Məhkəmə qərarları › İş №e-2(011)-4002/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-4002/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4002/2022 31.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi" barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01/294/19-N saylı, 18 oktyabr 2019-cu il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə əşyanın ödənilməmiş dəyəri 996,94 manat, dəbbə pulu 103,06 manat, cəmi 1100,00 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 31 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 18 oktyabr 2019-cu il tarixdə 01/294/19-N saylı Nisyə alqı-satqı müqaviləsi bağlanıb, müqaviləyə əsasən iddiaçı qiyməti 2,647.94 manat olan 1 ədəd 2018-ci il buraxılışlı Teplo markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə cavabdehə təhvil verib, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan Ödəniş qrafikinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürüb, hazırda cavabdehin həmin müqaviləyə əsasən qalan borcu 996,94 manat, dəbbə pulu 2278,53 manat olmaqla, cəmi 3275,47 manat təşkil edir, müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilib, lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 455 gün müddətində gecikdirilib və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməyib. Sonda Nümayəndə1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 yazılı ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18 oktyabr 2019-cu il tarixli NAS-01/294/19-N saylı Nisyə alqı-satqı müqaviləsindən görünür ki, alıcı Cavabdeh 2018-ci il buraxılışlı 1 dəst divardan asılan məişət qaz qazanını 18 ay müddətində hər ay ödəniş qrafiki ilə müəyyən edilmiş məbləğdə ödəmək şərtilə 2647,94 manata almışdır. Həmin müqavilənin 10.1-ci maddəsinə əsasən, alıcı müəyyən edilmiş müddətlərdə bu Müqavilə ilə nəzərdə tutulmuş hər hansı ödənişləri (onun hissələri) həyata keçirmədikdə, Satıcı ödənişin gecikdirildiyi hər təqvim günü üçün gecikdirilmiş ödənişin 0,5% (sıfır tam onda beş faizi) məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər, Alıcı isə həmin 3 dəbbə pulunu Satıcı tərəfindən göstərilən müddətlərdə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 18 oktyabr 2019-cu il tarixli NAS-01/294/19-N saylı Nisyə alqısatqı müqaviləsinə 2 №-li Əlavənin təsdiq olunmuş surətindən görünür ki, obyektin dəyəri 2647,94 manatdır, aylıq ödəniş məbləği 147,11 manatdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Əmlakın təhvil-təslim Aktının təsdiq olunmuş surətindən görünür ki, Teplo modelli avadanlıq Cavabdeh təhvil verilmişdir, avadanlıq texniki cəhətdən sazdır və xarici qüsurları yoxdur, əmlakın keyfiyyəti və komplektliyinə dair heç bi irad yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, 18 oktyabr 2019-cu il tarixli NAS-01/294/19-N saylı Nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh ödənilmiş məbləği 1651 manat, qalan borc 996,94 manat, dəbbə pulu 2278,53 manat, ümumi borc 3275,47 manatdır. İş materiallarında olan 492 №-li xx.xx.2021-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməsi barədə Tələb məktubunun surətindən görünür ki, Cavabdeh borcu dəral ödəməsi tələb olunması barədə məktub göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı Mədaxil Qəbazindən görünür ki, İddiaçı MMC tərəfindən 31 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 18 oktyabr 2019-cu il tarixli NAS-01/294/19-N saylı Nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyanı – Teplo modelli 2018-ci il buraxılışlı 1 dəst divardan asılan məişət qaz qazanını alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin müqavilə üzrə iddiaçıya olan borcu 996,94 manat əsas, 103,06 manat dəbbə pulu olmaqla, cəmi 1100 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 18 oktyabr 2019-cu il tarixli NAS-01/294/19-N saylı Nisyə alqı-satqı müqaviləsinə əsasən, 996,94 manat əsas, 103,06 manat dəbbə pulu olmaqla, cəmi 1100 manat Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırki iddia tələbi təmin edildiyindən məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 18 oktyabr 2019-cu il tarixli NAS-01/294/19-N saylı Nisyə alqı-satqı müqaviləsinə əsasən, 996,94 manat əsas, 103,06 manat dəbbə pulu olmaqla, cəmi 1100 (min yüz) manat borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 31 (otuz bir) manat Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildikdən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar