Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4183/2024 28.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. “Mazda 3” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobil (Bundan sonra - Avtomobil) iddiaçya məxsusdur. Avtomobil "xxxx" ASC tərəfindən mülki məsuliyyətini icbari sığortasə növü üzrə sığortalanmışdır.
2. xx.xx.2024-cü il tarixdə cavabdeh Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsində iddiaçıya məxsus Avtomobilə ziyan vurmuş və Bakı şəhər Xətai rayon DYPŞnin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında protokoluna əsasən o, İXM-nin 327.1-ci və 327.6-cı maddəsində nəzərdə tutulmuş inibati xətanı törətməkdə (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə və Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) təqsirli bilinərək, xx.xx.2024-cü il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarla 100 manat məbləğində cərimə edilmişdir.
3. Dəymiş zərər 6832,40 manat məbləğində müəyyən edilmiş və həmin zərərin 4036,77 hissəsi cavabdehin mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
4. İddiaçı 2795,63 manat məbləğində maddi ziyanın, 1000 manat vəkil xərcinin, həmçinin 57,96 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişlər ki, xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus Avtomobil yol nəqliyyat hadisəsi nəticəsində zədələnmişdir. İXP ******* saylı İnzibati Xəta haqqında protokola əsasən, sözügedən yol nəqliyyat hadisəsi “KİA K5” minik markalı, 77HR755 qeydiyyat nişanlı avtomobilin sürücüsü cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermiş və sonuncu İXM 327.1-ci və 327.6-cı maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Törədilmiş inzibati xəta nəticəsində cavabdeh 2 avtomobili zədələmişdir. "xxxx" MMC (X1) tərəfindən verilmiş MZ-73625 saylı akta əsasən, iddiaçıya məxsus avtomobilə dair təmir işlərinin aparılması və yararsız hala gətirilmiş ehtiyyat və materialların dəyişdirilməsi üçün (1699,20 AZN (təmir işlərinin görülməsi üçün 5133,20 manat (ehtiyyat hissələri və materiallar) 6832,40 manat tələb edilir. Baş vermiş sözügedən sığorta hadisəsi nəticəsində “İcbari sığortalar haqqında” Qanunun 56.1.2.-ci maddəsinə əsasən, "xxxx" ASC tərəfindən iddiaçıya 4036,77 qəpik ödənilmişdir. Qalan məbləğ, yəni 2795,63 manat cavabdehdən tələb edilsə də, sonuncu iddiaçının müraciətlərinə məhəl qoymamışdır.
b) Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər.
8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən heç bir məlumat vermədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın
10. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
12. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
17. Mülki Məcəllənin yuxarıda qeyd edilən 1096 və 1097-ci maddələrinin mənasından aydın olur ki, şəxsə zərər vurulması, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır.
18. İddiaçının Avtomobilinə zərər vurulması iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Belə ki, Bakı şəhər Xətai rayon DYPŞ-nin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoluna əsasən Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsində cavabdeh tərəfindən yol-nəqliyyat hadisəsi törədilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş akta əsasən iddiaçıya məxsus avtomobilə 6832,40 manat məbləğində zərər dəymişdir. Həmçinin, iş üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın xx.xx.2024cü il tarixli ekspert rəyində də iddiaçının Avtomobilinə məblğində zərər dəyməsi müəyyən edilmişdir.
19. Avtomobilinə ziyan dəyməsində cavabdehin təqsirli olması və onun həmin əməlin hüquq zidd olması da iş materiallarında olan sutlarlarla təsdiq olunur. Yenə də, Bakı şəhər Xətai rayon DYPŞ-nin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoluna əsasən xx.xx.2024-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsində iddiaçıya məxsus Avtomobilə vurduğu ziyana görə cavabdeh AR İXM-nin 327.1-ci və 327.6-cı maddələrilə təqsirli bilinmiş və bu hüquqa zidd əməlinə görə 100 manat məbləğində cərimə edilmişdir.
20. Həmçinin, şərh edilənlər əsasında məhkəmə belə qənatə gəlir ki, cavabdehin hüquqa zidd (təqsirli) hərəkətləri ilə baş vermiş nəticə arasında da səbəbli əlaqə mövcuddur.
21. Lakin, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddia həcminə görə qismən əsaslıdır.
22. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/7409 saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən, dəyişilməli hissələrin qiymətinin 3570 manat təşkil etməsi, illik 3% aşınma nəzərə alınmaqla isə 2 il (2022-2024) istismarda olmuş dəyişməli hissələrin qalıq dəyərinin təxminən 3359 manat təşkil etməsi qeyd edilmişdir.
23. Ekspert rəyində dəyişilməli hissələrin qiymətinə illik 3% aşınma tətbiq edilən zaman dəyişilməli hissələrin qalıq dəyərinin 3359 manat olması barədə hesablama aparılsa da, məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, dəyişilməli hissələrin qiymətinə illik 3% aşınma tətbiq edilən zaman dəyişilməli hissələrin qalıq dəyərinin 3359 deyil, 3462,90 (3570 – 3% (107,10) = 3462,90) manat təşkil edir. Həmçinin, ekspert rəyində təmir-bərpa işlərinin qiymətinin 1010 manat olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobildə təmir işlərinin aparılması və yararsız hala düşmüş ehtiyyat hissələrinin dəyişdirilməsi üçün, cəmi 4472,90 (3462,90 + 1010 = 4472,90) manat pul lazımdır.
24. Eyni zamanda, işin mübahisəsiz halıdır ki, "xxxx" ASC tərəfindən iddiaçıya 4036,77 manat məbləğində sığorta ödənişi edilmişdir. Beləliklə, məhkəmə icbari sığorta növü üzrə sığortaçı tərəfindən ödənilən sığota ödənişini də nəzərə alaraq hesab edir ki, Avtomobilin qaıq təmir-bərpa xərci olaraq 436,13 (4472,90 – 4036,77 = 436,13) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, tərəflər ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.
26. İddiaçı tərəf Avtomobilin "xxxx" MMC-də qiymətləndirilməsini əsas gətirərək əlavə xərclər çəkdiyini iddia etsə də, məhkəmə qeyd edir ki, iş materiallarında Avtomobilə dəymiş zərərlə bağlı "xxxx" MMC təəfindən aparılmış zərər aktından başqa, sığortaçı "xxxx" ASC tərəfindən də qiymətləndirmə aparılmış və ödənilmiş sığorta ödənişi də həmin hesabata əsasən edilmiş, iddiaçı həmin hesabatı qəbul edərək sığorta ödənişini də almışdır.
27. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı 1000 manat məbləğində vəkil xərcinin ödənilməsini tələb etsə də, məhkəmə hüquqi xidməti xərci olaraq 200 manat məbləğində pul vəsaitinin tutulmasını daha ədalətlidir.
28. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması üçün dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, iddiaçının ödədiyi dövlət rüsumu və ekspertiza xərci iddianın təmin olunması (iddia 16% hissədə təmin olunmuşdur) nisbətində tərəflər arasında bölüşdürülməlidir.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 436,13 manat məbləğində pul, ödənilmiş 9,27 manat məbləğində dövlət rüsumu və 200 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 50 manat ekspertiza xərcinin 8 manat hissəsi Cavabdeh, 42 manat hissəsi isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından alınaraq dövlət büdcəsinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 48,69 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı