Məhkəmə qərarları › İş №e-2(011)-4005/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4005/2025

27.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4005/2025 27.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25614,89 ABŞ dolları pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə, cəmi 9535,49 ABŞ dolları borcun iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 13 fevral 2013-cü il tarixində “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında 45537/2 №-li Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh avtomobil almaq məqsədi ilə 71355 USD məbləğində pul ayrılmışdır və o, 36 ay müddətində kreditin əsas məbləği və ona illik 15.5% faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Borcalanın 45537/2 №-li Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 13 fevral 2013-cü il tarixində “X1 Azərbaycan” QSC ilə "İpoteka qoyan" "Borcalan" Cavabdeh arasında 45537/2 №-li İpoteka (girov) müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka (girov) müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan 2010-cü il buraxılış tarixli, ban 1G6DV5EP2A0127973 olan, **-TP-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli Cadıllac CTS minik markalı nəqliyyat vasitəsi “X1 Azərbaycan” QSC - nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. “X1 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə bu barədə sifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər və bu günə kimi “X1 Azərbaycan” QSC -ə olan borclarını ödəməmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi ilə əlaqədar Bank məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 10 avqust 2016-cı il tarixli 2(011)-4066/2016 saylı Qətnaməsinə əsasən ümumilikdə 25614.89 USD və 35 AZN məbləğində borcun Cavabdeh tutulması və eyni zamanda tutmanın banka kreditin təminatı kimi girov qoyulmuş, ipoteka predmeti olan "Cadillac CTS" markalı, ** TP *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılaraq satışdan əldə edilmiş məbləğlərdən banka ödənilməli olan borcun bankın xeyrinə tutulması qət edilmişdir. Məhkəmə Qətnaməsi Qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə yönəlmiş və prosessual ardıcıllığa, həmçinin Qanunverciliyin tələblərinə əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Məlumat üçün qeyd edirik ki, ipoteka predmeti olan "Cadillac CTS" markalı, ** TP *** dövlət qeydiyyat nişanlı avtomobil 16 yanvar 2017-ci il tarixə saat 11:00-a təyin edilmiş açıq hərrac prosesində 8.000 azn vəsaitə qalib alıcı tərəfindən əldə edilmişdir. Göründüyü kimi, cavabdehlərin 10 avqust 2016-cı il tarixə əsas borc üzrə 25614.89 ABŞ dollarıödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdehlər 10 avqust 2016-cı ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyisəbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiztələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə tərəfimizdən cavabdeh(lər)ə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən 9535.49 ABŞ dolları hissəsi ödənilməmiş qalmaqdadır. Cavabdehin Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla : 1) xx.xx.2016 tarixindən xx.xx.2017 tarixinə qədər – 629.70 ABŞ dolları 2) xx.xx.2017 tarixindən xx.xx.2025 tarixinə qədər – 8905.79 ABŞ dolları olmaqla ümumilikdə cəmi 9535.49 ABŞ dolları təşkil edir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehdən 23914,37 ABŞ dolları pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə, cəmi 8787,73 ABŞ dolları borcun iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə yazaraq, məhkəmə iclaslarının “X1 Azərbaycan” QSC-nin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4066/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddiası qismən təmin edilmiş, ödəniş gününə qüvvədə olan məzənnə ilə 23914,37 AB dolları məbləğində əsas borc, 1500,52 manat ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 25614,89 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, 5 manat məbləğində bildirişin və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üzrə poçt xərci və 30 manat məbləğində iddia əzirəsi üçün dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun Cavabdeh alınaraq “X1 Azərbaycan” QSC-yə ödənilməsi, tələbin Cavabdeh məxsus "Cadillac CTS" markalı, ** TP *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 25614,89 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, 5 manat məbləğində bildirişin və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üzrə poçt xərci və 30 manat məbləğində iddia əzirəsi üçün dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun “X1 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4066/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin icrasına dair 94978/16 saylı icra işindən görünür ki, qətnamənin icrası ilə əlaqədar ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması nəticəsində 8000 manat (4162,33 ABŞ dolları) ödəniş edilmiş, qalan borc ödənilməmiş qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1184/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4066/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi də daxil olmaqla, bir neçə icra sənədini icra etmədiyindən AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. “X1 Azərbaycan” QSC-nin Cavabdeh xx.xx.2013-cü il tarixli, 45537/2 nömrəli kredit müqaviləsi üzrə əsas borcdan qalan hissəsinin ödənilməsinin gecikdirilməsinə görə dəymiş zərərin hesablanmasına dair arayışından və çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli, 45537/2 nömrəli kredit müqaviləsi üzrə əsas borcdan qalan 23914,37 ABŞ dollarının ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış dəymiş zərər məbləği 8787,73 ABŞ dolları təşkil edir Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli qərarı: ... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmənin mövqeyi: İş materialları, qüvvədə olan məhkəmə qətnaməsi və icra işi ilə təsdiq olunur ki, Cavabdeh “X1 Azərbaycan” QSC-yə 23914,37 ABŞ dolları məbləğində əsas borcu olmuş, ipoteka predmetinin açıq hərracdan satılmasından sonra əldə edilmiş 4162,33 ABŞ dolları borc silinmiş və yerdə qalan 19752,04 manat əsas borc bu günə kimi ödənilməmiş qalmışdır. “X1 Azərbaycan” QSC-nin əsas borcdan qalan hissəsinin ödənilməsinin gecikdirilməsinə görə dəymiş zərərin hesablanmasına dair arayışından və çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli, 45537/2 nömrəli kredit müqaviləsi üzrə əsas borcdan qalan 23914,37 ABŞ dollarının ödənilməsinin gecikdirilməsinə görə ( 4162,33 ABŞ dolları ödənişə qədər və ödənişdən sonrakı dövrlər üçün müvafiq hesablama aparılmaqla) illik 5 faizlə hesablanmış dəymiş zərərin məbləği 8787,73 ABŞ dolları təşkil edir. İşin qeyd edilən faktiki halları və yuxarıda göstərilən qanunvericilik normalarının tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı əsas borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış dəymiş zərərin məbləği olan 8787,73 ABŞ dollarını cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. 8787,73 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilsin. 134,81 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar