Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3953/2022 21.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 002R********** saylı krеdit razılaşması üzrə 633.48 manat məbləğində krеdit bоrcu, 300.29 manat məbləğində faiz bоrcu və 193.23 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1127 (min yüz iyirmi yeddi) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 31.27 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 002L**********42 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır, bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 002R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8500 (səkkiz min beş yüz) manat məbləğində krеdit götürmüşdür, tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 002R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir, Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır, Cavabdeh1 götürdüyü krеdit bоrcundan 7866.52 manat ödəmiş, onun 633.48 manat məbləğində kredit borcu qalmışdır, kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır, bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 228 gün üçün hesablanmış faiz borcu 300.29 manat təşkil edir, krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir, xx.xx.2022-ci il tarixə 228 gün üçün hеsablanmış cərimə 193.23 manat təşkil edir, uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür, o həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Cavabdehlərin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 002L**********42 saylı uzunmüddətli krеdit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank kredit alana 120 ay müddətinə 16 may 2029-cu il tarixədək, illik faiz dərəcəsi 28 faiz olmaqla 100.000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 002R********** saylı krеdit razılaşmasından görünür ki, sonuncuya Bank tərəfindən fərdi mikro-kredit məqsədi ilə aylıq faiz dərəcəsi 2,0833 % olmaqla 24 ay müddətinə 8500 manat kredit verilmişdir, müqavilənin 1.2-ci bəndinə əsasən, kredit alan kredit razılaşmasının ödəniş planına əsasən, razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında razılaşdırılmış Ödəniş planından görünür ki, verilən kreditin məbləği 8500 manat, komisyon haqqı 85 manat, verilmə tarixi 09 oktyabr 2019-cu il, aylıq faiz dərəcəsi 2,0833 %, aylıq ödənilməli olan məbləğ 456 manatdır, gecikdirilməyə görə gündəlik cərimə, kredit qalığının 0,1% miqdarındadır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında 002S**********01 bağlanmış Zaminlik müqaviləsindən görünür ki, sonuncu –zamin 002L**********42 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür, borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Kredit verilməsi-köçürmə çıxarışdan görünür ki, Cavabdeh1 8500 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlamnış xx.xx.2020-ci il tarixli 002R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə borcun ödənilməsi, əks təqdirdə bu məqsədlə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 6172 saylı arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 002R********** saylı krеdit razılaşması üzrə borcu, 633,48 manat əsas məbləğ üzrə borc, 300,29 manat faiz üzrə borc, 193,23 manat cərimə borcu, gecikdirilən günlərin sayı 228 gün olmaqla, cəmi 1127 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən 31,27 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 16 may 2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən 002R192823817 nömrəli kredit razılaşması ilə Cavabdeh1 fərdi mikro-kredit məqsədi ilə aylıq 2,0833 faiz olmaqla, 24 ay müddətinə 8500 manat kredit verilmişdir, həmçinin Cavabdeh2 tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsinin təminatı qismində zamin olmuşdur, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, Cavabdeh1 isə müqavilə şərtlərini pozaraq ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır, bank tərəfindən cavabdehlərə xəbərdarlıq məktubu göndərilmişdir. Bununla belə, qalıq borcun cavabdehlər tərəfindən ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdehlər kredit və zaminlik müqavilələrini öz riski ilə bağladıqlarından həmin müqavilələr üzrə öhdəliklərə görə də məsuliyyət daşıyırlar. Məhkəmə, yuxarıda adı çəkilən müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 35 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə görə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 002R********** saylı krеdit razılaşması üzrə cavabdehlərdən müştərək qaydada 633,48 manat məbləğində kredit borcu, 300,29 manat faiz borcu və 35 manat cərimə borcu olmaqla ümumilikdə 968,77 manat məbləğində kredit borcu alınaraq İddiaçı QSC -yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosesssual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan və hazırki iddia tələbi qismən təmin olunduğundan məhkəmə xərcinə daxil olan dövlət rüsumu 30 manat hissədə cavabdehə aid edilərək ondan alınaraq İddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə (1,27 manat) iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 002R********** saylı krеdit razılaşması üzrə müştərək qaydada 633,48 manat məbləğində kredit borcu, 300,29 manat faiz borcu, 35 manat cərimə borcu olmaqla, ümumilikdə 968 (doqquz yüz altmış səkkiz) manat 77 (yetmiş yeddi) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğdə pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3953/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3953/2022
21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver