Məhkəmə qərarları › İş №e-2(011)-3919/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3919/2023

14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3919/2023 14.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «X1 Olmayan Kredit Təşkilatı» ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı «X1 Olmayan Kredit Təşkilatı» ASC Cavabdeh qarşı – cavabdehdən 19.147,55 (on doqquz min bir yüz qırx yeddi manat əlli beş qəpik) manat əsas, faiz üzrə 6,020,87 (altı min iyirmi manat, səksən yeddi qəpik) manat, cərimə üzrə 1.905,30 (bir min doqquz yüz beş manat otuz qəpik) manat olmaqla ümumilikdə 27.073,72 (iyirmi yeddi min yetmiş üç manat, yetmiş iki qəpik) manat məbləğində vəsaitin və 172 (bir yüz yetmiş iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı «X1 Olmayan Kredit Təşkilatı» ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 002 nömrəli kredit müqaviləsinə əsasən borcluya 36 (otuz altı) ay müddətinə illik 18 % dərəcəsi olmaqla 20.000 manat (iyirmi min manat) məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2-ci bəndi). Kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilməli idi. Lakin borclu Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də borclu Cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh 10 aprel 2023-cü il tarixli arayışa əsasən "xxxx" ASC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 19.147,55 (on doqquz min bir yüz qırx yeddi manat əlli beş qəpik) manat, faiz üzrə 6.020,87 (altı min iyirmi manat, səksən yeddi qəpik) manat, cərimə üzrə 1.905,30 (bir min doqquz yüz beş manat otuz qəpik) manat olmaqla ümumilikdə 27.073,72 (iyirmi yeddi min yetmiş üç manat, yetmiş iki qəpik) manat təşkil edir. İddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, maddi çətinliyi yarandığına görə ödənişləri icra edə bilməmişdir. Borcun hesablanmasını mübahisələndirmir. O, cərimə və fazilərin hesablanmasında güzəştlərin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, cavabdehin izahatını və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, «X1 Olmayan Kredit Təşkilatı» ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 002 nömrəli kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən bu müqavilə üzrə Borc verən Borcalana 36 (otuz altı) ay müddətinə, illik 18% olmaqla 20.000 (iyirmi min) manat məbləğində kredit verməyi, Borcalan krediti qəbul edərək, bu Müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü maddəsinə kredit müştərinin nömrəli kartına köçürmə yolu ilə verilir. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə (Əlavə 1) uyğun olaraq Borc verənin bank hesabına ödəməklə həyata keçirir. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə 1) nəzərdə tutulmuş tarixlərdə ödənilmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 (bir) % dəbbə pulu və vaxtı keçmiş kredit üzrə illik 36% olmaqla faiz hesablana bilər. İş materiallarında olan İK-21/002 kredit müqaviləsinə 1 saylı əlavədə göstərilmiş ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. Həmin cədvəl üzrə xx.xx.2021xx.xx.2024-cü il dövrü ərzində cəmi 26.029,9 manat kredit ödənişinin (20.000 manat əsas məbləğ, 6.029,72 manat faiz məbləği) ödənilməsi nəzərdə tutulmuşdur. İşin materiallarında olan PCM-23/0053-1 saylı xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh «X1 Olmayan Kredit Təşkilatı» ASC-yə qeyd edilən müqavilə üzrə 19.147,55 manat məbləğində əsas, 6.020,84 manat faiz, 1.905,30 manat cərimə, cəmi 27.073,72 manat məbləğində kredit borcu vardır. İşin materiallarında olan «X1 Olmayan Kredit Təşkilatı» ASC tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh göndərilmiş pretenziyanın surətindən görünür ki, sonuncu borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, həmin tələblər qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən cərimə pulunun 1.905,30 manat məbləğində deyil, 957 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İddia tələblərinin 172 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq məhkəmə hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, 002 saylı kredit müqaviləsinə əsasən 19.147,55 (on doqquz min yüz qırx yeddi manat əlli beş qəpik) əsas borc, 6.020,87 (altı min iyirmi manat səksən yeddi qəpik) faiz borcu, 957 (doqquz yüz əlli yeddi manat) cərimə borcu olmaqla, cəmi 26.125,42 (iyirmi altı min yüz iyirmi beş manat qırx iki qəpik) borc məbləği və 172 (bir yüz yetmiş iki manat) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı «X1 Olmayan Kredit Təşkilatı» ASC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar