Məhkəmə qərarları › İş №e-2(011)-4044/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4044/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4044/2024 10.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanın icrası məqsədilə iddiaçı ilə X7 arasında (bundan sonra – Borc alan) arasında xx.xx.2019-cu il tarixdə KFP-007/2019 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı Borcalana, onlar arasında bağlanmış xx.xx.2014-cü il tarixli K-195/2014 saylı kredit müqaviləsinə əsasən verilmiş 3800 manat pulun bu müqavilə bağlandığı tarixə 1875 manat qalıq məbləğlərin ödənilməsi məqsədilə “Fərman”ın tələbinə müvafiq olaraq restrukturizasiya edilmiş 1875 manat güəzştli kredit verməyi, Borcalan isə müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və ona hesablanacaq faizləri, o cümlədən müqavilədən irəli gələn digər pul öhdəliklərini (cərimə, dəbbə) qaytarmağı öhdəsinə götürmüşdür. Kredit 60 ay müddətinə verilmişdir. Müqavilənin Əlavəsi olan ödəniş qrafikinə əsasən aylıq ödəniş 12 ay 1,56 manat, qalan 48 ay isə 39,87 manat müəyyən edilmişdir.

2. Borc alan xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu Ramin Zülfüqarov tərəfindən xx.xx.2020-ci il tarixində V-104/2020 saylı vərəsəlik işi açılmış, Firudin Həmzəyevin vərəsələri, X3 və Cavabdeh1 Borc alandan miras qalmış, buraxılış ili 1995-ci il olan “JEEP Grand Cherokee” minik markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhədaətnamə ilə vərəsələrin hər birinin payı ½ hissədə olmaqla müəyyən edilmişdir.

3. X8 xx.xx.2008-ci il tarixdə doğulmaqla yetkinlik yaşına çatmamışdır, o anası – digər cavabdeh X5 himayəsindədir.

İddia ərizəsinin və etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehlərdən, 1875 manat əsas borcu, 93 manat faiz borcu məbləğində borcun, vəkilin göstərdiyi hüquqi yardıma görə 420 manat xidmət haqqı və 44 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında xx.xx.2019-cu il tarixli KFP-007/2019 saylı Kredit (Restrukturizasiya) müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, X7na 5 il müddətinə 1875 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli KFP-007/2019 saylı Kredit (Restrukturizasiya) müqaviləsi üzrə iddiaçıya əsas borcu-1875 manat, faiz borcu 93 manat, ümumilikdə 1968 manat məbləğində borc təşkil edir. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, X1 vərəsələri-X6 və X4r. X2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə imza etməsinə dair etiraz etməməsi barədə ərizə Cavabdeh2 (anası) tərəfindən notariat ofisinə təqdim edilmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanıı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Cavabdeh2 məhkəmə baxışı zamanı bildirdi ki, əri vəfat etməzdən üç il əvvəl kreditin alınması məsələsi oldu, 2019-cu ilin mart ayından etibarən əri xəstə idi, 2019-cu ilin dekabr ayında isə vəfat etdi. Əri xəstə olduğu dövrdə kreditə görə heç bir ödəniş olmayıb.

8. Cavabdeh1 məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, anası da hal-hazırda əmək qabiliyyətini itirib.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

12. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.

13. Maddə 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

14. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

15. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

16. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sırasına daxildir.

17. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

22. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

23. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə Həmzəyev Firuddin İlduz oğlu arasında xx.xx.2019-cu il tarixdə KFP-007/2019 saylı kredit müqaviləsi bağlanmış, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə qalıq borc olan 1875 manat borcun ödənilməsi məqsədilə iddiaçı tərəfindən 5 il müddətinə (1 il güzəşt müddəti olmaqla), illik 1% ödəmək şərti ilə ona 1875 manat məbləğində kredit verilmişdir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, borc alan Həmzəyev Firuddin İlduz oğlu xx.xx.2019-cu il tarixdə ölmüşdür. Cavabdehlərə 5 saylı Bakı “ASAN” xidməti mərkəzində notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

24. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Həmzəyev Firuddin İlduz oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında krediti və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaq öhdəliyi götürmüş, lakin onun ölməsi nəticəsində cavabdehlər Mülki Məcəllənin yuxarıda qeyd edilən müddəalarına əsasən iddiaçı qarşısında müqavilə tərəfinə çevrilməklə, ölmüş şəxsin vərəsəsi kimi krediti qaytarmaq öhdəliyi daşımaqdadırlar. İşin hallarından da görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun qaytarılmasını cavabdehlərdən tələb etməkdə haqlıdır.

25. Məhkəmə hesab edir ki, iddia tələbi 93 manat məbləğində faiz borcunun cavabdehlərdən tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsi üzrə faizin ödənilməsi cədvəlinə əsasən müəyyən olunur ki, müqavilə üzrə kredit ödənişi hər ayın 20-ci günü 1,56 manat olmaqla ödənilməlidir. Kredit müqaviləsi üzrə aylıq ödənişin edilməsi üçün son gün xx.xx.2019-cu il tarixi olmuş, Həmzəyev Firuddin İlduz oğlu isə xx.xx.2019-cu il tarixdə ölmüşdür. Qeyd edilənlərdən də göründüyü kimi tərəflər arasında razılaşdırılmış müddətdə kreditin və ona hesablanmış faizin ödənilməməsinə səbəb borclunun həmin müddətdən əvvəl vəfat etməsi olmuşdur. İddiaçı isə Həmzəyev Firuddin İlduz oğlunun ölümündən sonra da faizlərin hesablanmasına davam etmiş və hazırda da həmin hesablanmış faiz borcunun ödənilməsi cavabdehlərdən tələb edilir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, 93 manat faiz borcunun tutulması hissəsində iddia tələbi qismən təmin edilərək,xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək hər ay 1,56 manat olmaqla, cəmi 10,92 manat məbləğində faiz borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

26. Məhkəmə iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 420 manat məbləğində pul vəsaitinin cavabndehlərdən tutulması barədə iddia tələbinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən iddiaçının hüquqi yardımın göstərilməsi üçün “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosuna 420 manat məbləğində ödəniş etdiyi müəyyən edilsə də, məhkəmə hüquqi yardıma görə ödənilmiş 120 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasını daha ağlabatan və ədalətli hesab edir.

27. Məhkəmə həmçinin iddianın 44 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlərin vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi).

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 1875 manat borc, 10,92 manat faiz borcu, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 120 manat pul vəsaiti, 44 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq BOKT "xxxx" MMC-nin ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar