Məhkəmə qərarları › İş №e-2(011)-3982/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3982/2022

20.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3982/2022 20.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Kiçik və X1 Agentliyi Publik hüquqi şəxsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. “Khazar SD” minik markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətindədir.

2. xx.xx.2022-ci il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdeh Eyvaz Əliyev etibarnamə ilə idarə etdiyi və Cavabdeh2 məxsus “Kia K5” markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində Sığortalanmış avtomobilə zərər vurmuşdur.

3. Həmçinin, Eyvaz Əliyev barəsində xx.xx.2022-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar (xx.xx.2022-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokol əsasında) qəbul edilməklə, o, İXM-nin 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması) və 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 manat məbləğində cərimə olunmuşdur.

4. Sığorta hadisəsi nəticəsində Sığortalanmış avtomobilə dəyən zərər "xxxx" MMC tərəfindən zərər aktı tərtib edilməklə 3827,60 manat məbləğində qiymətləndirilmişdir.

5. “Kia K5” markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi digər Cavabdeh2dir. Hadisə baş verdiyi anda sürücü Cavabdeh1 olmuşdur.

6. İddia ərizəsinin və ona etirazın dəlilləri:

7. İddia ərizəsinin dəlilləri:

8. İddiaçı öz balansında olan ** PK *** dövlət qeydiyyat nişanlı, “Khazar SD minik” markalı nəqliyyat vasitəsinə Cavabdeh1 törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində dəymiş 3827,60 (üç min səkkiz yüz iyirmi yeddi manat altmış qəpik) manat məbləğində maddi ziyanın əvəzinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, balansında olan, Lənkəran KOB dostuna təhkim edilmiş **-PK-*** dövlət qeydiyyat nişanlı, “Khazar SD minik” markalı nəqliyyat vasitəsinə Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi **-GY-*** dövlət qeydiyyat nişanlı, “Kia K5” markalı nəqliyyat vasitəsi ilə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində 3827,60 manat məbləğində maddi ziyan vurmuşdur. O, xx.xx.2022-ci il tarixində Lənkəran şəhər rayon polis şöbəsinə verdiyi izahatda yol hərəkəti qaydasını pozduğunu etiraf etmiş və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 469.3-cü və 327.1ci maddələri əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İcbari Sığorta Bürosunun “icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması” sistemində təqsirkar şəxsin idarə etdiyi **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair qüvvədə olan icbari avtoməsuliyyət sığortası müqaviləsi aşkar edilməmişdir."xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən Agentliyin balansında olan nəqliyyat vasitəsinə 3827,60 (üç min səkkiz yüz iyirmi yeddi manat altmış qəpik) manat ziyan dəydiyi müəyyən olunmuşdur. Onların sorğusuna AR DİN BDYPİ tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli 5/528- 1222 nömrəli məktubda Cavabdeh1 idarə etdiyi “KİA K5” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinin Cavabdeh2 bildirilmişdir.

10. Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:

11. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişlər.

12. Məhkəmə iclasında verilən izahatlar:

13. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

14. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək vyrylmuş zərəri hissə-hissə ödəyə biləcəyini, habelə qəzanı o tötərdiyini və digər cavabdehin hadisənin baş verməsində təqsirinin olmadığını bildirdi.

15. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin o, ərizə ilə məhkəməyə müraciət edərək səhhətində yaranan problemlə əlaqədar məhkəmə iclasına gəlməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

16. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. Maddə 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

20. Maddə 1108.2 Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Məhkəmənin mövqeyi:

26. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

27. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

28. İddiaçı cavabdehlərin təqsiri nəticəsində ona (onun əmlakına) maddi zərər dəydiyini iddia edir.

29. Yuxarıda qeyd edilən müddəanın mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır.

30. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 mülki hüquq pozuntusu törətmişdir. Belə ki, o, qanuni əsasla (etibarnamə əsasnda) idarə etdiyi “Kia K5” markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edrkən yol nəqliyyat hadisəsi törətmiş, iddiaçının avtomobili ilə toqquşması nəticəsində sonuncuya (onu avtomobilinə) maddi ziyan vurmuşdur. Cavabdeh1 təqsirli olması onun barəsində xx.xx.2022-ci il tarixdə tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla təsdiq edilmiş və o, İXMnin 327.1-ci və 469.3-cü maddələri ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. İş materialları ilə o da müəyyən olunur ki, Cavabdeh1 təqsirli hərəkəti ilə nəticə arasında səbəbli əlaqə olmuşdur (yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının əmlakına zərər vurulması).

31. Lakin məhkəmənin qənaətinə görə, iddiaçı hazırkı iddia tələbini yalnız Cavabdeh1 qarşı irəli sürməkdə haqlıdır.

32. Belə ki, qanununda yüksək təhlükə mənbəyinin ümumi təsnifatı veriulmişdir ki, onlardan biri də nəqliyyat vasitəsidir. Yuxarıda da qeyd olunduğu kimi, iş materialları ilə müəyyən edilir ki, “Kia K5” markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobili digər cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamə əsasında Cavabdeh1 idarə etmişdir. Yəni, Mülki Məcəllənin 1108.2-ci maddəsinin mənası baxımından hadisə baş verən vaxt “Kia K5” markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilə faktiki sahibliyi Cavabdeh1 həyata keçirmişdir, eləcə də həmin avtomobil onun istifadəsində qanuni əsasla olmuşdur. Odur ki, onun sözügedən avtomobili idarə etməyə qanunla müəyyən edilmiş qaydada hüququ olduğundan, habelə yol nəqliyyat hadisəsinin baş verməsində onun təqsiri dövlət orqanının qərarı ilə müəyyən edildiyindən, Cavabdeh1 yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə məsuliyyət daşıyır.

33. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı subroqasiya tələbi ilə, Cavabdeh1 münasibətdə məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddia həcminə görə qismən əsaslıdır.

34. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/6922 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünü ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-cı il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2020-ci il buraxılışlı “Khazar SD” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə 3667 manat maddi ziyan dəymişdir.

35. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, tərəflər ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.

36. Məhkəmə, həmçinin hesab edir ki, ekspertiza xərci Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir.

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 3677 manat məbləğində sığorta ödənişi Cavabdeh1 alınaraq Azərbaycan Respublikasının Kiçik və X1 Agentliyi Publik hüquqi şəxsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tətqiqatının dəyəri kimi hesablanmış 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar