Məhkəmə qərarları › İş №e-2(011)-4147/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4147/2022

25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4147/2022 25.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 211.55 ABŞ dolları əsas, 135.24 ABŞ dolları faiz, 560.29 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 32.19 ABŞ dolları faiz borcu olmaqla, cəmi 939.27 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 35.97 manat dövlət rüsumunun tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nəsimi filialı ilə Cavabdeh1 arasında bağlanmış 07 oktyabr 2015-ci il tarixli 90006940 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 19 faizlə 2.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında ZM90006940 nömrəli 07 oktyabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 iyun 2017-ci il tarixli Əlavə sazişə əsasən kredit restrukturizasiya edilmişdir. Kreditin müddəti 02 iyun 2019-cu il tarixədək uzadılmışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Bank tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianın qismən təmin edilməsini xahiş etdi. O, izahatında borcunun olmasını, bank bağlandığına görə ödəniş edə bilmədiyini bildirdi və cərimə borcunun azaldılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ASC-nin Nəsimi filialı ilə Cavabdeh1 arasında bağlanmış 07 oktyabr 2015-ci il tarixli 90006940 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 19 faizlə 2.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında ZM90006940 nömrəli 07 oktyabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 iyun 2017-ci il tarixli Əlavə sazişə əsasən kredit restrukturizasiya edilmişdir. Kreditin müddəti 02 iyun 2019-cu il tarixədək uzadılmışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Yaranmış borcla əlaqədar bank tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin-borcun digər Cavabdeh2, yəni zamindən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsi üzrə Əlavə sazişə əsasən həmin müqavilə üzrə kreditin müddəti 02 iyun 2019-cu il tarixədək uzadılmış, öhdəliyin icra müddəti 02 iyun 2020-ci il tarixdə bitmişdir. İddiaçı isə zaminə qarşı pul tələbi barədə ərizə ilə məhkəməyə 31 may 2022-ci il tarixdə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən müqavilə üzrə borcun zamin- Cavabdeh2 tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Məhkəmə cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləğini müəyyən edərkən hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddianın cərimənin ödənilməsi barədə hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, yuxarıda adı çəkilən müqavilə üzrə hesablanmış 560.29 ABŞ dolları məbləğində cərimənin tənasübsüz surətdə yüksək hesab edərək dəbbə pulunun 40 ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 32.19 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 211.55 ABŞ dolları məbləğində əsas borc, 135.24 ABŞ dolları məbləğində faiz borcu, 40 ABŞ dolları məbləğində cərimə borcu, 32.19 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, cəmi 418.98 ABŞ dolları məbləğində pul ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 35.97 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehdən 35.97 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 211.55 (iki yüz on bir dollar əlli beş sent) ABŞ dolları məbləğində əsas borc, 135.24 (bir yüz otuz beş dollar iyirmi dörd sent) ABŞ dolları məbləğində faiz borcu, 40 (qırx) ABŞ dolları məbləğində cərimə borcu, 32.19 (otuz iki dollar on doqquz sent) ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, cəmi 418.98 (dörd yüz on səkkiz dollar doxsan səkkiz sent) ABŞ dolları məbləğində pul ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və ödənilmiş 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat dövlət rüsumu alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar