Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4093/2025 04.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh, üçüncü şəxs X3, cavabdehin və üçüncü şəxsin vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı PİRİEV BAİLARin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı PİRİEV BAİLAR Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödədiyi hər biri 100000 manat olmaqla, ümumilikdə, 200000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 490 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, uzun müddət tanıdığı və etibar etdiyi Cavabdeh ilə tanışlığı uzun müddət olduğundan yaranmışdır. Cavabdeh yeni bir biznesə qoşulmaq adı ilə pula ehtiyacı olduğunu və bunun üçün müəyyən bir pul vəsaitinə ehtiyacı olduğunu iddiaçıya bildirmişdir, aralarında olan münasibəti rəsmi qaydada reallaşdırmaq üçün 19 noyabr 2021-ci il tarxidə Kredit müqavilələri mövcud olmuşdur. 19 noyabr 2021-ci il tarixli Kredit müqaviləsinə əsasən borc alan yəni, Cavabdeh hər müqavilədə 100000 olmaq şərti ilə iki ədəd ayrı-ayrılıqda kredit müqaviləsi bağlamış və kredit müqaviləsinə əsasən borc alan yəni,Cavabdeh iddiaçıya xx.xx.2022-ci il tarixinə kimi 200000 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin müddət bitdiyindən ondan dəfələrlə pulunun qaytarılması barədə özünə məlumat verdikdə süni maneələr yaradaraq hər dəfəsində müxtəlif bəhanələr etmişdir. Cavabdeh bugünə kimi ona ödənilməli olan lakin ödənilməmiş 200000 manat puldan heç bir hissəsini ona qaytarmamışdır. Ona dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq Cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Belə olduğu təqdirdə ilk öncə Kredit müqaviləsində 9-cu bəndində qeyd edilən “ tərəflər arasında müqavilə üzrə mübahisələri onların razılığı ilə belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunmasını rəhbər tutaraq ilk öncə Pretenziya qaydasında müraciəti olmuşdur. Həmin müqavilənin 9 və 10-ci maddəsinə əsasən tərəflər arasında meydana gələn fikir ayrılığı və ya mübahisələr danışıqlar yolu ilə həll olunması qeyd edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixinədək öz üzərinə düşən öhdəliyi yerinə yetirmədikdə Pretenziya qaydasında xx.xx.2025-cü il tarixdə öz qeydiyyat ünvanına məktub yollanmışdır. Həmin Pretenziya məktubunda cavabdehə yazılı qaydada “xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən üzərinizə götürdüyünüz öhdəlikləri yerinə yetirmədiyiniz halda məktub sizə çatdığı gündən etibarən 3 gün müddətinə qanunsuz hərəkətlər nəticəsində bugünə kimi ödənilməli olan hər biri 100000 olmaqla ümumilikdə 200000 manat pulun sizdən xeyrimizə tutulması barədə qətnamə qəbul edilməsi üçün Xətai Rayon məhkəməsinə müraciət ediləcəkdir” məzmunlu xəbərdarlıq edilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh heç birinə məhəl qoymamışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. xx.xx.2025-ci il tarixdə cavabdehin və üçüncü şəxsin vəkili-nümayəndəsi Vəkil2 tərəfindən iddia ərizəsinə etiraz verilmiş və etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə X1 Cavabdeh barəsində ünvanladığı ərizəsi əsasında aparılmış araşdırmaya dair materialdan çıxarılmış bəzi izahatlar məhkəməyə göndərilmiş və mülki işin materiallarına əlavə edilmişdir. Həmin materialda olan X2 xx.xx.2022-ci il tarixli iazahatında göstərmişdir ki, Cavabdehla Bəylər notariusa getmişlər, sonra, Bəylərin Cavabdeh 200000 manat pul verdiyi ona məlum olmuşdur. Material üzrə izahatı alınmış X5 xx.xx.2022-ci il tarixli izahatında göstərmişdir ki, Bəylər Piriyev, Cavabdeh onun torpağının sənədləşdirilməsi ilə məşğul olduğunu, 2021-ci ilin noyabr ayında notariusa gedib, torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı Cavabdeh əlavə 150000 pul verməli olduğunu bildirmişdir. Bəylər Piriyev bunu onunla izah etmişdir ki, böyük məbləğdə pul verdiyi üçün, əlində pulun verilməsinə dair sənədin olmasını istəyir. Açıq şəkildə sənəd düzəltmək üçün pul verilməsini təsdiq edən sənəd verilməsi mümkün olmadığı üçün, notariusda borc müqaviləsi bağlamaq istəyir. X14 Həsənovla borc müqaviləsi bağlayaraq, onun yanında Bəylər Piriyevə 150000 manat pul vermişdir. Göstərilən şəxslərin izahatlarından aydın olur ki, hazırki iddia tələbində göstərilmiş 200000 manat borc məbləği ilə, AR DİN BMCMİ-nə ünvanladığı ərizədə göstərilmiş məbləğ eynilik təşkil edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-6/2-4621/25 saylı məktubu ilə, Cavabdeh Bəylər Piriyevə olan borcundan 145000 manatın ödənilməsinin təmin edildiyi bildirilmişdir. Bəylər Piriyevin baş idarəyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədə də, həmin tarixdə ona ödənilmiş 5000 manat vəsaitlə birlikdə, cəmi 145000 manat məbləğin Cavabdeh tərəfindən ona ödənildiyini bildirmişdir. İddia tələbində göstərilmiş, Cavabdehla Bəylər Piriyev arasında Bakı şəhəri 23 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 3M-2339 saylı və eyni tarixli 3M- 2749 saylı kredit müqavilələrə əsasən ödənilməli olan 200000 manat borcun 145000 mant hissəsinin Cavabdeh tərəfindən ödənildiyi təsdiq olunur. Material üzrə cinayət işinin başlanılması rədd edildikdən sonra isə, Daxil Quliyev tərəfindən “M10” ödəniş sistemi vasitəsilə 17480 manat və əl-bəəl olaraq vəsaitlə birlikdə, cəmi 30000 manat ödənildiyi məlum olur. Qeyd olunanları nəzərə alaraq, X9 Həsənova qarşı 200000 manat pul tələbinin 175000 manat hissəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili-nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş, eyni zamanda bildirmişdir ki, borc müqavilələri üzrə AR DİN BMCMİ-nin məhkəməyə ünvanladığı məktubunda göstərilmiş istintaq zamanı 145000 manat ödəniş edilməsini, eləcə də, M10 ödəniş sistemi və Bəylər Piriyevin mobil telefon nömrəsi vasitəsi ilə iddiaçıya göndərilmiş ödənişlərin olmasını qəbul edirlər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsinə etirazda göstərilənləri təsdiq edərək bildirmişdir ki, pulu iddiaçıdan o, alsa da, pulu aldıqdan sonra X4 vermişdir. Həm istintaq vaxtı, həm də sonradan M10 ödəniş vasitəsi ilə, eləcə də əlbəəl iddiaçının borcunun xeyli hissəsini Daxil Quliyev ödəmişdir. Məhkəmədən həmin ödənişlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X7 borc müqavilələrinin Cavabdehla bağlanmasına baxmayaraq 200000 manatın onun tərəfindən qəbul edildiyini, sonradan ödənişlərin də onun tərəfindən edildiyini bildirmiş və izahatında qeyd etmişdir ki, hazırda iddiaçıya 145000 manat istintaqda verildiyi təsdiq olunur. Bundan başqa “M10” ödəniş sistemi vasitəsi ilə də ödənişlər olmuşdur, hətta məhkəməyə təqdim edilənlərdən başqa əlavə 3000 manat da iddiaçının hesabına köçürülmüşdür ki, hazırda həmin qəbzi məhkəməyə təqdim edə bilmir. 10000 manat isə əlbəəl Piriyev Bəylərin özünə vermişdir. Lakin, həmin vaxt tək olduqlarından pulun verilməsinə heç kim şahidlik edə bilmir. Məhkəmədən həmin ödənişlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin və üçüncü şəxsin vəkili-nümayəndəsi Vəkil2 iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək, 200000 manat pul tələbinin 175000 manat hissəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri 23 saylı Notariat Ofisində bağlanılmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Piriev Bailar Cavabdeh faizsiz 100000 manat məbləğində borc vermiş, borc alan xx.xx.2022-ci il tarixinədək, borcu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri 12 saylı Notariat Ofisində bağlanılmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Piriev Bailar Cavabdeh faizsiz 100000 manat məbləğində borc vermiş, borc alan xx.xx.2022-ci il tarixinədək borcu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Daxil Quliyev 2021-ci ilin noyabr ayında Bəylər Piriyevdən 200000 manat borc pul alıb qaytara bilmədiyinə görə əvəzində ona məxsus torpaq sahəsinə və onun üzərində olan tikiliyə qanuni yolla çıxarış alması üçün köməklik göstərəcəyini vəd etmiş, lakin məsələni müsbət həll edə bilməyib borcunu qaytarmadığı üçün aralarında narazılıq yaranmış, Bəylər Piriyev onun barəsində şikayət etmişdir, müraciətinin diqqət çəkməsi üçün pul vəsaitini Daxil Quliyevə ona məxsus torpaq sahəsinə qanuni yolla Çıxarış alması üçün verdiyini bildirmişdir, araşdırma zamanı Daxil Quliyev tərəfindən 145000 manat pulun Bəylər Piriyevə ödənilməsi təmin edilmiş, müraciət müəllifinə mübahisənin mülki xarakterli olması ilə bağlı mülki qaydada baxılması üçün məhkəməyə müraciət etməsi izah edilmişdir. Azərbaycan Respublikasının DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə X6 tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, müraciətindən sonra ona əlavə olaraq 5000 manat olmaqla ümumilikdə, X7 tərəfindən 145000 manat ödənilmişdir. Ödəniş qəbzlərindən görünür ki, “M10” ödəniş sistemi vasitəsi ilə Bəylər Piriyevə məxsus ***-***-**-** nömrəsinə xx.xx.2024-cü il tarixdə 6480 manat məbləğində, xx.xx.2024-cü il tarixdə 5000 manat məbləğində, xx.xx.2025-ci il tarixdə 3000 manat məbləğində və xx.xx.2025-ci il tarixdə 3000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan). 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.(xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan). 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan). 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1.Əgər bu Məcəllə ilə və müqaviləilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan notarial qaydada bağlanmış kredit müqavilələri ilə iddiaçı Piriev Bailar tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixinədək qaytarılmaq şərti ilə 20000 manat məbləğində faizsiz borc verildiyi təsdiq olunur. Odur ki, həmin məbləğin qaytarılması ilə bağlı sübutetmə yükü cavabdehin üzərinə düşmüşdür. Azərbaycan Respublikasının DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məhkəməyə göndərilmiş X1 X7 və qeyrilərinə qarşı şikayəti əsasında toplanmış araşdırma materialı, eləcə də tərəflərin izahatları ilə təsdiq olunur ki, BMCMİ-də araşdırma zamanı X7 tərəfindən Piriev Bailara ödənilmiş ümumilikdə 145000 manat pul məhz Piriev Bailar ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqavilələri üzrə edilmiş ödənişlərdir. Bundan başqa cavabdeh və üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, borcun ödənilməsi məqsədi ilə “M10” ödəniş sistemi vasitəsi ilə Piriev Bailara məxsus ***-***-**-** nömrəsinə xx.xx.2024-cü il tarixdə 6480 manat məbləğində, xx.xx.2024-cü il tarixdə 5000 manat məbləğində, xx.xx.2025-ci il tarixdə 3000 manat məbləğində və xx.xx.2025-ci il tarixdə 3000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçının vəkili-nümayəndəsi borc müqavilələri üzrə 145000 manatın istintaq zamanı ödənildiyini və “M10” ödəniş sistemi vasitəsi ilə Piriev Bailarin mobil nömrəsi hesabına ödənişlər edildiyini təsdiq etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh və üçüncü şəxs qeyd edilən ödənişlərdən başqa 10000 manat pulun əlbəəl Piriev Bailara verildiyini və əlavə olaraq 3000 manatın onun hesabına köçürüldüyünü qeyd estə də, həmin ödənişlərlə bağlı heç bir sübut təqdim edilməmişdir. Beləlkilə, iş materialları ilə sübut olunur ki, xx.xx.2021-ci il tarixli kredit müqavilələri üzrə 200000 manat borc məbləğindən iddiaçıya 145000 istintaq zamanı, 6480+5000+3000+3000=17480 manat isə M10 ödəniş sistemi vasitəsi ilə, ümumilikdə 145000+17480=162480 manat ödənilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, 200000 manat borc məbləğindən 162480 manatın qaytarıldığı sübut olunduğundan, iddia qismən təmin edilməli, 200000- 162480=37520 manat Cavabdeh tutularaq iddiaçı Piriev Bailara ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə xəcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 37520 manat tutularaq iddiaçı PİRİEV BAİLARa ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 202,56 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı PİRİEV BAİLARa ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №e-2(011)-4093/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4093/2025
04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver