Məhkəmə qərarları › İş №e-2(011)-398/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-398/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-398/2024 16.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı cavabdeh aralarında mübahisə yaranmamışdan bir müddət əvvəl tanış olmuşlar. Cavabdeh 2022-ci ilin iyun-avqust aylarında iddiaçıdan ümumilikdə 12500 manat pul almışdır. İddiaçı bildirir ki, cavabdeh lazer apartının təmir olunması, bundan sonra gözəllik salonunda birlikdə işləmələri üçün almışdır. Cavabdeh isə iddiaçıdan 5000 manat pul aldığını, həmin pulu hissə-hissə qaytardığını və iddiaçıya borcunun olmadığını bildirir. Tərəflər arasında pulun verilməsi ilə bağlı hər hansı müqavilə bağlanmamışdır.

2. Cavabdeh Xətai RPİ-nin 37-ci Polis Şöbəsində verdiyi izahatında xx.xx.2022-ci il tarixdə iddiaçıdan faizlə pul aldığını, xx.xx.2022-ci il tarixdə isə 5000 manat pul aldığını etiraf etmiş, iki ay 1125 manat, daha sonrakı iki ay 1875 manat pulu faiz olaraq, 2000 manat isə aldığı puldan, ümumilikdə isə iddiaçıya 8000 manat pul verdiyini və ona borcunun olmadığını bildirmişdir.

3. İddiaçının müraciəti əsasında cavabdehin barəsində araşdırma aparılmış və əməlində AR CM-nin 178-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı trəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

4. İddiaçı cavabdeh tərəfindən borcdan bir dəfə 2000 manat, bir dəfə isə 600 manat məbləğində ödəniş etmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

5. İddiaçı 10500 manat məbləğində pulun, məhkəmə xərci olaraq ödənilmiş 120 manat dövlət üsumunun və 170 manat vəkilə ödədiyi xərcin cavabdehdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, əvvəllər tanıdığı cavabdeh 2022-ci ilin avqust ayında salonda lazer apartını təmir etdirmək üçün ondan borca 12500 manat pul almışdır. Lazer aparıtını təmir etdikdən sora salonda birgə i.ləyəcəkdilər. Lakin cavabdeh aparatı təmir etdirməmişdir. Dəfələrlə ondan verdiyi borcu geri istəmiş, cavabdeh borcundan 2000 manat pulu geri qaytarsa da, 10500 manatı qaytarmamışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir.

8. Məhkəmə iclasında verilən izahatlar:

9. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh 10 000 manat borcdan 600 manat, 2500 manat borcdan isə 2000 manat ödəniş etmişdir.

10. Məhkəmə iclasında mobil telefon vasitəsilə Soltan Qurbanova ilə əlaqə saxlanılmış, o, bildirmişdir ki, hal-hazırda Türkiyə Respublikasındadır. Bildirdi ki, onun NZS qəsəbəsində mağazasə var idi. cavabdehi əvvəlcədən tanıyırdı. Cavabdeh ona bildirdi ki, ona pul lazımdır. O, bildirdi ki, hazırda mağaza ilə əlaqədar ond pul yoxdur, ancaq rəfiqəsi olan iddiaçıdan ala bilər. Cavabdeh bildirdi ki, 10 günə pulu qaytaracaq. İddiaçı birinci dəfə 2500 manat məbləğində cavabdehə pul verdi. Daha sonra cavabdeh lazer aparatının təmiri üçün pul lazım olduğunu bildirərək iddiaçıdan 5000 manat məbləğində pul istədi. Həmin vaxt o, iddiaçıya bildirdi ki, pulu versin, çünki qaytaracaq. İddiaçı cavabdehə 5000 manat da pul verdi.

11. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İşə baxan məhkəmənin mövqeyi:

24. Məhkəmə iddiaçının, onun vəkilinin və nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

25. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

26. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, tələbin hüquqi əsasını ilk növbədə Mülki Məcəllənin 1096-cı və 1097.1-ci maddələri təşkil edir.

27. İddiaçıya dəymiş ziyanla əlaqədar cavabdehin təqsirli hərəkətinin olması, yəni iddiaçının etibarından sui-istifadə edərək ondan 10500 manat məbləğində pul vəsaitini alaraq, bunun müqabilində lazer aparatı alaraq, birlikdə işlətməsini vəd etməsi, lakin verilən vədə əməl etməməsi, eləcə də iddiaçıdan aldığı pul vəsaitinin tam qaytarılmaması müəyyən edilmişdir. İşin bu halları iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla, eləcə də, cavabdehin Xətai RPİ-nin 25-ci PŞ-də verdiyi izahatı ilə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən pul vəsaitinin ona qaytarılmaması nəticəsində vurulan zərərin əvəzini tələb etməkdə haqlıdır.

28. Digər bir tərəfdən, iddiaçı məhkəmə iclasında cavabdeh tərəfindən ona bir dəfə 2000 manat, bir dəfə 600 manat olmaqla, cəmi 2600 manat məbləğində ödəniş edildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, bu halın iddiaçı tərəfindən etiraf edilməsi artıq cavabdehi 2600 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarması ilə bağlı faktı sübutetmək vəzifəsindən azad edir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

29. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, 9900 (12500 – 2000 – 600 = 9900) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyinə tutulmalıdır.

30. Məhkəmə həmçinin iddianın 120 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.

31. İddiaçı vəkilə ödənilən 170 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etsə də, bu dəlilini təsdiq eədəcək məhkəməyə heç bir sübut təqdim etməmişdir.

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 9900 manat məbləğində pul vəsaiti və 120 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar