Məhkəmə qərarları › İş №e-2(011)-4057/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4057/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4057/2025 04.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs X1 cəlb edilməklə) “alqı-satqı müqaviləsinin ləğv edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, B-041-AAE-22 nömrəli alqı-satqı müqaviləsi üzrə 9.985 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 2.700 manat dəbbə pulu, “Changan UNİ-T” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2.050,08 manat və nəqliyyat vasitəsinin dəyərdən düşməsinə görə hesablanmış 6.995 manat pul vəsaiti olmaqla, ümumilikdə 21.730,08 (iyirmi bir min yeddi yüz otuz manat, 08 qəpik) manat pul vəsaiti, müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 375,06 manat pul vəsaiti, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 156,32 manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1,00 manat komissiyanın İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, B-041- AAE-22 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı “Changan UNİ-T” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş annuitet ödənişləri öhdəliyin müqavilə ilə müəyyən edilmiş icra müddətləri ərzində ödəməmiş, ardıcıl bir neçə ay ödənişləri gecikdirmiş, beləliklə, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Qeyd olunan məsələ ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi qaydada məlumat verilmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə yazılı qaydada müraciət edilərək annuitet ödənişlərin edilməsi, əks halda müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, müqavilə üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixindən müqavilə birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Avtomobil xx.xx.2024-cü il tarixində cavabdehdən təhvil alındıqdan sonra avtomobilin həmin günə mövcud xərclərinin müəyyənləşdirilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixində baxış keçiriləcəyi və baxışda iştirak edə biləcəyi ilə bağlı cavabdehə xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Lakin cavabdeh qeyd olunan tarixdə keçirilmiş baxışda iştirak etmədiyindən, baxışın nəticəsinə dair tərtib olunmuş təmir aktı xx.xx.2024-cü il tarixli məktubla ünvanına göndərilmiş və razı olmadığı halda müstəqil ekspert cəlb edilə biləcəyinin mümkün olduğu nəzərinə çatdırılmış, qeyd olunan məktuba cavabdeh tərəfindən hər hansı münasibət bildirilməmişdir. Bildirilir ki, tərəflərindən “Changan UNİ-T” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılmasına çəkilmiş xərclərin ümumi dəyəri 2.050,08 manat təşkil etmiş, eyni zamanda, vergi qanunvericiliyinə uyğun olaraq nəqliyyat vasitəsinin dəyərdən düşməsinə görə 6.995 manat zərər hesablanmışdır. Eyni zamanda, B-041- AAE-22 nömrəli alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan – xx.xx.2022-ci il tarixindən avtomobilin təhvil verildiyi xx.xx.2024-cü il tarixinədək müqavilə üzrə ödənilməmiş 9.985 manat əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 2.700 manat dəbbə pulu hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, B-041-AAE-22 nömrəli müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə öhdəlikləri, o cümlədən müqavilənin qiymətini razılaşdırılmış qaydada Satıcıya tam və vaxtında ödəməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübut təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X2 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. İddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, avtomobilin alınması rəsmi olaraq onun adına rəsmiləşdirilsə də, avtomobil əslində keçmiş həyat yolaşı X1 tərəfindən sonuncu üçün alınmışdır. Avtomobilin alınmasına dair müqavilə bağlandıqdan sonra ödənişlərdə gecikmələr olub, lakin maşın onlardan alınmamalı idi. Belə ki, iddiaçı təşkilat “Changan UNİ-T” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün bu günədək maşına görə 20.000 manatdan artıq pul alıblar. Maşının özünü də iddiaçının əlindən aldatma yolu ilə alıb aparıblar. İndi də əlavə pul tələb edirlər. O, maşının zərərə uğramasına dair iddia tələblərini də qəbul etmir. Belə ki, maşın yeni maşın idi və iddiaçı təşkilat maşını alıb aparıb daha baha qiymətə başqa şəxslərə satıb. Müstəqil tələb irəli sürməyən X1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC (satıcı) və Cavabdeh (alıcı) arasında bağlanan xx.xx.2022-ci il tarixli, В- 041-AAE-22 nömrəli avtomobil alqı-satqısı üzrə müqavilənin surətindən görünür ki, Satıcı Müqavilənin şərtlərinə uyğun olaraq, modeli Changan Uni-T, buraxılış ili 2021 olan (VİN: LS5A3DKE4MA764409, rəng qara metallik) avtomobili dəyəri tam ödənilənədək texniki saz halda Alıcının istifadəsinə verməyi, o cümlədən Avtomobilin dəyəri tam ödənildikdən sonra Alıcının mülkiyyətinə verməyi, Alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırkı Müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür (bənd 1.1). Müqavilənin 2.1-ci maddəsinə görə Müqavilənin 1.1. bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 67.650 (altmış yeddi min altı yüz əlli) Azərbaycan manatı müəyyən edilir. Alıcı 7.530 (yeddi min beş yüz otuz) Azərbaycan manatı ilkin ödəniş ödəməyi öz öhdəsinə götürür. Qalıq borc sayılacaq 60,120 (altmış min bir yüz iyirmi) Azərbaycan manatı məbləği isə Alıcı xx.xx.2022 tarixindən etibarən 60 (altmış) ay müddətində, ayda 1.002 (bir min iki) Azərbaycan Manatı ödəməyı Satıcı qarşısında öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.2.6-cı maddəsinin şərtinə görə....Alıcı bu müqavilədə nəzərdə tutulan öhdəliklərini əhəmiyyətli dərəcədə pozduqda Satıcı Alıcıya əvvəlcədən xəbərdarlıq etmədən müqaviləyə xitam verə bilər və avtomobili alıcının razılığı olmadan ondan geri alınması üçün bütün zəruri tədbirləri görə bilər. İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, avtomobil qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verilmiş və alıcıya avtomobilin təchizatı və texniki xüsusiyyətləri izah olunmuşdur. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, 26 mart 2022-ci il tarixində avtomobil alqı-satqısı üzrə В-041-AAE-22 №-li müqaviləyə 26 sentyabr 2024-cü il tarixində birtərəfli qaydada xitam veriləcəyi bildirilmiş və cərimə məbləğinin 26 sentyabr 2024-cü il tarixinədək ödənilməsi tələb olunmuşdur. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdən etibarən xx.xx.2022-ci il tarixli, В-041-AAE-22 №-li “Avtomobil alqı-satqısı” üzrə müqaviləyə tərəflərindən birtərəfli qaydada xitam verilmişdir. İddiaçı MMC tərəfindən verilən maliyyə arayışının surətindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, B-041-AAE-22 nörnrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-nə xx.xx.2022-ci il tarixdə 7.530 manat ilkin ödəniş edilmişdir. xx.xx.2022xx.xx.2024-cü il tarixlərində hər ay 1.002 manat ödəniş icra olunmalı olduğu halda xx.xx.2024-cü il tarixinə gecikdirilmiş əsas borc 9.985 manat olmuşdur. Ümumi borc məbləği 60.120 manat, ödənilmiş aylıq məbləğlər – 22.079 manat, qalıq borc – 32.770 manat, ödənilən cərimə 300 manat, qalıq cərimə 2.700 manat təşkil etmişdir. İcra edilmiş xidmətlərə dair aktdan görünür ki, “Changan UNİ-T” markalı, 77PN520 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 217,08 manat məbləğində pul ödənilmişdir. İcra edilmiş xidmətlərə dair aktdan görünür ki, “Changan UNİ-T” markalı, 77PN520 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 1.833,00 manat məbləğində pul ödənilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 156,32 manat məbləğində dövlət rüsumu və 1 manat məbləğində komissiya haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin: 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2.-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdəicra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Belə ki, işdən görünür ki, tərəflərin arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır. Cavabdeh bağlanmış müqavilə əsasında mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə, icra edilməmiş öhdəliklərin icra edilməsini tələb etməkdə, ödənilməmiş qalan əsas borca hesablanmış cəriməni tələb etməkdə haqlıdır. İşdən görünür ki, müqavilə üzrə ödənişlərin gecikməsi səbəbindən iddiaçı tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilmişdir və mübahisə predmeti olan avtommobil xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən geri alınmışdır. Məhkəmə bu tarixi müqavilənin xətmi tarixi hesab edir. Belə ki, bağlanılmış müqavilə nisyə alqı-satqı müqaviləsi olduğundan, həmin müqavilə üzrə ödəniş etmək öhdəliyi əşyanın alıcıya təqdim olunması ilə bilavasitə bağlıdır. Satıcının əşyanı geri alması isə bilavasitə müqavilənin satıcı tərəfindən xitamına dəlaət edir. Buna görə də müqavilənin xətm tarixi avtomobilin iddiaçı təşkilat tərəfindən geri alındığı xx.xx.2024-cü il hesab olunmalıdır. Ödənilməmiş 9.985 manat əsas borcun tutulması barədə iddia tələbinə gəldikdə məhkəmə qeyd edir ki, nisyə alqı-satqı müqaviləsi satıcı tərəfindən əşyanın alıcıya verilməsi, alıcının isə bununla bağlı hissə-hissə ödənişlərin edilməsini nəzərdə tutduğundan, satıcı tərəfindən əşyanın geri alındığı halda əşyanın satış qiymətinin (ödənilməmiş əsas borcun 9.985 manat hissəsinin) cavabdehdən tələb olunması tələbi əşyanın geri alındığı səbəbindən təmin edilməməlidir. Lakin bu qayda cavabdehi müqavilə üzrə dəymiş ziyan və tətbiq edilən cərimə məbləğlərinin ödənilməsindən azad etmir. Ödənişlərə gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş arayışdan görünür ki, xx.xx.2024-cü il tarixinədək alıcı tərəfindən müqavilə üzrə icra edilməli olan, lakin icra edilməmiş növbəti ödəniş xx.xx.2024-cü il tarixdə həyata keçirilməli idi. Arayışdan görünür ki, həmin tarixə iddiaçının gecikditilmiş borcu 9.985 manat təşkil edirdi. Həmçinin, xx.xx.2024-cü il tarixə ödənilməli olan, lakin ödənilməmiş 9.985 manat borc məbləğinin ödənilməməsinə görə cavabdehdən 1.000 manat cərimə (dəbbə pulu) tutularaq iddiaçıya ödənilməlidir. Cəriməninin ödənilməsi barədə iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Ona görə də xx.xx.2024-cü il tarixə ödənilməli olan, lakin ödənilməmiş 9.985 manat borc məbləğinin ödənişinin gecikdirilməsinə görə illik 5% həcmində hesablanmış faiz məbləğinin tutulması barədə iddia tələblərinə gəldikdə məhkəmə qeyd edir ki, həmin tələblər təmin edilməlidir. Belə ki, işdən görünür ki, iddiaçı təşkilat tərəfindən cavabdehdə borcun ödənilməsi barədə xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən gecikdirilmiş məbləğ ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Qeyd olunan hüquqi əsasladırmadan görünür ki, müqavilə müddətində gecikdirilən borcun illik 5% məbləği o halda tutula bilər ki, xəbərdarlıq məktubundan sonra da borcun ödənilməsi təmin edilmiş olmasın. İddiaçı gecikdirilmiş müddət üçün illik 5% hesablanmaqla 375,06 pul vəsaiti tələb etdiyindən, məhkəmə iddia tələbləri həcmində işə baxaraq, bu hissədə iddianı əsaslı hesab edir. Dəymiş zərərin məbləğləri də iş materiallarına əlavə edilmiş qüsur aktları ilə təsdiq olunduğundan, avtomobilə dəymiş 2.050,08 (aktlar üzrə 217,08+1.833) manat ziyan cavabdehdən alınaraq iddiaçı şirkətə ödənilməlidir. Qeyd olunan ziyanın mövcudluğu iş materialları ilə təsdiq olunsa da, iddiaçının qeyd etdiyi “avtomobilin dəyərdən düşməsinə görə” 6.995 manat ziyan məbləği iş materialları ilə öz təsdiqini tapmadığından, bu hissədə iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddianın 77 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia qismən təmin edildiyindən, təmin edilmiş iddianın həcminə uyğun olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-cü il tarixli, B-041-AAE-22 nömrəli “avtomobilin alqı-satqısı” müqaviləsi üzrə borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 1.000 (bir min) manat dəbbə pulu, “Changan UNİ-T” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2.050,08 (iki min əlli manat səkkiz qəpik) manat pul vəsaiti, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 375,06 (üç yüz yetmiş beş manat altı qəpik) manat pul vəsaiti olmaqla, ümumilikdə 3.425,14 (üç min dörd yüz iyirmi beş manat on dörd qəpik) manat məbləğində pul vəsaiti və 156,32 (bir yüz əlli altı manat otuz iki qəpik) manat dövlət rüsumu alınaraq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 156,32 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-cü il tarixli, B-041-AAE-22 nömrəli “avtomobilin alqı-satqısı” müqaviləsi üzrə borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 1.000 (bir min) manat dəbbə pulu, “Changan UNİ-T” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2.050,08 (iki min əlli manat səkkiz qəpik) manat pul vəsaiti, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 375,06 (üç yüz yetmiş beş manat altı qəpik) manat pul vəsaiti olmaqla, ümumilikdə 3.425,14 (üç min dörd yüz iyirmi beş manat on dörd qəpik) manat məbləğində pul vəsaiti və 156,32 (bir yüz əlli altı manat otuz iki qəpik) manat dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar