Məhkəmə qərarları › İş №e-2(011)-4031/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4031/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4031/2025 08.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı – Kazımov Zülfəli Cəfər oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 3.091,32 manat əsas, 1.800,54 manat faiz borcu olmaqla, cəmi 4.891,86 manat kredit borcunun və ödənilmiş 68,92 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Kazımov Zülfəli Cəfər oğlu arasında xx.xx.2021-ci il tarixli BPM**********90 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Kazımov Zülfəli Cəfər oğluna illik 20 %-lə, 48 ay müddətinə 3.500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Əldə olunan məlumata əsasən, Kazımov Zülfəli Cəfər oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, Kazımov Zülfəli Cəfər oğlunun mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş, ona 2V-647 reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, Kazımov Zülfəli Cəfər oğlunun xx.xx.2025-ci ilədək Banka ödənilməmiş 3.091,32 manat əsas, 1.800,54 manat faiz borcu olmaqla, cəmi 4.891,86 manat borcu qalmışdır. Cavabdeh mərhum Kazımov Zülfəli Cəfər oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə 6-2-22/2-4996/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 68,92 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. O bildirmişdir ki, o hal-hazırda iddia ərizəsinə tələb edilən pul məbləğini ödəyə bilmir. O bildirmişdir ki, ona vərəsəlik qaydasında iddia üzrə tələb olunan dəyərə bərabər əmlak və ya əşya keçməmişdir. Kredit borcu ondan tələb edilməməlidir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC (müqavilə üzrə “Bank”) ilə Kazımov Zülfəli Cəfər oğlu (müqavilə üzrə “Müştəri” və ya “Borc alan”) arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, BPM**********90 nömrəli kredit müqaviləsinə əsasən “Borc verən” ("xxxx" ASC) “Borc alana” (Kazımov Zülfəli Cəfər oğlu) 48 ay müddətinə 3.500 manat məbləğində, kreditdən istifadəyə görə illik 20 % ödəmək şərti ilə kredit verməyi, Borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. İşin materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Kazımov Zülfəli Cəfər oğlunun xx.xx.2021-ci il tarixli nağd kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinədək 3.091,32 manat ödənilməmiş əsas, cəmi ödənilməmiş faizlər 1.800,54, borc üzrə cəmi tələb edilən məbləğ 4.891,86 manatdır. İşin materiallarından görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh kredit borcunun qaytarılmasına dair xx.xx.2025-ci il tarixli bildiriş ünvanlanmışdır. İş materiallarında olan 19 iyul 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Kazımov Zülfəli Cəfər oğlunun vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak Azərbaycan Milli Elmlər Akademiyasının xx.xx.2022-ci il tarixli 01-6/660 qeydiyyat nömrəli məktubuna əsasən Kazımov Zülfəli Cəfər oğluna ödənilməli olan 1.484,24 (bir min dörd yüz səksən dörd manat iyirmi dörd qəpik) manat pul vəsaitindən ibarətdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı kredit üzrə hesablanmış borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Kazımov Zülfəli Cəfər oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, o kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə borcun Kazımov Zülfəli Cəfər oğlunun vərəsəsi olan Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 68,92 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli BPM**********90 saylı kredit müqaviləsinə əsasən 3.091,32 (üç min doxsan bir manat otuz iki qəpik) manat əsas, 1.800,54 (bir min səkkiz yüz manat əlli dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 4.891,86 (dörd min səkkiz yüz doxsan bir manat səksən altı qəpik) manat borc məbləği, 68,92 (altmış səkkiz manat doxsan iki qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar