Məhkəmə qərarları › İş №e-2(011)-3978/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3978/2025

15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3978/2025 15.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGRR7442924B299 saylı kredit müqaviləsinə əsasən ona 46 ay müddətinə illik 15,2 faiz dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir.

3. Nəticədə cavabdehlərin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 18351,85 manat əsas, 18351,85 manat faiz, cəmi 19885,46 manat borcu yaranmışdır

İddiaçının tələbi:

4. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 18351,85 manat əsas, 18351,85 manat faiz, cəmi 19885,46 manat borcun və ödənilmiş 149,66 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçının nümayəndəsi xx.xx.2025-ci ildə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir, iddia ərizəsi tərtib olunarkən cavabdehin banka olan borcu texniki səhv nəticəsində yanlış göstərilmişdir. Odur ki, Mülki Prosessual Məcəllənin 53-cü maddəsini nəzərə alıb qeyd olunan iddia ərizəsinin «iddia tələbi» hissəsini, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 18351,85 manat əsas, 1533,61 manat faiz, cəmi 19885,45 manat pul vəsaitinin və 149,66 manat dövlət rüsumunun tutulması kimi qəbul edilməsini və bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

6. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı ASC-yə 18352,85 manat məbləğində borcunun olduğunu və iddia ərizəsini qəbul etmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

7. İddiaçının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-ci maddəsinə əsasən işə idiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir.

8. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdirlər və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

9. Cavabdeh ilə ”Kapital Bank” ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGRR7442924B299 №-li kredit müqaviləsinə əsasən, borcverən borcalana 20000 manat məbləğində, illik 15,2 faiz olmaqla, 46 ay müddətinə, kredit vermiş, borcalan isə krediti təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürür.

10. xx.xx.2024-cü il tarixli, RGRR7442924B299 №-li kredit müqaviləsinə əlavə ödəniş qrafikinə əsasən, kredit 46 ay müddətinə, aylıq 576,35 manat olmaqla müəyyən edilmişdir.

11. ”Kapital Bank” ASC tərəfindən verilmiş bildirişə əsasən, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka xx.xx.2025-ci il tarixinə 18351,85 manat əsas, 1533,61 manat faiz borcu olmaqla, ümumilikdə 19885,46 manat məbləğində ümumi borcu, gecikmə günü 127 gün olmaqla 3283,79 manat məbləğində gecikmə yaranmışdır. Bütün borc məbləğinin ödənilməsini 3 iş günü ərzində təmin edilməsi, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

12. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh banka 18351,85 manat əsas, 18351,85 manat faiz borcu olmaqla, ümumilikdə 19885,46 manat borcu qalmışdır.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 740.6. Borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 744.1. Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc, yəni kredit müqaviləsi bağlanılmış (MM m.739.1, 739.2), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir (MM m. 443.1, 448.1 və 448.2, 746-5.2).

17. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il tarixli, RGRR7442924B299 №-li əlavə kredit müqaviləsi üzrə ödənilməmiş 18351,85 manat əsas, 1533,61 manat faiz borcu olmaqla, cəmi 19885,45 manat məbləğində borc Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

Məhkəmə xərcləri:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 149,66 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-215,2, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh 18351,85 manat əsas, 1533,61 manat faiz, cəmi 19885,46 (on doqquz min səkkiz yüz səksən beş manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı ”Kapital Bank” ASC-yə ödənilsin.

3. İddiaçı tərəfindən ödənilmiş 149,66 (yüz qırx doqquz manat altmış altı qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı ”Kapital Bank” ASC-yə ödənilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar