Məhkəmə qərarları › İş №e-2(011)-4201/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4201/2022

30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4201/2022 30.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 736,30 manat əsas, 73,70 manat cərimə pulunun, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 97,60 manat əsas, 9,40 manat cərimə olmaqla, cəmi 917 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2020-ci il tarixdə “Samsung” markalı paltaryuyan maşının, Magic Power maşının ilk işə salınması üçün vasitə, “Dr.Beckmann” markalı paltaryuyan maşın təmizləyicisi, 2 ədəd “Dr.Beckmann” rəng qoruyucu salfet, “Dr.Beckmann” Oxy magic, “Hoffmann” markalı aspirator, “Dr.Beckmann” çudo pasta, “Hoffmann” markalı plitə, “Dr.Beckmann” paslanmayan metal təmizləyicisi üçün nisyə alqısatqısı barədə 20004702 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyaların ümumi dəyəri 1912,80 manat, ödəniş müddəti 24 ay, aylıq ödəniş 79,70 manat müəyyən edilmişdir. Əşyalar cavabdehə xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Eyni zamanda, tərəflər arasında yenidən xx.xx.2020-ci il tarixdə “X1 9” markalı telefonun nisyə alqı-satqısı barədə 20363321 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 672 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 56 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Müqavilələr üzrə cavabeh tərəfindən ödənişlər qismən aparılmışdır. İddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə cavabdeh tərəfindən birinci müqavilə üzrə 1176,50 manat pul ödənilmiş, qalıq borcu 736,30 manat, dəbbə pulu 73,70 manat, ikinci müqavilə üzrə 574,40 manat pul ödənilmiş, qalıq borcu 97,60 manat və dəbbə pulu 9,40 manat təşkil edir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən cavabdehin iddiaçıdan aldığı dəyəri 1912,80 manat (24 ay x 79,70 manat) olan “Dr.Beckmann” markalı paltaryuyan maşın təmizləyicisi, 2 ədəd “Dr.Beckmann” rəng qoruyucu salfet, “Dr.Beckmann” Oxy magic, “Hoffmann” markalı aspirator, “Dr.Beckmann” çudo pasta, “Hoffmann” markalı plitə, “Dr.Beckmann” paslanmayan metal təmizləyicisi görə 736,30 manat əsas, 73,70 manat dəbbə pulu borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli ikinci müqaviləyə əsasən dəyəri 574,40 manat (12 ay x 56 manat) olan “X1 9” markalı mobil telefon üçün isə 97,6 manat əsas, 9,4 manat cərimə borcu yaranmışdır. Cavabdeh tərəfindən hər iki müqavilə üzrə 1750,9 manat ödəniş edilmişdir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 576-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin yuxarıda qeyd edilən mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında 2 nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Lakin cavabdeh aldığı malların qiymətini ödəniş cədvəlinə uyğun olaraq tam ödəməməklə öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə qeyd edir ki, qeyd edilən müddəada göstərildiyi kimi, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin hansı həcmində və hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə cərimənin qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq birinci müqavilə üzrə 15 manat, məbləğində, ikinci müqavilə üzrə 9,40 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ona görə ki, cavabdeh müqavilədən irəli gələn vəzifələrini icra etmədiyinə görə iddiaçı dövlət rüsumunu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci tarixli müqaviləyə əsasən 736,30 manat əsas, 15 manat dəbbə pulu, xx.xx.2020-ci il il tarixli müqaviləyə əsasən 97,60 manat əsas, 9,40 manat dəbbə pulu olmaqla, cəmi 858,3 manat borc və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar