Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3983/2023 10.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 sentyabr 2020-ci il tarixli müqavilə üzrə, İmei kodu **********41071 olan X3 8 Pro markalı telefon üçün 115.60 manat əsas borc, 34.40 manat dəbbə; 08 aprel 2021-ci il tarixli müqavilə üzrə, İmei kodu **********55847 olan İphone 11 markalı telefon, Apple USB adapter üçün 1.224 manat əsas borc, 367 manat dəbbə; 29 oktyabr 2021-ci il tarixli müqavilə üzrə, İmei kodu **********30083 olan Samsung Galaxy S21 markalı telefon üçün 3.500,92 manat əsas borc, 1.107,08 manat dəbbə olmaqla, cəmi 6.349 manat borcun və 83.49 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı 23 sentyabr 2020-ci il, 08 aprel 2021-ci il və 29 oktyabr 2021-ci il tarixli müqavilələrə əsasən, cavabdeh X3 8 Pro markalı telefon, İphone 11 markalı telefon, Apple USB adapter və Samsung Galaxy S21 markalı telefon almış və nəticədə 6.349 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 23 sentyabr 2020-ci il tarixli müqavilə üzrə alğı-satqı qiyməti 714.60 manat olan İmei kodu **********41071 olan X3 8 Pro markalı telefon üçün ümumilikdə 150 manat olmaqla, ondan 115.60 manat əsas borc, 34.40 manat dəbbə; 08 aprel 2021-ci il tarixli müqavilə üzrə alğı-satqı qiyməti 2.722 manat olan İmei kodu **********55847 olan İphone 11 markalı telefon, Apple USB adapter üçün ümumilikdə 1.591 manat olmaqla, ondan 1.224 manat əsas borc, 367 manat dəbbə; 29 oktyabr 2021ci il tarixli müqavilə üzrə alğı-satqı qiyməti 3.706,92 manat olan İmei kodu **********30083 olan Samsung Galaxy S21 markalı telefon üçün ümumilikdə 4.608 manat olmaqla, ondan 3.500,92 manat əsas borc, 1.107,08 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.303 manat təşkil edir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə araşdırması zamanı cavabdeh iddia tələbini qismən qəbul edərək əsas borc məbləğini qəbul etdiyini bildirmiş və cərimə borcunun azaldılmasını xahiş etmişdir. İşin faktiki halları: İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 23 sentyabr 2020-ci il, 08 aprel 2021-ci il və 29 oktyabr 2021-ci il tarixli müqavilələr bağlanmışdır. İddiaçı müqavilələr üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozmuş və tam və vaxtında ödəniş etməmişdir. Cavabdehin iddiaçıya borcu yaranmışdır. Yaranmış borcla bağlı cavabdehə xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 576-cı maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alğı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilələrin hissə-hissə ödənilməsi müddəti və məbləği müqavilələrə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr əsasında cavabdeh iddiaçıdan müqavilələrdə göstərilən əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilələr əsasında əşyaları almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimələr iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimələrin tənasübsüz surətdə yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilələr ilə müəyyən edildiyini nəzərə alaraq 23 sentyabr 2020-ci il tarixli müqavilə üzrə müəyyən edilmiş 34.40 manat cərimənin 5 manat, 08 aprel 2021-ci il tarixli müqavilə üzrə müəyyən edilmiş 367 manat cərimənin 60 manat, 29 oktyabr 2021-ci il tarixli müqavilə üzrə müəyyən edilmiş 1.107,08 manat cərimənin 110 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. Məhkəmə həmçinin iddianın 83.49 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilələrdən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 23 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən, 115.60 (bir yüz on beş manat altmış qəpik) manat əsas borc, 5 (beş) manat cərimə borcu; 08 aprel 2021-ci il tarixli tarixli müqaviləyə əsasən, 1.224 (bir min iki yüz iyirmi dörd manat) manat əsas borc, 60 (altmış) manat cərimə borcu; 29 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən, 3.500,92 (üç min beş yüz manat doxsan iki qəpik) manat əsas borc, 110 (bir yüz on) manat cərimə olmaqla, cəmi 5.015,52 (beş min on beş manat əlli iki qəpik) manat pul vəsaiti və 83.49 (səksən üç manat qırx doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-3983/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3983/2023
10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver