Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4143/2023 15.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zuar Taleh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4961.81 manat məbləğində əsas borcun, 1040.26 manat məbləğində faiz borcunun, 400.32 manat məbləğində cərimə borcunun, cəmi 6402.39 manat borcun və 85 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 120 ay müddətinə, illik 25% olmaqla 5000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o, bankın 15 illik qızıl müştərisi olub, bankdan aldığı bütün kreditləri vaxtında qaytarıb, lakin axırıncı dəfə müqavilə bağladıqdan sonra pandemiya səbəbindən iş yeri ixtisar olunduğundan kredit məbləğini ödəyə bilməmiş, bununla bağlı banka məlumat vermiş, yenidən işə başladıqdan sonra isə ödənişləri həyata keçirmişdir. Kredit xətti müqaviləsi bağlayaraq əldə etdiyi kredit kartını istifadə etmədən geri qaytarmaq istəsə də, bankdan şifahi şəkildə ona “qızıl” müştəri olduğu deyilərək hər hansı problem olmayacağını bildirilmişdir. İşdən çıxarıldığı üçün kredit məbləğini ödəyə bilməmişdir. Lakin bank onun işsiz olmasını, 15 illik qızıl müştəri olmasını, əvvəlki müqavilələr üzrə bütün ödənişləri vaxtında həyata keçirdiyini nəzərə almamış, ona heç bir güzəşt tətbiq edilməmişdir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Bununla birlikdə o, elektron ərizə ilə məhkəyə müraciət edərək işlərin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli AL/25843/67/18 saylı kredit sazişindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən kredit xətti müqaviləsinə əsasən illik 25% olmaqla 10 il müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmiş, kredit müqaviləsinə əsasən müştəriyə cari hesab və ssuda hesabı açılmışdır. Bu Müqaviləni (Sazişi) imzalamaqla Tərəflər təsdiq edir ki, kredit ödənişinin avtomatik qaydada həyata keçirilməsi üçün Müştərinin müraciəti əsasında Müştəriyə məxsus ödəniş kartının Bank tərəfindən təqdim edilən avtomatik ödəniş sisteminə qoşulması həyata keçirilə bilər. Bu formada təqdim edilən Xidmət Müştərini heç bir halda “Kredit müqaviləsi” üzrə ödənişlərin vaxtlı-vaxtında icra edilməsi və həmin ödənişlərin həyata keçirilməsinə nəzarət etməsi öhdəliyindən azad etmir. Müqavilənin qüvvədə olduğu müddət ərzində, istənilən vaxt hər hansı bir səbəbdən avtomatik ödəniş sistemi ilə ödəniş həyata keçirilməzsə və ya ödəniş qismən həyata keçirilərsə, bu zaman Müştəri tərəfindən “Kredit müqaviləsi”nin şərtlərinə müvafiq olaraq kredit üzrə ödənişlər adi qaydada həyata keçirilməlidir. İş materiallarında olan ərizədən görünür ki, Cavabdeh İddiaçı ASC-yə ünvanladığı ərizədən görünür ki, ona 60 (altmş ) ay müddətinə İddiaçı ASC-nin Bolkart növlü plastik kartı vasitəsi ilə 5000 manat (beş min manat ) məbləğində kredit ayrılması və kart üzrə hesablaşmaları aparmaq üçün AZN valyutasında açılmış xüsusi kart hesabını onun adına rəsmiləşdirilməsi və təqdim ediləcək plastik kartın əvvəlcədən bank tərəfindən aktivləşdirilərək ona təqdim edilməsi xahiş edilmiş, bu səhifədə göstərilən məlumatların düzgünlüyünü öz imzası ilə təsdiq etdiyi qeyd edilmişdir. İş materialalrında olan Balansdan kənar məxaric orderindən görünür ki, Cavabdeh imza etməklə kredit kartını almışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC–yə 4961,81 manat əsas, 1040,32 manat faiz və 400,32 manat cərimə borcu vardır. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli Bildiriş ünvanlanaraq, cavabdehdən ödəniş gününə olan borcunu 3 gün ərzində ödəməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 85 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5634 saylı ekspert rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli AL/25843/67/18 saylı kredit xətti (kartı) müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı ASC—yə olan borcu ümumilikdə 6002,07 manat məbləğində müəyyən edilir: əsas borc üzrə 4961,81 manat, faiz borcu üzrə 1040,26 manat. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında 10 il müddətinə, illik faiz dərəcəsi 25 faiz olmaqla, 5000 manat məbləğində kredit verilməsini nəzərdə tutan kredit sazişi bağlanmışdır, cavabdeh müqavilədə nəzərdə tutulan məbləği iddiaçıdan qəbul edərək götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və hazırda banka ödənilməmiş əsas, faiz və cərimə borcu qalmışdır. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, cavabdehdən tutulmalı olan əsas və faiz borcun məbləğini müəyyən edərkən xx.xx.2023-cü il tarixli 9/5634 saylı ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, əsas və faiz borc məbləği, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq 4961,81 manat və 1040,26 manat həddində müəyyən edilməlidir. Məhkəmə, yuxarıda adı çəkilən xx.xx.2019-cu il tarixli AL/25843/67/18 saylı kredit xətti müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 50 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2019-cu il tarixli AL/25843/67/18 saylı kredit müqaviləsi üzrə 4961,81 manat məbləğində əsas borc, 1040,26 manat məbləğində faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 6052,07 manat məbləğində borc alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, məhkəmə xərcləri cavabdehə aid edilməli və təmin edilmiş iddianın qiyməti nəzərə alınmaqla dövlət rüsumuna görə ödənilmiş 80,53 manat ondan alınaraq iddiaçıya, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli AL/25843/67/18 saylı kredit xətti müqaviləsi üzrə 4961,81 manat məbləğində əsas borc, 1040,26 manat məbləğində faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 6052 (altı min əlli iki) manat 07 (yeddi) qəpik məbləğində pul vəsaiti və dövlət rüsumu qismində ödənilmiş 80 (səksən) manat 53 (əlli üç) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 100 (yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4143/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4143/2023
15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver