Məhkəmə qərarları › İş №e-2(011)-419/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-419/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-419/2025 02.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixli MK/010-2019 saylı Nisyə satış müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh 2942 manat dəyəri olan “Mondial 125” markalı “Motosikl”i nisyə satmağı, cavabdeh isə satılmış əşyaya görə 490 manat ilkin ödəniş edərək “Motosikl”i qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş müddətə və qaydada faizsiz hissə-hissə ödəmək şərtilə 2452 manat məbləğində pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh Abdullayev X1 müqaviləsinə Əlavə №1-də (ödəniş cədvəli üzrə) mütəmadı olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, Nisyə satış müqavilə obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərinin 2.4.4-cü bəndini pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, nisyə satış müqavilə obyektini geri qaytarmaqdan imtina etmişdir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh xx.xx.2024-cü il tarixə iddiaçıya 1778 manat əsas borcu, 500 manat penya borcu, cəmi 2278 manat borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Əlavə olaraq Cavabdeh xx.xx.2019cu il tarixli MK/010-2019 saylı Nisyə satış müqaviləsi üzrə son ödənişini xx.xx.2019-ci il tarixdə 223 manat, ümumilikdə 674 manat ödəniş etmişdir. İddiaçı MMC 2017-ci il tarixdən nisyə satış üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikasında yarandıqdan bu günə qədər özünə məxsus işguzar nüfüz və təsərrüfat imici əldə etmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, Cavabdeh xx.xx.2019-ci il tarixdən başlayaraq İddiaçı MMCyə maddi ziyan vuraraq, onun yarandığı vaxtdan bu günə qədər şəffaf sahibkarlıq fəaliyyəti nəticəsində qazanmış olduğu təsərrüfat imicinə, işgüzar nüfuzuna xələl gətirən, və nəticə etibarı ilə iddiaçını birbaşa və dolayı şəkildə maddi və mənəvi ziyan çəkməyə məruz qoymuşdur. Azərbaycan Respublikasının Mülki Qanunvericiliyinə əsasən faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 2021-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 7% müəyyən etnişdir. 2022-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 8% müəyyən etnişdir. 2023-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 9% müəyyən etnişdir. 2024-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 7% müəyyən etnişdir. Belə olan halda iddiaçı tərəfindən aparılan ilkin hesablamalara görə Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində: 2021-ci il üçün 124 manat (1778*7%=124 manat), 2022-ci il üçün 142 manat(1778*8%=142 manat), 2023-ci il üçün 160 manat(1778*9%=160 manat), 2024-ci il üçün 124 manat(1778*7%=124 manat), cəmi 550 manat təşkil edir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1778 manat əsas borcu, 500 manat penya borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-2023- 2024-ci illər üçün 550 manat, cəmi 2828 (manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 49 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 07 fevral 2019-cu il tarixli, MK/010-2019 nömrəli Nisyə satış müqaviləsi və həmin müqaviləyə əlavədən görünür ki, cavabdehə 33 ay müddətinə, aylıq 74 manat olmaqıa dəyəri 2942 manat olan “Mondial 125” markalı “Motosikl verilmiş, Cavabdeh 490 manat ilkin ödəniş etmişdir. İş materiallarında olan 25 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı 07 fevral 2019-cu il tarixli, MK/010-2019 nömrəli Nisyə satış müqaviləsinə əsasən ümumilikdə 2278 manat olmaqla, ondan 1778 manat əsas borc, 500 manat dəbbə pulu borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı 15 aprel 2021-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil,həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını,bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, mövcüd mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən 07 fevral 2019-cu il tarixli, MK/010-2019 nömrəli müqaviləyə əsasən 1778 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borcluların əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsi, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsini nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan müqavilə üzrə hesablanmış əsas borc məbləğinin 10% dək azaldılaraq cavabdehdən 07 fevral 2019-cu il tarixli müqavilə üzrə 178 manat məbləğində cərimə tutulmalıdır. Bununla yanaşı iddia tələbi “Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2024-ci illər üçün 550 manatın cavabdehdən tutulması” hissəsində əsaslandırılmadığından təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən 07 fevral 2019-cu il tarixli müqavilə üzrə 1778 manat əsas borc və 178 manat dəbbə pulu olmaqla, cəmi 1956 manat pul vəsaiti tutularaq, iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 07 fevral 2019-cu il tarixli müqavilə üzrə 1778 manat əsas borc və 178 manat dəbbə pulu olmaqla, cəmi 1956 manat pul vəsaiti tutularaq, İddiaçı MMC-yə ödənilsin. İddia qismən təmin edildiyindən, İddiaçı MMC tərəfindən ödənilmiş 49 manat dövlət rüsumunun 50%-i, yəni 24,5 manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 50 %-i, yəni 24,5 manat iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar