Məhkəmə qərarları › İş №e-2(011)-3925/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3925/2022

23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3925/2022 23.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “avtomobilin geri qaytarılması və s.” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – xx.xx.2019-cu il tarixli K-176A-PCC-19 saylı avtomobilin müddətli satışı üzrə müqaviləyə xitam verilməsi, “Ravon R2” markalı ** PB *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin və 163 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli K-176A-PCC-19 saylı avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən “Ravon R2” minik markalı ** PB *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi almışdır. Tərəflər arasında olan razılaşmaya əsasən nəqliyyat vasitəsinin dəyəri 23846,23 manat məbləğində razılaşdırılmışdır. Cavabdeh həmin məbləğdən 3980 manat məbləğində hissəni ilkin ödəniş kimi etmişdir. Qalan 19866,23 manat məbləğində pulun hissə-hissə olmaqla 36 ay müddətinə ödənilməsi haqqında tərəflər arasında razılıq əldə edilmişdir. Müqavilə imzalandıqdan sonra İddiaçı MMC üzərinə düşən öhdəliyi icra edərək nəqliyyat vasitəsini cavabdehə təhvil vermişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini əvvəllər vaxtında icra etsə də sonradan gecikmələrə yol vermiş və 2022-ci ilin yanvar ayından sonra ödənişlərin icrasını tamamilə dayandırmışdır. Dəfələrlə cavabdehlə əlaqə yaradılaraq ya müqavilə üzrə öhdəliklərini icra etməsi ya da nəqliyyat vasitəsini qaytarması tələb edilsə də cavabdeh nə ödəliklərini icra etməmiş nə də nəqliyyat vasitəsini geri qaytarmamışdır. İcra etməli olduğu ödənişləri icra etməməsi azmış kimi cavabdeh həm də qeyri-qanuni yolla iddiaçının mülkiyyətçisi olduğu nəqliyyat vasitəsinə sahiblənərək onu özündə saxlayır, istifadə edir və geri qaytarmaqdan imtina edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə K-176A-PCC-19 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “Ravon R2” minik markalı ** PB *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi İddiaçı MMC tərəfindən Cavabdeh satılmışdır. Müqavilənin 3.2.4-cü maddəsinə əsasən, alıcı müqavilənin 2.3-cü bəndi ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə İddiaçı MMC müqavilənin icrasından birtərəfli qaydada imtina edə, nəqliyyat vasitəsini geri götürə və ödənilmiş məbləği geri qaytarmaya bilər. Həmin müqavilənin 2 saylı əlavəsindən görünür ki, müqavilənin dəyəri 23846,23 manatdır, ilkin olaraq Cavabdeh 3980 manat ödəniş etmişdir. Qalan 19866,23 manat borcu isə alıcı 36 ay müddətinə hər ay 552 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarından görünür ki, İddiaçı MMC Cavabdeh borcunu ödəməsinə dair xx.xx.2021-ci il tarixdə məktub göndərmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Yenə həmin Məcəllənin 421.2.-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, tərəflər arasında avtomobilin alqı-satqısı barədə müqavilə bağlanmış, müqaviləyə əsasən ilkin ödəniş edildikdən sonra qalan məbləğ cavabdeh tərəfindən iddiaçıya 36 ay müddətinə ödənilməli idi. Hazırda isə müqavilənin bağlanmasından 1 ildən çox vaxt keçməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi icra etmədiyi üçün, iddiaçı bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, müqavilənin vaxtından əvvəl ləğv edilməsini və “Ravon R2” minik markalı ** PB *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 163 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli K-176A- PCC-19 nömrəli avtomobilin müddətli satışı müqaviləsi ləğv edilsin. “Ravon R2” minik markalı ** PB *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi Cavabdeh alınaraq, İddiaçı MMC-yə qaytarılsın. 163 (yüz altmış üç) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar