Məhkəmə qərarları › İş №e-2(011)-4097/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4097/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4097/2023 19.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Nəsibova Çinarə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı -nin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2013-cü il tarixli 1xx/xx/34009/13 saylı kredit müqaviləsi üzrə cavabdehdən 818.64 manat məbləğində əsas borc, 43.92 manat məbləğində faiz borcu, 889.56 manat məbləğində cərimə borcu, 314.82 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2066.94 manat məbləğində pulun, 40.67 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları - QSC “Bank Standard” KB ilə Cavabdeh arasında 10 iyun 2013-cü il tarixli 1xx/xx/34009/13 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir.; - Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 818.64 (səkkiz yüz on səkkiz manat, 64 qəpik) manat məbləğində əsas borc, 43.92 (qırx üç manat, 92 qəpik) manat məbləğində faiz borcu, 889.56 (səkkiz yüz səksən doqquz manat, 56 qəpik) manat məbləğində cərimə borcu, 314.82 (üç yüz on dörd manat 82 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2066.94 (iki min altmış altı manat, 94 qəpik) manat məbləğində borcu qalmışdır; İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi: Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitinin ödənilməsinə dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır.Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə kredit müqaviləsi üzrə hesablanmış cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından, tələb edilən cərimə məbləği azaldılaraq, 57,30 manat cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 314.82 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddianın bu hissəsi də əsaslıdır. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 49,67 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı-nin xeyrinə 10 iyun 2013-cü il tarixli 1xx/xx/34009/13 saylı kredit müqaviləsi üzrə əsas borca görə 818.64 (səkkiz yüz on səkkiz manat, altmış dörd qəpik) manat, faiz borcuna görə 43.92 (qırx üç manat, doxsan iki qəpik) manat, cərimə borcuna görə 57.30 (əlli yeddi manat, otuz qəpik) manat, 314.82 (üç yüz on dörd manat səksən iki qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu cəmi 1234,68 (bir min iki yüz otuz dörd manat, altmış səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40.67 (qırx manat, 67 qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar