Məhkəmə qərarları › İş №e-2(011)-412/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-412/2025

13.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-412/2025 13.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 28 saylı evin, 7 saylı mənzilini Cavabdeh 3 noyabr 2016-cı il tarixli, AN-Ы seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən almışdır. Cavabdehlə aralarında Daşınmaz əmlakın alqı-satqı müqaviləsi Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusunda həyata keçirilmişdir. Həmin alqı-satqı müqaviləsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən 11 noyabr 2016-cı il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 28 saylı evin, 7 saylı mənzilinə dair iddiaçının adına RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Alqı-satqı müqaviləsindən göründüyü kimi Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 28 saylı evin, 7 saylı mənzili keçmiş mülkiyyətçi Cavabdeh tərəfindən iddiaçıya satılmış və müqavilənin 11-ci bəndinə əsasən satıcı Cavabdeh 03 noyabr 2016-cı il tarixinədək daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə iddiaçının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqavilənin 9-cu bəndində də qeyd edilmişdir ki, satıcı yəni Cavabdeh daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat vermişdir. Lakin cavabdeh müqavilədə qeyd olunan şərtləri pozaraq hər dəfə mənzili boşaldaraq təhvil verəcəyini bildirsə də, sonradan bacısını və bacısı qızını həmin mənzilə yerləşdirərək mənzili iddiaçıya təhvil verməkdən imtina etmişdir. Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 28 saylı evin, 7 saylı mənzilini iddiaçıya təhvil verməməklə onun mülkiyyətçi kimi hüquqlarını pozmuşdur. 2016-cı ilin noyabr ayından etibarən iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 28 saylı evin, 7 saylı mənzilə dair hüquqlarını maneəsiz şəkildə həyata keçirə bilmir. Cavabdeh vaxtında iddiaçının mülkiyyətində olan mənzili ona təhvil versəydi, iddiaçı da həmin mənzili kirayəyə verərək pul əldə edərdi. Göründüyü kimi cavabdeh məhkəmə qətnamələri də olmasına baxmayaraq 2016-cı il tarixdən bu günə qədər mənzili qanunsuz və əsassız olaraq iddiaçıya təhvil vermədiyinə görə həmin vaxtdan ona həm maddi, həm də mənəvi zərər vurmaqda davam edir. Hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakın zədələndiyinə görə ondan səmərəli istifadə etmək imkanından məhrum olması nəticəsində məruz qaldığı ziyan da hüquq pozan tərəfindən ödənilməlidir. Hüququ pozulmuş şəxsin əldən çıxmış faydası maddədə göstərildiyi kimi onun adi mülki dövriyyə şəratində əldə edəcəyi gəlirlərin miqdarı ilə ölçülür. Eyni zamanda iddiaçı 8 il ərzində xüsusi mülkiyyətində olan əmlakından məhrum olmaqla əldə edəcəyi gəlirdən məhrum olunmuşdur. İddiaçının mənzili almaqda məqsədi ondan ibarət olmuşdur ki, həmin mənzili öz istədiyi kimi təmir etdirib kirayəyə verəcəkdi ki, qazanc əldə etsin. Lakin göstərildiyi kimi mənzil cavabdeh tərəfindən bu günə qədər iddiaçıya təhvil verilməmişdir. Yuxarıda qeyd olunan mənzilin kirayə haqqı 2017-ci ilin yanvar ayından 2018-ci ilin yanvar ayınadək 299 manat, 2018-ci ilin yanvar ayından 2019-cu ilin yanvar ayınadək 332 manat, 2019-cu ilin yanvar ayından 2020-ci ilin yanvar ayınadək 369 manat, 2020-ci ilin yanvar ayından 2021-ci ilin yanvar ayınadək 410 manat, 2021-ci ilin yanvar ayından 2022-ci ilin yanvar ayınadək 455 manat, 2022-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək 506 manat, 2023-cü ilin yanvar ayından 2024-cü ilin yanvar ayınadək 562 manat, 2024-cü ilin yanvar ayından 2024-cü ilin avqust ayınadək 625 manat təşkil edir. Bu barədə “X11” eksperti tərəfindən 13 avqust 2024-cü il tarixli, 127 nömrəli rəy verilmişdir. Eyni zamanda iddiaçıya maddi ziyandan başqa mənəvi ziyan da dəymişdir. İddiaçı 2017-ci ildən mənəvi sarsıntı keçirməkdə davam edir. Cavabdeh mülkiyyətində olan mənzili 8 ildir ki, iddiaçıya təhvil vermədiyinə görə o da məcburiyyət qarşısında qalaraq 8 il ərzində vurulmuş maddi (əldən çıxmış faydanın) və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə 10 oktyabr 2022-ci il tarixdə iddia ərizəsi ilə müraciət edərək, X1 və X4 mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmalarını xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, 2(001)-468/2023 saylı mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs kimi işə cəlb edilməsini xahiş etmiş və eyni zamanda mənzilin pulunun ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Cavabdeh iddiaçıya qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(001)-2116/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh iddiaçıya qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 2(103)- 5657/2023 saylı qətnaməsinə əsasən, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(001)-2116/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 2(103)- 5657/2023 saylı qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2024-cü il tarixli, 2(102)-1346/2024 saylı qərarına əsasən, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 2(103)- 5657/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-2116/2023 saylı qətnaməsinə əsasən, X1 və X4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 28 saylı evin, 7 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmalarına dair iddiası təmin edilmiş, Cavabdeh pul tələbinə dair iddiası isə rədd edilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 28 saylı evin, 7 saylı mənzili iddiaçıya təhvil verməməklə ona maddi və mənəvi ziyan vurmuşdur. Cavabdehin təqsiri ucbatından 2016-cı ildən iddiaçının mülkiyyətində olan mənzildən istifadə edə bilməmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh maddi zərərin (əldən çıxmış fayda) əvəzi olaraq 40199 manat, mənəvi ziyanın əvəzi olaraq 10000 manat və ödənilmiş 242 manat dövlət rüsumu, ümumilikdə 50441 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin rədd edilməsini xahiş etmiş, eyni zamanda məhkəməyə etiraz ərizəsi təqdim edərək, qeyd etmişdir ki, onunla İddiaçı arasında Bakı şəhəri 50 saylı Notariat Kontorunda xx.xx.2016-cı il tarixində bağlanmış AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı Müqaviləsi”nin 11-ci maddəsinə əsasən, cavabdeh mübahisəli mənzili xx.xx.2016-cı il tarixinədək faktiki iddiaçının sahibliyinə verməyi öhdəmə götürmüşdür. Həmin müqavilənin 13-cü maddəsinə əsasən, Cavabdeh mübahisəli mənzildən xx.xx.2017-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh mübahisəli mənzildən 2008-ci ildə (mənzil satılarkən həmin mənzildə qeydiyyatda olmamışdır) qeydiyyatdan çıxmış, mənzilə aid sənədləri alıcı İddiaçı vermişdir. xx.xx.2016cı il tarixindən bu günədək mübahisəli mənzildə Səbinə Ələkbərova və Şamama Ələkbərova yaşamış və istifadə etmişlər. 8 ilə yaxın müddətdə mənzilin bütün kommunal xərcləri onlar tərəfindən ödənilmişdir, bu müddətdə mənzildə böyük təmir işləri aparmışlar. Səbinə Ələkbərova və Şamama Ələkbərova mübahisəli mənzildə pasport qeydiyyatında olmaqla yaşamış və yaşayırlar. Səbinə Ələkbərova 1995-ci ildən Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsindəki 28 saylı evin 7-ci mənzilinə qeydiyyata alınmışdır. Şamama Ələkbərova isə həmin mənzildə doğulmuşdur. Alqı-satqı müqaviləsi bağlanarkən onların istifadə hüquqlarına xitam verilməsi barədə notarial qaydada təsdiqlənmiş ərizə verməmişlər. Binəqədi Rayon Məhkəməsinin 2(001)-118/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsində qeyd edildiyi kimi cavabdeh satıcı olaraq mübahisəli mənzildən 2008-ci ildə (mənzil satılarkən həmin mənzildə qeydiyyatda olmamışdır) qeydiyyatdan çıxmış, mənzilə aid sənədləri alıcı İddiaçı vermiş, mənzil alıcının faktiki sahibliyinə keçmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil izahat verərək bildirmişdir ki, 2016-cı il tarixdə mübahisəli mənzil iddiaçı tərəfindən 40.000 manata alınmış və Cavabdeh pulu məxaric orderinə-qəbzə əsasən qəbul etmişdir. Bir müddət iddiaçı cavabdehlərin (Ələkbərova Şamama və Ələkbərova Səbinə) mənzildə yaşamalarına icazə vermişdir. İddiaçı həmin mənzili alarkən Səbinə Ələkbərova və Şamama Ələkbərovanın həmin mənzildə qeydiyyatda olmaqla yaşadıqlarını bilirdi, alqı-satqı müqaviləsi bağlanarkən İddiaçı müqavilədə onların mənzildən qeydiyyatdan çıxmalarını tələb etməmişdir və bununla cavabdehlərin mənzildən istifadə hüquqlarını tanımışdır. Müqavilədə onların mübahisəli mənzildən qeydiyyatdan çıxmaları barədə hər hansı qeyd yoxdur. İddiaçı X2 və X6 qarşı “mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsində alqı-satqıdan sonra müqavilənin 11-ci bəndinə uyğun olaraq mənzili faktiki sahibliyinə və istifadəyə qəbul etdiyini təsdiqləmişdir. Həmin iş üzrə Binəqədi Rayon Məhkəməsinin 2(001)-4163/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mübahisəyə ehtiyac olmadığını bildirmiş, cavabdeh X3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsini geri qaytarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5657/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində (35-ci bənd) qeyd edilir ki, İddiaçı nümayəndəsi və vəkili X18 göstərmişdir ki, mübahisəli mənzildə Sənanın bacısı yaşayır, mənzil ucuz qiymətə satıldığı üçün və onlara pul lazım olduğundan, tanış kimi ona müraciət olunmuş, o, mənzili almışdır. Mənzili alandan sonra iddiaçı bir müddət mənzildə yaşamaqlarını xahiş etmiş, o bu təklifə etiraz etməmişdir. Hətta uşağın xeyir işi ilə bağlı yüngül kosmetik təmir edəcəklərini bildirdikdə, o, yenə də etiraz etməmişdir. Qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür”. Bakı şəhəri 50 saylı Notariat Kontorunda xx.xx.2016-cı il tarixində bağlanmış Müqaviləsinin 11-ci maddəsinə əsasən, alıçı xx.xx.2016-cı il tarixindən əmlak hüququnun pozulduğunu bilmiş və 8 il müddət keçməsinə baxmayaraq iddia qaldırmamaqla iddia müddətini ötürmüşdür. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbi üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddiaçı X2 və X6 qarşı “mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair Apellyasiya Məhkəməsinin 2(103)-5869/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsində qeyd edildiyi kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01,2001-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 50 saylı notariat kontorunun xüsusi notariusu X19 tərəfindən 4Ə-794 reyestr nömrəsi ilə təsdiq edilmiş satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanmış 03 noyabr 2016-cı il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 71.47 kv.m olan mənzil alıcıya 40000 manat müqabilində satmışdır. Həmin müqavilənin 6-cı maddəsinə əsasən müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 28 ünvanında yerləşən 71.47 kv.m olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 11 noyabr 2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan “X11 MMC təəfindən İddiaçı verilmiş 13 avqust 2024-cü il tarixli 127 nömrəli qiymətləndirmə rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 28 ünvanında yerləşən 7 saylı mənzilin, 2024-cü il avqust ayından 2017-ci ilin yanvar ayınadək illər üzrə 1 aylıq kirayə haqqı 2017-ci ilin yanvar ayından 2018-ci ilin yanvar ayınadək 299 manat, 2018-ci ilin yanvar ayından 2019-cu ilin yanvar ayınadək 332,29 manat, 2019-cu ilin yanvar ayından 2020-ci ilin yanvar ayınadək 369,21 manat, 2020-ci ilin yanvar ayından 2021-ci ilin yanvar ayınadək 410,23 manat, 2021-ci ilin yanvar ayından 2022-ci ilin yanvar ayınadək 455,81 manat, 2022-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək 506,46 manat, 2023-cü ilin yanvar ayından 2024-cü ilin yanvar ayınadək 562,73 manat, 2024-cü ilin yanvar ayından 2024-cü ilin avqust ayınadək 625,25 manat müəyyən edilmişdir. İş materiallarında olan Mediland Hospital tərəfindən İddiaçı verilmiş 09 noyabr 2023-cü il tarixli Kranial MRT-dən görünür ki, Posterior sereballar konveksitede 25mm ölçüdə araxnoid kista izlənilir, sağ beyin yarımkürəsi subkortikal ağ maddədə bir ədəd qeyri-spesifik T2-Flair sekansında hiperintens ocaq qeyd edilir. Sinuzit. Nazal septumda sağa doğru deviasiya izlənilir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4163/2020 saylı 03 sentyabr 2020-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh X2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılmış, həmin qərardaddan müəyyən edilmişdir ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək hal-hazırda mübahisəyə ehtiyac olmadığını bildirmiş, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2116/2023 saylı, 05 iyul 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5657/2023 saylı 29 noyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2116/2023 saylı, 05 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1346/2024 saylı, 25 aprel 2024-cü il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5657/2023 saylı 29 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 118/2024 saylı, 23 iyul 2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X2 və X6 qarşı “mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh İddiaçı qarşı “mənzilin dəyərinə görə 155000 manatın ödənilməsi” tələbinə baxılmış, İddiaçı cavabdehlər X2 və X6 qarşı “mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X1 və X4 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi və onların həmin mənzildən çıxarılmaları, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh İddiaçı qarşı “mənzilin dəyərinə görə 155000 manatın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil izahat verərək bildirmişdir ki, 2016-cı il tarixdə mübahisəli mənzil iddiaçı tərəfindən 40.000 manata alınmış və Cavabdeh pulu məxaric orderinə-qəbzə əsasən qəbul etmişdir. Bir müddət iddiaçı cavabdehlərin mənzildə yaşamasına icazə vermişdir. Sonradan 2018-2019-cu illərdə iddiaçı mənzildən çıxarma ilə bağlı iddia qaldırıb, lakin həmin vaxt cavabdehlər başqa yaşayış yerləri olmadığına görə müəyyən vaxta qədər mübahisəli mənzildə yaşamaları üçün xahiş etmişlər, bu səbəbdən də həmin iş baxılmamış saxlanılmışdır. Hazırki iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bundan başqa üçüncü şəxsin iddia tələbini qəbul etmədiyini bildirərək qeyd etmişdir ki, onun tərəfindən iddia müddəti ötürülmüşdür. Odur ki, iddia müddəti tətbiq edilməklə üçüncü şəxsin iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5869/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-118/2024 saylı, 23 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən Cavabdeh verilmiş 14 dekabr 2024-cü il tarixli ******* №-li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, Cavabdeh, X9, X7, X12, X16 və X20 Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 2, 16 saylı mənzildə qeydiyyatdadır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. “İnsan Hüquqları üzrə Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddə isə müəyyən edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır." Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 71.47 kv.m olan mənzili Cavabdeh 03 noyabr 2016-cı il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 40000 manat məbləğinə almış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən həmin mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 11 noyabr 2016-cı il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh İddiaçı qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2116/2023 saylı 05 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələrində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdehlər X2 və X6 qarşı “mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbi ilə, Cavabdeh isə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində İddiaçı qarşı “mənzilin dəyərinə görə 155000 manatın ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-118/2024 saylı, 23 iyul 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X2 və X6 qarşı “mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X1 və X4 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi və onların həmin mənzildən çıxarılmaları, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh İddiaçı qarşı “mənzilin dəyərinə görə 155000 manatın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5869/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-118/2024 saylı, 23 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 28 saylı evin, 7 saylı mənzili iddiaçıya təhvil verməməklə ona maddi və mənəvi ziyan vurduğunu, cavabdehin təqsiri ucbatından 2016-cı ildən iddiaçının mülkiyyətində olan mənzildən istifadə edə bilmədiyini iddia etmişdir. Halbuki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus mənzildə yaşamır və o, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 2, 16 saylı mənzildə qeydiyyatdadır. İddiaçının mənzilində yaşayan şəxslər X5 və X8 olmuş, onlar həmin mənzildə iddiaçının razılığı ilə yaşamağa davam etmişdirlər. Belə ki, İddiaçı mənzilində yaşayan X5 və X6 qarşı mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ilə əvvəllər də məhkəməyə müraciət etmiş, lakin sonradan ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəyə ehtiyac olmadığını bildirmiş, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4163/2020 saylı 03 sentyabr 2020-ci il tarixli qərardadı ilə həmin iddia tələbinə dair iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılmışdır. Eyni zamanda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-118/2024 saylı, 23 iyul 2024-cü il tarixli qətnaməsindən müəyyən edilmişdir ki, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil izahat verərək bildirmişdir ki, 2016-cı il tarixdə mübahisəli mənzil iddiaçı tərəfindən 40.000 manata alınmış və Cavabdeh pulu məxaric orderinə-qəbzə əsasən qəbul etmişdir. Bir müddət iddiaçı cavabdehlərin mənzildə yaşamasına icazə vermişdir. Sonradan 2018-2019-cu illərdə iddiaçı mənzildən çıxarma ilə bağlı iddia qaldırıb, lakin həmin vaxt cavabdehlər başqa yaşayış yerləri olmadığına görə müəyyən vaxta qədər mübahisəli mənzildə yaşamaları üçün xahiş etmişlər, bu səbəbdən də həmin iş baxılmamış saxlanılmışdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 242 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar