Məhkəmə qərarları › İş №e-2(011)-4093/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4093/2024

25.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4093/2024 25.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. “BMC Procity Avtobus” markalı, ** JC *** dövlət qeydiyyat nişanlı avtomobil (Bundan sonra - Avtomobil) iddiaçya, “Hyundai i30” markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtomobil isə cavabdehə məxsusdur.

2. xx.xx.2024-cü il tarixdə cavabdeh Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ilə hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr qaydalarını pozmuş, nəticədə Avtomobili zədələmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri DYP İdarəsi tərəfindən cvabdeh barəsində İXM-nin 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə, 40 manat məbləğində cərimə olunmuşdur.

3. İddiaçı MMC tərəfindən tərtib edilmiş “Zərər aktı”na əsasən Avtomobilə dəymiş zərərin aradan qaldırılması xərci 325,09 manat təşkil edir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

4. İddia ərizəsinin dəlilləri:

5. İddiaçı əmlakına dəymiş 325,09 manat məbləğində maddi zərərin və ödənilmiş 30,40 manat dövlət rüsumunun, cəmi 355,49 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia ərizəsində qeyd etmişlər ki, xx.xx.2024-cü il tarixində **-SC-*** dövlət qeydiyyat nişanlı “Hyundai İ30” minik markalı avtomobilin sürücüsü cavabdeh hərəkətdə olarkən manevr qaydalarını pozaraq, iddiaçıya məxsus **-JC-*** dövlət qeydiyyat nişanlı “BMC Procity Avtobus” markalı avtobusu vurmuş və bununla da yol nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi barədə iddiaçının əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə Bakı şəhər DYPİ-nin əməkdaşı yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Bakı şəhər DYPİ-nin Polis X1 tərəfindən araşdırılmış və nəticədə cavabdehə əməllərində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulması öz əkisini tapdığından barəsində xx.xx.2024-cü il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərar verilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobus yararsız hala düşmüş və təmir olunması üçün 3 gün müddətində xidmətdən kənar edilmiş xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 11224 saylı Zərər Aktına əsasən **-JC-*** dövlət qeydiyyat nişanlı avtobusa 325,09 manat maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində **-SC-*** dövlət qeydiyyat nişanlı “Hyundai İ30” minik markalı avtomobilin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmadığından İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş 325,09 manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən heç bir cəhd edilməmiş və müsbət addım atılmamışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:

7. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

9. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən heç bir məlumat vermədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

13. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

18. Mülki Məcəllənin yuxarıda qeyd edilən 1096 və 1097-ci maddələrinin mənasından aydın olur ki, şəxsə zərər vurulması, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır.

19. İddiaçının avtomobilinə ziyan dəyməsində cavabdehin yol-nəqliyyat hadisəsi törətməsi ilə əlaqədar olan əməlinin hüquqa zidd olması, yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdehin təqsirli olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Belə ki, cavabdeh törətdiyi yol nəqliyyat hadisəsinə görə xx.xx.2024-cu il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə İXM-nin 327.1-ci maddəsilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir.

20. Həmçinin, cavabdehin hüquqa zidd əməli ilə iddiaçının avtomobilinə zərər dəyməsində ifadə olunan nəticə arasında səbəbli əlaqənin olması da işdə olan sutlarlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən verilmiş zərər aktına əsasən Avtomobilə 325,09 manat ziyanın dəydiyi qeyd edilmişdir.

21. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənatə gəlir ki, cavabdehin hüquqa təqsirli hərəkətləri nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya (ona məxsus Avtomobil zədələnməklə) maddi zərər dəymişdir.

22. Həmçinin, cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı iddia tələbini tam qəbul etdiyini bildirmişdir.

23. Beləliklə, məhkəmə hesab edir ki, Avtomobilin təmir-bərpa xərci olaraq 325,09 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, sığorta ödənişi cavabdehdən alınmaqla yanaşı ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də onlardan alınaraq iddiaçıya ödənilməlidir.

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. 325,09 manat məbləğində pul və ödənilmiş 30,40 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar