Məhkəmə qərarları › İş №e-2(011)-4068/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4068/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4068/2023 09.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: “X4mayan kredit təşkilatı” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM/114/5201478/150722 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 33,810.35AZN əsas, 1746,72 AZN faiz, 171,34 AZN cərimə, ümumulikdə 35,728,41 AZN məbləğində vəsaitin və ödənilmiş 198 AZN dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Daha sonra iddiaçı "xxxx" ASC iddia tələbi ilə bağlı ərizənin dəyişdirilməsi, iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, KM/114/5201478/150722 saylı kredit müqaviləsinə əsasən, hazırda olan borcunun əsas məbləğ ürə 8356,89 AZN, faiz məbləğ üzrə 160,13 AZN , cərimə məbləği üzrə 53,58 AZN olmaqla ümumilikdə 8570, 60 AZN təşkil etdiyini qeyd etmiş, həmin məbləğin və 198 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM/114/5201478/150722 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir, kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və borcunu tam qaytarmamışdır. "xxxx" ASC tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir, nəticədə cavabdehin xx.xx.2023-ci il tarixə "xxxx" ASC-yə 8356,89 AZN əsas, 160,13 AZN faiz, 53,58 AZN cərimə, ümumilikdə isə 8570,60 AZN borcu yaranmışdır, "xxxx" ASC tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixli, KM/114/5201478/150722 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh tərəfindən "xxxx" ASC-nin xeyrinə müəyyən məbləğdə ödənişlər edilib və bu səbəbdən də dəqiqləşmə ilə bağlı elektron ərizə verdiklərini qeyd etmişdir. Eyni zamanda o, qeyd etmişdir ki, həmin kredit müqaviləsinə əsasən, cavabdehin hazırda olan borcu əsas məbləğ ürə 8356,89 AZN , faiz məbləğ üzrə 160,13 AZN , cərimə məbləği üzrə 53,58 AZN olmaqla ümumilikdə 8570, 60 AZN təşkil edir. Sonda isə iddiaçının nümayəndəsi və vəkili Q.A.Şahverdiyev qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin olunması ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayədəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 15 iyul 2022-ci il tarixli, KM/114/5201478/150722 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, “X4mayan kredit təşkilatı” ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, bu müqaviləyə görə BOKT kredit alana 12 ay müddətinə illik 15% dərəcəsi olmaqla 45000 manat məbləğində kredit vermişdir, cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 15 iyul 2022-ci il tarixli, KM/114/5201478/150722 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə Razılaşmadan görünür ki, tərəflər arasında bağlanmış həmin kredit müqaviləsinə razılaşdırılmış şəkildə müəyyən dəyişikliklər edilmiş və yeni ödəniş cədvəli tərtib edilmiş, kreditin məbləği 33810.35 manat və illik faiz məbləği isə 15% müəyyən olunmuşdur. İş materiallarında olan 28 iyul 2023-cü il tarixli PCM-23/0109-1 nömrəli maliyyə Arayışından görünür ki, müştəri Cavabdeh xx.xx.2022-ci il tarixli, KM/114/5201478/150722 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-ci il tarixə 8356,89 manat məbləğində əsas, 160,13 manat məbləğində faiz, 53,58 manat məbləğində cərimə, ümumilikdə isə 8570,60 manat borcu vardır. İş materiallarında olan 3 noyabr 2022-ci il tarixli PCP-22/0040 saylı borc tələbi barədə pretenziyadan görünür ki, "xxxx" ASC borcun ödənilməsi barədə borclu Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ref:**********/444903166 nömrəli ödəniş sənədindən görünür ki, Cavabdeh plastik kart üzrə 45000 qırx beş min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ***-*******-1 nömrəli hesabdan çıxarışdan görünür ki, ödəmə cədvəlinə əsasən cavabdeh tərəfindən 2023-cü ilin may ayına kimi 40616,20 manat məbləğində pul vəsaiti ödənilməlidir, o, həmin tarixə 13952 manat məbləğində pul vəsaiti ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, “X4mayan kredit təşkilatı” ASC 198 AZN məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında cavabdehə 12 ay müddətinə, illik 15% olmaqla, 45000 manat məbləğində kredit verilməsi barədə xx.xx.2022-ci il tarixli, KM/114/5201478/150722 saylı kredit müqaviləsi bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirməklə müqavilə üzrə nəzərdə tutulan 45000 manat məbləği cavabdehin kart hesabına köçürmüşdür, Cavabdeh müqavilə öhdəlikləri üzrə öhdəliklərini yerinə yetirməməklə - kredit məbləğinə görə ödənişləri həyata keçirməməklə - iddiaçıya əsas məbləğ üzrə 8356,89 AZN , faiz məbləğ üzrə 160,13 AZN , cərimə məbləği üzrə 53,58 AZN olmaqla ümumilikdə 8570, 60 AZN kredit borcu qalmışdır, ona iddiaçı tərəfindən borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırıldığından, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verdiyindən iddiaçı “"xxxx" ASC-nin iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, , KM/114/5201478/150722 saylı kredit müqaviləsinə əsasən, 8356,89 manat məbləğində əsas, 160,13 manat məbləğində faiz, 53,58 manat məbləğində cərimə, ümumilikdə isə 8570,60 manat borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, təmin edilmiş iddia tələbinin həcmi, onun 1000 manatdan çox olması nəzərə alınmaqla dövlət rüsumu kimi ödənilmiş 198 manat cavabdehdən "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 8356,89 manat məbləğində əsas, 160,13 manat məbləğində faiz, 53,58 manat məbləğində cərimə, ümumilikdə 8570 (səkkiz min beş yüz yetmiş) manat 60 (altmış) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 198 (yüz doxsan səkkiz) manat məbləğdə pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar