildirmişdir. Cavabdeh bunu da qeyd etmişdir ki, o, digər ölkələrdən əzilmiş avtomobilləri Respublikaya gətirərək satışı ilə məşğul olaraq, avtomobilin əzik olmasını və qəzaya hansı şəraitdə düşməsini satıcıya bildirilir. Bu barədə Fərhada bildirilmişdir. Onlar Fərhadla 26.000 manata avtomobili danışıb razılaşmış və Fərhad avtomobilin 200 manatını kart vastəsi ilə onun kartına atdı, qalan 25.800 manat pulu nağd şəkildə ödəmişdir. 2024-cü yanvar ayında “VW Baku” şirkətini açaraq fəaliyyət göstərir. Cavabdeh bunu da qeyd edir ki, Fərhad avtomobili aldıqdan bir neçə ay keçdikdən sonra şirkətə müraciət etmiş və ona bildirilmişdir ki, ikinci əl avtomobillərə Azərbaycan Respublikasında zəmanət yoxdur və o, Fərhada heç bir zəmanət verməmişdir. Eləcədə müştəri avtomobilə baxır və onlar avtomobilin əzilməsi barədə müştəriyə məlumat verdikdən sonra, müştəri avtomobili ustaya aparıb göstərdikdən sonra avtomobili alır. İddiaçı avtomobili aldıqdan sonra mühərrikində nasazlıq olmasında şirkətin heç bir məsuliyyəti yoxdur və şirkət tərəfindən Fərhadla heç bir zəmanət bağlanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3- 13-16/2-170594/2024 saylı məktubundan və ona əlavə edilmiş kompyuter çıxarışından görünür ki, “Volkswagen Jetta” minik markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixli şəhadətnaməyə əsasən İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan 02 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X5” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən avtohissələr satışı bazarlarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Volkswagen Jetta” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7.190,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 5.900,00 manat; təmirbərpa işlərinin qiyməti – 1.290,00 manat. “Volkswagen Jetta” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşağıdakı hissələrində nasazlıq aşkar edilmişdirmi? “Volkswagen Jetta” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşağıdakı hissələrində daha əvvəl mövcud olmuş nasazlıqlar aradan qaldırılmışdırmı? suallar məhkəmə - əmtəəşünaslıq ekspertizasının səlahiyyətlərinə aid deyil. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunur. Beləliklə məhkəmə araşdırılması zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, 22 iyul 2023-cü il tarixində X1 mülkiyyətində olan “Volkswagen Jetta” markalı **-XA- *** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin qarşılıqlı razılaşmasına əsasən Cavabdeh vasitəçiliyi əsasında 26.000 manat müqabilində İddiaçı satılmışdır. İddiaçı satılmış əşyanın qüsurlu olması səbəbindən həmin qüsurların aradan qaldırılması üçün zəruri xərclərin cavabdehdən tutulmasını iddia edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 571.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. 581.1-ci maddəsinə görə satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 587.1-ci maddəsinə görə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 1) alış qiymətinin mütənasib azaldılması; 2) əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 3) əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 588.1-ci maddəsinə görə əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Göründüyü kimi 22 iyul 2023-cü il tarixində iddiaçıya satılmış “Volkswagen Jetta” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qüsurları ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Məhkəmə hesab edir ki, iş materialları ilə “Volkswagen Jetta” markalı avtomobilin qüsurlarının iddiaçıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəlməsi sübuta yetirilmədiyindən, iddia tələbləri təmin edilməli deyil. Belə ki, yuxarıda qeyd edilmiş normalardan göründüyü kimi əşyanın zədələnməsi riski əşyanın verilməsindən sonra alıcıya keçir. Bununla da “Volkswagen Jetta” markalı avtomobilin qüsurlarının 22 iyul 2023-cü il tarixinə mövcud olması və ya bu tarixədək yaranan səbəblərdən əmələ gəlməsi iş materialları ilə öz təsdiqini tapmadığından, pul tələbinə dair iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri təmin edilmədiyindən dövlət rüsumu və ekspertiza xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı – avtomobildə aşkarlanan qüsurların aradan qaldırılması üçün 7.650 (yeddi min altı yüz əlli) manat məbləğinin və 97 (doxsan yeddi) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia tələbləri təmin edilməsin. 50 (əlli) manat ekspertiza xərci İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar