Məhkəmə qərarları › İş №e-2(011)-4170/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4170/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4170/2022 21.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “ABC-Telecom“ MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “ABC-Telecom“ MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********11185 Samsung Galaxy A32 markalı telefon üçün 650 (altı yüz əlli) manat ödənilməmiş hissə 65 (altmış beş) manat cərimə və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********30753 Samsung Galaxy A10 markalı telefon üçün 192 (bir yüz doxsan iki) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, ümumilikdə 926 manat (doqquz yüz iyirmi alı) manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “ABC-Telecom“ MMC ilə xx.xx.2021-ci il tarixli və xx.xx.2020-cı il tarixli müqavilələrə əsasən, Samsung Galaxy A32 və Samsung Galaxy A10 markalı telefonlar almış və nəticədə 926 manat (doqquz yüz iyirmi altı) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 675.6 (altı yüz yetmiş beş manat, altmış qəpik) manat (yəni 12 ay x 56.3 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********11185 Samsung Galaxy A32 üçün ümumilikdə 715 (yeddi yüz on beş) manat olmaqla, ondan 650 (altı yüz əlli) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 65 (altmış beş) manat cərimə pulu və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 438 (dörd yüz otuz səkkiz) manat (yəni 18 ay x 21 manat + 60 manat ilkin ödəniş) İMEİ kodu **********30753 Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 211 (iki yüz on bir) manat olmaqla, ondan 192 (yüz doxsan iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19 (on doqquz) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 271.6 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23027984 saylı müqaviləyə əsasən "xxxx" MMC İMEİ kodu **********11185 Samsung Galaxy A32 markalı telefon satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 12 ay müddətində hər ay 56.3 manat məbləğində olmaqla, 0 manat ilkin ödəniş etməklə, cəmi 675.6 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrə əsasən məhsullar qüsursuz olaraq cavabdehə təhvil verilmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21149669 saylı müqaviləyə əsasən "xxxx" MMC İMEİ kodu **********30753 Samsung Galaxy A10 markalı telefon satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 18 ay müddətində hər ay 21 manat məbləğində olmaqla, 60 manat ilkin ödəniş etməklə, cəmi 438 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrə əsasən məhsullar qüsursuz olaraq cavabdehə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 23027984 saylı, müqavilə bağladıqdan sonrakı müddət ərzində 25.6 manat məbləğində ödəniş etmiş, lakin qalan 650 manat məbləğində borcu ödəməmişdir, cavabdehə ödəniş etmədiyi üçün müəyyən olunan 65 manat məbləğində cərimə ilə birlikdə, ümumilikdə 715 manat, xx.xx.2020-ci il tarixli, 21149669 saylı müqavilə bağladıqdan sonrakı müddət ərzində 246 manat məbləğində ödəniş etmiş, lakin qalan 192 manat məbləğində borcu ödəməmişdir, cavabdehə ödəniş etmədiyi üçün müəyyən olunan 19 manat məbləğində cərimə ilə birlikdə, ümumilikdə 211 manat məbləğində borc müəyyən olunmuşdur. İş materiallarında olan iddiaçı “ABC-Telecom“ MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehdən əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməyi tələb etmiş, əks təqdirdə iddiaçı tərəfindən aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəmək vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında həmin malların dəyərini razılaşdırılmış şərtlərlə və müddətə iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan nisyə mallar almasına dair hüququndan istifadə etmiş, malların dəyərini razılaşdırılmış şərtlərlə və müddətə ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimələrin məbləği əsas borc məbləğlərinə mütənasib olmadığından, tələb edilən cərimələr məbləği azaldılaraq xx.xx.2021-ci il tarixli, 23027984 saylı müqavilə üzrə 45.5 manat məbləğində və xx.xx.2020-ci il tarixli, 21149669 saylı müqavilə üzrə 13.44 manat məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "ABC Telekom” MMC ilə Cavabdeh arasında arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 23027984 saylı müqavilə üzrə əsas borca görə 650 (altı yüz əlli) manat, cərimə borcuna görə 45.5 (qırx beş manat, əlli qəpik) manat, xx.xx.2020-ci il tarixli, 21149669 saylı müqavilə üzrə əsas borca görə 192 (yüz doxsan iki) manat, cərimə borcuna görə 13.44 (on üç manat, qırx dörd qəpik) manat, ümumilikdə 900.94 (doqquz yüz manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz manat) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “ABC-Telecom“ MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar