Məhkəmə qərarları › İş №e-2(011)-4125/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4125/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4125/2025 25.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 10504.28 manat məbləğində kredit borcu, 855.50 manat məbləğində faiz borcu və 176.2 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 11535.98 manat məbləğində borcun və ödənilmiş 124.61 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 029A********** saylı Ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.6667% olmaqla, 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17750 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixindən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdehin götürdüyü kredit borcundan ödədiyi ödəniş 7245.72 manat təşkil edir, onun iddiaçıya 10504.28 manat borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən, kreditin ərizədə razılaşdırılmış kart hesabına və cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin tarixdən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci bəndində göstərilir ki, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Cavabdeh xx.xx.2025-ci il tarixinə 113 gün üçün hesablanmış faiz borcu 855.50 manat təşkil edir. Müqavilənin 7.20ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında Banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1%-i məbləğində cərimə ödəməlidir. Beləliklə, Cavabdeh xx.xx.2025-ci il tarixinə 113 gün üçün hesablanmış cərimə borcu 176.2 manat təşkil edir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında iddia tələbini qəbul etdiyini, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan 11535 AZN məbləğində borcunun olmasını demişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli Ərizədən görünür ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Həzi Aslanov” filialı ilə bu Ərizəni imzalamaqla, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”,Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və onları qəbul etmişdir. Cavabdeh verilən istehlak kreditinin məbləği 17750 AZN, kreditin müddəti 48 ay, kreditin faiz dərəcəsi 20% təşkil edir və kreditin məqsədi və təyinatı şəxsi istehlakdır. İş materiallarında olan 029A********** saylı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəniş planından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində verilən kreditin məbləği 17750 AZN (543 manat * 48 ay) təşkil edir, kreditin aylıq faiz dərəcəsi 1.6667%-dir. Kreditin bitmə tarixi xx.xx.2026-cı ildir. İş materiallarında olan Hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh cari hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixində 17750 AZN məbləğində pul köçürülmüşdür. İş materiallarında olan Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi, əks təqdirdə bu məqsədlə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, OUT-2025/03/14-107 saylı Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 029A********** saylı, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 10504.28 manat məbləğində kredit borcu, 855.50 manat məbləğində faiz borcu və 176.2 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 11535.98 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən iddia ərizəsinin verilməsinə görə 124.61 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 029A********** saylı, xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.6667% olmaqla, 48 ay müddətinə 17750 manat məbləğində kredit götürmüşdür, Kreditin verilmə tarixi xx.xx.2022-ci il, bitmə tarixi xx.xx.2026-cı ildir. 029A********** saylı, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bununla belə, cavabdeh tərəfindən müqavilə ödəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosesssual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü bəndinə əsasən, iddia ərizəsinin məhkəməyə verilməsi zamanı iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3%-i həddində dövlət rüsumu ödənilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 029A********** saylı kredit razılaşması üzrə Cavabdeh 10504.28 manat məbləğində kredit borcu, 855.50 manat məbləğində faiz borcu və 176.2 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 11535.98 manat məbləğində borc vəsaiti alınaraq İddiaçı QSC -yə ödənilməlidir. Məhkəmə xərclərinin ödənilməsinə münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 124.61 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 029A********** saylı kredit razılaşması üzrə Cavabdeh 10504.28 manat məbləğində kredit borcu, 855.50 manat məbləğində faiz borcu və 176.2 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 11535 (on bir min beş yüz otuz beş) manat 98 (doxsan səkkiz) qəpik məbləğində borc pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 124 (yüz iyirmi dörd) manat 61 (altmış bir) qəpik məbləğində pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar