Məhkəmə qərarları › İş №e-2(011)-4168/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4168/2022

30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4168/2022 30.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı xx.xx.2019-cu il tarixli müqavilə üzrə 152,5 manat əsas borc, 15 manat cərimə borcu olmaqla, cəmi 167,5 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2019-cu il tarixdə “Elari KidPhone” markalı saatın nisyə alqı-satqısı barədə 01177169 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın dəyəri 258 manat olmaqla, ödəniş müddəti 12 ay, aylıq ödəniş 21,50 manat müəyyən edilmişdir. Alınan əşya cavabdehə xx.xx.2019-cu il tarixdə təhvil verilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, cavabdeh “Elari KidPhone” markalı saat almışdır. Hazırda cavabdehin 152,50 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 258 manat (12 ay + 21,50 manat + 0 manat ilkin ödəniş) olan “Elari KidPhone” markalı saat üçün 152,50 manat ödənilməmiş əsas borcu və 15 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 105,50 manat təşkil edir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır. Belə ki, Mülki Məcəllənin 576-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin yuxarıda qeyd edilən mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilələrin hissə-hissə ödənilməsi müddəti və məbləği müqavilələrə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Lakin cavabdeh aldığı malın qiymətini ödəniş cədvəlinə uyğun olaraq tam ödəməməklə öhdəliyini pozmuşdur. İddiaçının verdiyi maliyyə və ödəniş cədvəlində də cavabdeh tərəfindən müqavilə üzrə cəmi 105,50 manat pulun ödənilməsi, müqavilə üzrə cavabdehin əsas borcunun 152,50 manat, cərimə borcunun 15 manat təşkil etdiyi qeyd edildir. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşya qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçı cavabdehdən cərimə məbləğinə görə 15 manat pulun tələb edilməsində də haqlıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinin 2-ci bəndinə görə ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində cavabdeh (Müştəri) mübahisəsiz olaraq peniya ödəməyə borcludur. İş materiallarına əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən aydın olur ki, iddiaçı 01177169 saylı müqavilə üzrə gecikdirilimiş müddət üçün cavabdehdən güzəştlə 15 manat tələb etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb edilən cərimə qanunauyğun olmaqla, həm də ağlabatandır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləyə görə 152,50 manat əsas borc, 15 manat cərimə borcu olmaqla, 167,50 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar