Məhkəmə qərarları › İş №e-2(011)-4156/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4156/2023

22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4156/2023 22.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə bağlanması öhdəliyinin cavabdehlərinin üzərinə qoyulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ünvan 1 ünvanında yerləşən, 719.0 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 584.86 manat olmaqla, iddiaçı ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı bildirdi ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsindön cavabdehlər düyü və s kimi digər məhsulların saxlanılması üçün anbar kimi istifadə edirlər. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı mübahisəyə Xətai Rayon Məhkəməsində baxıla bilməz. AR İN yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsinin elektron bazasından əldə olunmuş məlumatla müəyyən edilir ki, cavabdehlər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi uçotuna alınmışlar. Cavabdeh1 ********** saylı VÖEN-ə malikdir, fəaliyyət istiqaməti isə “yulafın becərilməsi” ilə bağlıdır (statusu aktivdir). Cavabdeh2 da ********** saylı VÖEN-ə malikdir, fəaliyyət istiqaməti isə “arpanın becərilməsi” ilə bağlıdır (statusu aktivdir). Bundan başqa, Cavabdeh1 vəkili və nümayəndəsi də məhkəmə baxışı zamanı bildirmişdir ki, cavabdehlər mübahisə predmeti olan qeyri-yaşayış sahəsindən becərilmiş taxıl bitkilərinin saxlanılması üçün anbar kimi istifadə edilər. İddiaçı isə həmin qeyri-yaşayış sahəsi ilə bağlı aralarında icarə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, məhkəmə aidiyyət məsələsini həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və xarakteri dəqiq müəyyənləşdirilməlidir. Ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və mübahisənin xarakteri, eləcə də, bu meyarların hər üçünün qarşılıqlı bağlılığı rəhbər tutulmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 nömrəli Qərarında qeyd edilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (13-cü bənd). Həmçinin, həmin Qərarda kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələrində baxılması qeyd edilmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mülki işə baxılması ümumi yurisdiksiyalı məhkəmənin aidiyyətində olmadığından, iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 26, 31, 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə bağlanması öhdəliyinin cavabdehlərinin üzərinə qoyulması” tələbi barədə iddiasına dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar